AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin xətti ilə çap olunub. Şeirlər toplusunun redaktorı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
Vüqar Əhmədin oxuculara təqdim edilən yeni kitabının sərlövhəsi təsadüfən seçilməyib. Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı …” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılıb.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir.
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”, “Qələbə ətirli Qarabağdayam”, “Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Təbrizlə Qarabağ Azərbaycandır!”, “Torpağımız alınandan”, “Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İnanırıq ki, yenicə Turanın Xalq Şairi adına layiq görülmüş Vüqar Əhmədin bu şeirlər toplusu ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanacaq. Təbrik edirik!
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi