Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam etdirilib.
Elnur Eldarov ifadəsində bildirib ki, baş verənlərlə heç bir əlaqəsi yoxdur: “Mənim Tariyel Qurbanovdan pul alınması məsələsindən xəbərim yoxdur. Onu tanımıram da. Ümmanın mənə 200 manat borcu var idi. Onu istədim, o da dedi ki, verəcəm. Sonra bir gün zəng elədi ki, kart göndər pulu yükləyim. Ümman mənə 1500 manat pul göndərdi ümumilikdə. Dedi ordan borcunu götür, qalanını çıxardıb mənə ver. Mən də belə etdim”.
Dövlət ittihamçısı Elnur Eldarovdan Tariyel Qurbanovu şantaj edərək alınmış 8000 manat pulla bağlı soruşub. Təqsirləndirilən şəxs həmin puldan 2000 manat götürdüyünü deyib: “Mən usta kimi işləmişəm. O 2 min manat zəhmət haqqım idi. Xəbərim yox idi ki, Tariyel müəllimdən alınıb o pul. Mən öz zəhmət haqqımı almışam sadəcə. Ümmangilin Tariyel Qurbanovla danışıqlarına şahid olmamışam. Mən isə onu ümumiyyətlə hədələməmişəm. Peşmanam”.
Daha sonra təqsirləndirilən şəxslərdən Ələkbər Nuriyev ifadə verib. O, ittihamla razı olmadığını bildirib: “Mən Ümmanı tanıyıram. Tariyel Qurbanovun kim olduğunu tutulandan sonra bilmişəm. Mən rayonda yaşayırdım. Ümman Bakıda. Amma əlaqəmiz var idi. Pula ehtiyacım olduğu üçün ondan 5 min manat borc istədim. O da dedi ki, indi yoxdur, amma bir müddət sonra verəcək. Bir gün evdə idim Ümman dedi ki, sənə 1800 manat pul göndərdim. Mən o pulu Tariyel Qurbanovdan şantaj yolu ilə aldığını bilməmişəm. Hətta Ümmana demişdim ki, məni Bakıda işə düzəlt. Demişdi, iş yoxdur. Onun hamamda işlədiyini bilmirdim. Mənə demişdi ki, biznes qurmuşam”.
Cinayət işi üzrə 7 nəfər təqsirləndirilən şəxs var. Onlardan 6 nəfəri kişi, 1-i qadındır. Sahilə Məmmədova dünənə qədər bu iş üzrə həbsdə olmayan yeganə təqsirləndirilən olub. Belə ki, onun himayəsində azyaşlı olduğu üçün o ev dustaqlığına buraxılmışdı. Lakin son iki prosesə gəlmədiyinə, ötən gün keçirilən prosesə isə gecikdiyinə görə, hakim onun bu hərəkətlərini məhkəmədən yayınmaq kimi qəbul edib.
Məhkəmə zalındaca həbs edilən S.Məmmədova daha sonra konvoyun müşayiəti ilə ifadə verib. İttihama görə, o, Tariyel Qurbanovdan hamamda çəkilmiş foto və videoları yaymaq hədəsi ilə 4 min manat istəyib. Sahilə bildirib ki, onu bu işə bacısının sevgilisi Natiq Nuriyev sövq edib. Natiq də hazırda bu işlə bağlı həbsdə olanlar sırasındadır. Belə ki, Sahilə bacısıgillə bir evdə yaşayırmış: “Bir gün Natiq mənə dedi ki, Tariyel adlı imkanlı şəxs var. Natiqin dostları Ümman və İlqar ona hədə-qorxu gəlib pul alıblar. Həmin şəxsin Ümman və İlqarda hamamda çəkilmiş şəkil və videoları var. Dedi ki, gəl həmin şəxsə zəng edib şəkil və videoların bizim əlimizə keçdiyini deyək, 3-5 min manat alaq. Maddi sıxıntılarım olduğu üçün mən də razılaşdım. Bacımın telefonundan Tariyel müəllimin vatsapına səs atdım. Bildirdim ki, mən Ümmanın sevgilisiyəm, sizin şəkil və videolarınızın olduğu telefon məndədir, mənə pul versəniz, həmin şəkil və video olan telefonu tualetə atacağam. Lakin Tariyel müəllim həmin səsə qulaq asdıqdan sonra nömrəni “qara siyahıya” atdı”.
İfadə verdikdən sonra S.Məmmədova zaldan birbaşa təcridxanaya aparılıb.
Məhkəmə dekabrın 9-da davam etdiriləcək.
Xatırladaq ki, Bakıda hamamlardan birində kisəçi-ofisiant işləyən Ümman Əliyev tanınmış prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş görüntülərlə şantaj etməkdə təqsirli bilinir. İttihama görə, o, bu işi tanışları – Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədova ilə birlikdə görüb. Qeyd edilib ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi imiş. Bir müddət sonra Ümmanla əlaqələri möhkəmlənib və insan ona maddi yardım etməyə başlayıb. Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı olan T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Onun həmin dövrdə tədbirlərin birində sol əli hərbi salam verməsi müzakirələrə səbəb olmuşdu.
Amin Nəzərli