“Vüqar Səfərli 6 milyon manatı tək yeyə bilməzdi” – Deputat

“Vüqar Səfərli 6 milyon manatı tək yeyə bilməzdi” – Deputat

KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun ötən gün yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.

Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?


Modern.az xəbər verir ki, Milli Məclis deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında Vüqar Səfərlinin həbsinin gözlənilən olduğunu diqqətə çatdırıb:

“Bu haqda söhbət çoxdan gedirdi. Elə Vüqar işdən ayrılandan sonra mətbuatda bu söz-söhbətlər dolaşmağa başladı. Əksəriyyət yeyintinin olmasından danışırdı. Prokuroroluq da məsələ ilə əlaqədar cinayət işinin qaldırılması barədə məlumat vermişdi. Bununla yanaşı jurnalistlər üçün tikilən binalardan ev alanları da prokurorluğa çağırıb izahatlarını alırdılar.

Yəni az-çox xəbərim var idi. Kimsə həbs olunmalıydı. Oranın da rəhbəri Vüqar Səfərliydi. Amma görəsən, Vüqar Səfərli 6 milyon manatı yeyə bilər? Edə bilməz. Vüqar Səfərli bina sifariş vermirdi. O ancaq müqavilə bağlaya bilərdi. O binanı kimin tikəcəyi isə yuxarıdan gələn göstəriş idi. Bunu da hamımız bilirik. Orada təbii ki, Vüqarın da müəyyən payı olub, bu işə göz yumub.

Həmçinin bir şey də maraqlıdır ki, orada Müşahidə Şurası vardı, guya bu məsələlərə nəzarət etməliydi. Bu Şura həmin vaxt nə ilə məşğul olub? İndiyədək nə olub-olmadığını görməyib? Məsələn, bu hadisələrdən sizin, mənim xəbərim olmaya bilərdi. Çünki biz orada deyildik. Əslində, mən həmin təşkilat haqqında çox danışmaq istəmirəm. Amma nöqsanları göz qabağındadır. Bu barədə mən onlar qəzetləri kateqoriyaya böləndə yazmışdım.  Çünki qəzet kateqoriyaya bölünməz. “Ədalət” qəzeti 30 ildir çıxır, ikinci kateqoriyaya salınıb. Amma 15 il çıxan qəzetlər birinci kateqoriyaya aid edilib. Heç biri də “Ədalət” qəzetinə çatmır.Tənqid edəndə hamısını adları ilə qeyd etmişdim, buna görə küsürdülər. Yuxardan zəng edib, “Bu, nədir yazmısan”,-deyirdilər. Mən həmin vaxt pul davası etmirdim, sadəcə olaraq qəzetimin davasını edirdim. Ona  görə də mənlə bir az araları dəymişdi. Amma Vüqarla biz səfər yoldaşlığı da etmişik. Sadəcə olaraq Vüqar gərək bir o qədər şeyə getməyəydi. Sən bu idarənin rəhbərisən və görürsən ki, bunun sonu hara gedib çıxa bilər. Heç kim vəzifədə əbədi deyil. Gözü çıxan qardaşlardan öyrənmirlər də…”.

Millət vəkili  Baş Prokurorluğun bu cinayət əməlində iştirak etmiş digər şəxsləri müəyyənləşdirmək üçün apardığı işlərdən də söz açıb:

“Siz də, mən də söhbətin kimdən getdiyini bilirik. Amma ad çəkməyəcəm. Çünki vurulmuş adamların əleyhinə danışmaqdan xoşum gəlmir. Təbii ki, prokurorluq araşdıracaq. O pulu kimlərin nə qədər yediyini müəyyənləşdirəcək, yəqin ki, bilir də…

Hələ ki adları açıqlanmır, vaxtı çatanda açıqlanacaq və harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yadıma Əziz Nesinin bir hekayəsi düşdü. Deməli, bir uşaq portmanat oğurlayır. Polis də onu tutur. Portmanatdan çıxan pulların saxta olduğu müəyyənləşir. Bu dəfə də saxta pulun arxasınca düşürlər. Gedib pul kəsənləri tuturlar. Oradan da məlum olur ki, bunlar bir mafiyadır və qaçaqmalçılıqla məşğuldur. Bütün qaçaqmalçıları tuturlar. Bu yolla kim təqsirkardırsa, hamısını ələ keçirirlər. Sonda komissarın hüzuruna gətirilirlər və uşaq dodaq altından gülməyə başlayır. Komissar da gülüb, “A bala, bunlara baxanda sən elə ən təmizisən”,-deyir. İndi bu məsələnin arxasıyla gedəndə nə var, nə yox məlum olacaq”.

Müstəqil.AZ

Share: