VHP sədri, Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 8 mart qadınlar bayramı münasibəti ilə xanımları təbrik edib.
Müstəqil.Az təbriki olduğu kimi yayınlayır:
“İllər öncə sovet dövrü ənənələri sırasında 8 Mart Qadınlar bayramının da ləğv olunması məsələsi müzakirə olunurdu.
Mən məsələyə fərqli yanaşırdım. Düşünürdüm ki, 8 Martı ləğv etməkdənsə, imkan ola, ilin bütün günlərini qadınlarımız üçün bayrama çavirək…
Azərbaycan qadını çox əzab çəkib, zülümlər görüb. O, qəhrəmandır, cəfakeşdir, millətin ocaqqoruyanıdır, əsgər və şəhid anasıdır; oğluna arxa, ərinə çiyindaş, sevdiyinə qanad, evlərimizə bərəkət, dünyamıza işıqdır. Ailələrimiz qadınlarımızın sevgisi, zəhməti, fədakarlığı, səbr və etibarı ilə güclüdür. Azərbaycan ədəbiyyatı bütövlükdə qadına, anaya, sevgiliyə həsr olunmuş bir məhəbbət dastanıdır. Ən böyük əsərlərin qəhrəmanıdır qadın. Bir yandan da tariximiz, taleyimiz qadınlarımıza çox acılar daddırıb, onun sinəsinə çalın çarpaz dağlar çəkdirib. Müharbələr, köçlər, repressiyalar, sürgünlər, əsirliklər…Azərbaycan qadınına, Azərbaycan anasına dilə gətirilməsi çətin olan faciələr yaşadıb. Biz onun ağrısını necə ovundura, üzünü necə güldürə, onu qoruya bilmədiyimiz günlərin hesabını necə verə bilərik? Ömrümüzün baharı, bayramı, övladlarımızın anası olan Qadına ilin bütün günləri bayram olmalıdır! Sevgi, qayğıkeşlik, əmin-amanlıq, könül xoşluğu, bolluq, xoş niyyət olan yerdə ilin bütün günləri bayrama çevrilər! Əziz qadınlar, sizin hər birinizə can sağlığı, ailə səadəti, övlad sevinci, xoşbəxtlik arzulayıram… Bayramınız mübarək!”
Sabir Rüstəmxanlı
8.03.2022