Müstəqil.Az Kulis.az -n tanınmış yazıçı Seymur Baycanla ədəbi polemikalarla gündəmə gələn yazar Nazlı Çələbi ilə müsahibəsini təqdim edir.
– Nazlı xanım, gəlin, əvvəlcə tanış olaq. Özünüzü necə tanıdardınız?
– Həkim-yazar Nazlı Dilbər Çələbi.
– Həkimsiniz. Deyirlər, həkimlərdən yaxşı yazıçı çıxır. Sizcə, niyə?
– Həkimlik öyrənilir, yazıçılıq isə istedaddır, fitrətdən gəlir. Bu, o deməkdir ki, fitri istedadı olan bəzi insanlar hər hansı səbəbdən həkimlik peşəsinə yiyələnir. Məsələn, mən, incəsənət üçün doğulmuşam. Lakin həkimliyi valideynlərimin israrı ilə oxumuşam
– Yeddi kitab yazmısınız. Hansı ehtiyacdan doğub bu kitablar?
– Ehtiyac deməzdim. Mən hələ uşaqlıqdan yazılar yazıram. Təmsil və satirik şerlərim var idi. “Dərs oxu!” basqısı, istedadı hər an əzməkdə, susdurmaqda israrlı idi. Gənclik illərimdə də gizlincə yazırdım, lakin “məni anlamazlar, qəbul etməzlər” deyə uşaqlıq travmam imkan vermirdi yazdıqlarımı üzə çıxarım. Uzun sürən qərarsızlıqdan sonra – 2018-ci ildə ilk kitabımı nəşr etdim.
– Bildiyimiz qədər, telefonla yazmısınız bu kitabları. Bu, necə mümkün olub?
– Doğrudur, beş romanı telefonda yazdım. Çünki kompüterim yox idi. Cəmiyyətdə baş verən hadisələr məni o qədər narahat edirdi ki, onları mütləq qələmə almağa qərar verdim.
– Telefonda hansı proqramda işləyirsiz?
– (Gülür) İnanmayacaqsınız, Vatsapda yazıb başqa bir nömrəmə atırdım. Amma indi kompüterdə yazmağı öyrənmişəm.
– Bu, ağır bir proses olmalı… Çətin deyilsə, bir az ətraflı danışın?
– Başqaları üçün ağır ola bilər, mənim üçün normal prosesdir. Axı mənim xüsusi enerjim var. Yazmağa başlayanda vaxtın necə keçdiyini hiss etmirəm.
– Hətta bir kitabı bir gecədə yazdığınızı deyirsiniz… Doğrudan belədir?
– Bəli, ” Qanlı düşərgə” adlı əsəri 11 saata yazmışam. Həm də səhhətimdə yaranmış ciddi problemə baxmayaraq. Vəziyyətim o qədər ağır idi ki, elə bilirdim, son saatlarımı yaşayıram. Sanki sonuncu dəfə yazırammış kimi yazdım kitabı. Göz yaşları içində…
– Yazıçı Seymur Baycan sizin haqqınızda yazıb. Onunla tanışsınız?
– Seymur Baycan barədə eşitmişdim, lakin şəxsi tanışlığımız yoxdur.
– O, 20 ildir mütəmadi məqalə, hekayə və romanlar yazır. Tanımamağınız və oxumamağınız yazı-pozu mühitindən kənarda olmağınızı göstərir. Həkimlərin dünyası bu qədərmi kənardadır?
– Mən bütün həkimlərin adından danışa bilmərəm. Hər kəsin öz maraq dairəsi və peşə fəaliyyəti var. Yazı-pozu mühitindən həqiqətən uzaqdayam. Bu, qəbahətdirmi? Seymur Baycan da həkimlər arasında məni tanımaya bilər, bu da onun doğal haqqıdır. Dediyim kimi, yalnız elmi ədəbiyyat oxuyuram.
– Sizcə, Seymur sizi duya bilib?
– Bəzi məqamlarda duya bilib. Müsahibədə mənə yazığı gəldiyini də bildirib. Bax, bu, əsas məqam idi. Həyatımda ilk dəfədir ki, məni tanımayan bir şəxsin təkləndiyimi hiss etməsi məni heyrətləndirdi. İnsanlar adətən məni çox güclü hesab etdiklərindən, təkləməyə və mənə qarşı birləşməyə can atırlar. Heç bir yerdən kömək gözləmədiyim halda Seymur Baycanın meydanda qəfil görünməsi həm məni, həm də rəqibləri təəccübləndirdi. O qədər gözlənilməz oldu ki, onun dediyi sözlərə belə ironiya donu geydirib, namərdcəsinə məni vurmağa davam etdilər.
– Sizi bu qədər sevməyən kimlərdir və səbəb nədir bu münasibətə?
– Sevməməyə səbəb qısqanclıqdır. Bu hisslər tək mənə qarşı deyil, bacarığı, istedadı olan hər kəsə qarşıdır. Bayaq da vurğuladınız ki, yazı-pozu mühitindən uzağam. Belə bir adamın “öz mühiti” sayılmayan meydana qəfil atılması, təbii ki, həmin mühit tərəfindən alqışlar və ya rəğbətlə qarşilanmayacaq. Problem məndə deyil, insanların düşüncəsindədir.
– Deyir, Nazlı xanımı izlədim internetdə, çox tənha olduğunu gördüm…
– Yanılmayıb. Mən doğulandan tənhayam. Buna səbəb dünyaya baxış fərqidir. “Sevginin sehri” kitabımda sevgi məfhumunu Sevgi adlı qadına çevirmişəm və həmin qadın obrazı mənəm. O kitabı oxuyan adam tənhalığımın səbəbini anlayar.
– Şəxsi həyatda necə, təksiniz?
– Şəxsi həyatımda da təkəm, amma bu öz seçimimdir.
– Bəlkə bir az açasınız, nədir buna səbəb? Təbiətiniz belədir, yoxsa insanlardan özünüz qaçırsınız?
– Xeyir, insanlardan qaçmıram, əksinə həmişə adam arasında olmuşam. Tənhalıq deyəndə, cismani təkliyi nəzərdə tutmuram. Tənhalıq ruhi haldır. Dünyada bütün istedadlı adamlar ruhən tənha olub, çünki hər birinin göstərə bilmədiyi bir dünyası var.
– Sevgi də olmayıb həyatınızda?
– Əlbəttə olub (gülür). Sevginin nə olduğunu bilməsəydim ilk kitabımın adı Sevginin sehri olmazdı ki?!
– Bəzən sosial şəbəkələrdə aqressiv çıxışlarınız olur. Çox zaman əks cinsin nümayəndələri haqqında istehza və bir az da hirslə danışırsınız. Səbəbini bilmək olar?
– Bu sualı mənə tez-tez verirlər. Hər dəfə də eyni cavabı verirəm. Mənim kişilərlə heç bir ədavətim yoxdur, əksinə, böyuk hörmət və məhəbbətim var. Mənim davam nakişilərlədir. Hansı ki, məni tanımadan böhtan atar, adıma qara yaxar, əxlaqsız təkliflər edərlər. Kişi öz ailəsinə rəva bilmədiyini başqa kişinin qızına da rəva bilməz. Rəva bilərsə, o zaman mənim kəsərli sözlərimə tuş gələr.
– Sosial şəbəkələrdə kiminsə sizinlə münasibət qurmağa cəhd etməsini bir az da təbii qarşılamaq lazım deyil, sizcə? Çox tərbiyəsizlik edən üçün bloklamaq imkanı da var.
– Belə deyə-deyə əxlaqsızlığa meydan açırıq. Birini, beşini dinməzcə blokladın, iş bitdi demək? Mənim səhifəmdən çıxıb başqa qadına sataşacaqlar. Hərə yorğanı öz üzərinə çəkdi ki, cəmiyyətdə əxlaqi aşınma getdi də. Bəs ictimai qınaq nə üçündür?
– Feministsiniz?
– Xeyr, deyiləm. Mən hər zaman haqq olanın yanındayam.
– Qadınla kişi bərabərdir, sizcə?
– Kişi ilə qadın tamamilə fərqli varlıqlardır və heç vaxt bərabər ola bilməzlər. Lakin bu, o demək deyil ki, qadınların siyasi-ictimai fəaliyyəti ola bilməz. Bizim ölkədə feminizm deyildikdə, bir qrup qadının cinsi azadlıq şüarlarını düşünürlər. Feminizm bu deyil axı.
– Kitablar sizə təskinlik verə bilirmi?
– Yox.
– Bəs niyə davamlı yazmaq ehtiyacı duyursunuz?
– Bu ehtiyac məndə uşaqlıqdan var. Əgər istedad verilibsə, deməli, potensialı həyata keçirmək lazımdır.
– Mütaliəniz nə yerdədir? Kimləri oxuyursunuz? İstər Azərbaycandan, istər xarici ədəbiyyatdan…
– Bu da məni vurmaq üçün verilən suallardan biridir (gülür). Elçin Əlibəylinin verilişində biri bu sualı verdi, mən də bədii ədəbiyyatı orta məktəbdə oxuduğumu dedim. Deməyə də bilərdim. Sualın hansı məqsədlə verildiyi gün kimi aydındır (gülür). Başqaları kimi özümü müdafiə edərək, bir neçə yazıçı adı çəkə bilərdim. Lakin mənim şüarım: Ən yaxşı biclik, düzlükdür! Otuz ildir yalnız elmi ədəbiyyat oxuyuram. Vaxt olduqca ara-sıra Çingiz Abdullayevin kitablarından da oxuyuram.
– Bu sual hamıya verilir, sizcə, cavabınız ədalətsiz deyil ki?
– Hamıya hansı məqsədlə verilir? Ağızdan söz alıb, sonradan ona qarşı “hücum” hazırlamaq üçün? Mənim hansı müəllifləri oxuduğumdan kimə nə? Yaxud mənim seçimimdən kimə nə? Sualı verən şəxs özünün daha erudisiyalı, daha savadlı, daha ağıllı, daha məntiqli olduğunu sübuta yetirmək üçünmü verir? Əsas mənim ortaya qoyduğum işdir. Fitri istedadın müəllimi olmur.
– Çingiz Abdullayevdə nə tapdınız?
– Mən uşaqlıqdan detektiv romanları sevirəm. Bu sevgini məndə Konan Doyl yaradıb. Yüksək analitik ağıla malik bir yazıçıdır. Çingiz Abdullayev də detektiv romanlar yazdığı üçün təbii ki, fikrimi cəlb edəcəkdi. Burada qeyri-adi bir şey yoxdur.
– Sizə elə gəlmirmi ki, roman yazırsınızsa, ən azı yerli ədəbiyyatı yaxşı-yaxşı oxumalısınız?
– Tanıdığınız ən məşhur yazıçılar – müasir ədəbiyyatı nəzərdə tutmuram – öz dövrlərində olmayan yerli ədəbiyyatları oxuyub şedevrlər yaradıblar? Onlar yazdıqları ilə ədəbiyyat yaradıblar? Bir qədər haşiyə çıxım. Yəqin ki, qiraət etdiyimdən xəbərdarsınız? Məgər mənim müəllimim olub, yoxsa bunu məxsusi olaraq kimsə mənə təlqin edib, nümunə göstərib? Bu, mənim içimdən gəlir, bununla doğulmuşam. Kimlərinsə qiraətini dinləyib, qiraət etmək yamsılamaqdan başqa heç nə deyildir. Eynilə də kitab yazmaq üçün hökmən digər yazıçıları oxumalısan deyə qanun harada yazilıb? Məni çərçivələrə salmayın xahiş edirəm…
– Sizi parapsixologiya və mistikaya yersiz keçidlər etməkdə günahlandırdılar…
– Bu haqda iradları qismən qəbul edirəm. Çünki oxucu mənim əsl məramımdan xəbərsizdir. Əvvəlcə kitablarımı sırf parapsixologiyaya həsr etmək istədim. Lakin ölkəmizdə bu sahəyə marağın zəif olması, həm də bir yazıçı kimi tanınmadığımdan, yazılarımın qəbul edilməyəcəyindən çəkindim. Həm də oxucularımız buna hazır deyil. O üzdən əsərlərimin hamısında, qəhrəmanların dili ilə bəzi məlumatları çox sadə dildə oxucuya çatdırmaq istəmişəm ki, bu da əsərə yamaq kimi görünür. Lakin informasiyanın vacibliyi məni bu çatışmazlığa göz yummağa vadar edir. Bu haqda Seymur Baycan da yazısında qeyd edib. Hiss olunur ki, kitabı diqqətlə oxuyub və araya salınan məlumatlar əsərin “keyfiyyətini” aşağı saldığı üçün təəssüflənib.
– Bayaq xüsusi enerjim var dediniz…
– Metafizik qabiliyyətlərim lap uşaqlıqdan var. Bu haqda “Sevginin sehri” kitabımda məlumat vermişəm. Ayrıca danışmağı sevmirəm. Cəmiyyətimiz inkar etməyi daha çox bəyəndiyindən, mənim kimi adamları istehza və gülüş obyektinə çevirirlər. Necə ki, Seymur Baycan da barəmdə bir neçə istehzaya yol verib. Mən anlayıb qəbul edə bilirəmsə də, hələ yetişməmiş, kal cəmiyyət həmin sözləri mənim əleyhimə qiymətləndirib, şəxsimi alçaltmağa meyllidir. Və bunu edən ziyalı adını daşıyanlardır. Belə adamlar ziyalı yox, ziyasızlardır. Qadınla, namərdcəsinə rəqabət aparan kişilər kişi yox, nakişidirlər. Bu sözlərim də sizə aqressiv görünəcək. Mən isə sizə deyirəm ki, bu aqressiya yox, acı həqiqətdir. Acı olduğu üçün aqressiya dadı verir. Mən hər şeyi olduğu kimi deməkdən çəkinmirəm.
– Yumşaq və şirin həqiqətlər də var. Hətta hərdən yalanlara da inanmaq lazımdır. Həmişə acı həqiqət moduna köklənmək bir həkim, bir yazıcı üçün yorucu deyil?
– Bu acı həqiqət o qədər aydın, gözə girəndir ki, onu görməzdən gələn adamlar ən xoşbəxt, ya da ən bədbəxt adamlardır. Bir də ki, mən daim bu moda köklənmirəm.
– İndi nə yazırsınız və ədəbiyyat sizə nə vəd edir?
– Hazırda “Oğurluq bədən” adlı əsərim üzərində işləyirəm. Bu kitab çox fərqli olacaq və ürəyim istədiyi qədər kainat qanunlarından, gözəgörünməz varlıqlardan elmi məlumatlar verəcəm və bu məlumatlar “yersiz” görünməyəcək. Vədə qalanda, ədəbiyyat mənə yox, mən ona vəd edirəm. Kitablarımı “kasad” dildə yazmağa davam edəcəm (gülür). Çünki məndən başqa bütün yazıçılar bəzəkli-düzəkli cümlələr qoşaraq qalaq-qalaq kitablar yazıblar və bu “bəzəkli ölü”lər insanlarda, mən də içində olmaq şərtilə, kitaba olan marağı öldürüb. Qoy bəzəkli əsərlər onlara qalsın, təqdimatlarda biri-birilərini tərifləsinlər. Hər yerdə ənənə axtaranlara da söyləyirəm ki, siz ənənəvi yazın, 1 kitabı 10 ilə yazın. Axı 10 ilə yazılan kitab daha sanballı sayılır, ənənə bunu tələb edir. Mənim 1 ildə 3 “kasad” dildə yazılmış qeyri-ənənəvi əsərlərimi oxuyan adamlar da “Kitabı bir nəfəsə oxudum, başqa kitablar da varmı?”, “Neçə ildir kitab oxumurdum, elə bilirdim, bir də oxumayacağam, amma sənin kitabını bir günə oxudum, rahat oxunur, adamı yormur” desinlər.
– Çingiz Abdullayevdən başqa kimisə oxumursunuz və yerdə qalanlara bəzəkli, ölü kitablar deyirsiniz…
– Mən nümunə kimi sadəcə Çingiz Abdullayevin adını çəkdim. Bu, başqa müəllifləri oxumuram anlamına gəlməz.
– Sizə uğurlar diləyirəm. Müsahibə üçün minnətdaram.
– Mən də sizə təşəkkür edirəm.