Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb:
“Laboratoriyaların fəaliyyəti preanalitik, analitik və postanalitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib. Belə ki, laboratoriyalar “Sysmex”, “Abbot”, “Qiagen”, “Biomerieux”, “Siemens”, “Nüve” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immun-kimyəvi, mikrobioloji, hematoloji və s. sistemləri ilə təchiz olunub.
Laboratoriyalarda keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunur. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib”.
V.Qurbanov onu da qeyd edib ki, artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər:
“Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı vasitəsi ilə əldə edə bilərlər”.
Könül Cəfərli