“WhatsApp” yazışma xidməti istifadəçilər arasında əks-səda doğuran istifadəçi müqaviləsi ilə bağlı yenilənmənin tətbiqini təxirə salıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə “WhatsApp” rəhbərliyinin bəyanatında qeyd olunub.
Messenger yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 may tarixinə qədər dəyişdirib.
“Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 16 may tarixinə qədər təxirə salır. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək”, məlumatda qeyd olunub.
Qeyd edək ki, dünyanın ən çox işlədilən messenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bəyan edib.
Şirkət dezinformasiyalarla mübarizə məqsədilə ona da aydınlıq gətirib ki, bütün şəxsi danışıqlar başdan-başa şifrələnmiş şəkildə qalacaq, nə “WhatsApp”, nə də “Facebook” şəxsi yazışmaları görə biləcək. Bununla yanaşı, məkan məlumatları da gizli qalacaq və buna görə də “Facebook”da paylaşıla bilməyəcək.
Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “WhatsApp” messenceri bundan əvvəl fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bir bənd əlavə etməklə istifadəçi müqaviləsini yeniləmişdi. Razılaşmanın mətnində bildirilirdi ki, “Facebook” korporasiyasının bir hissəsi olaraq “WhatsApp” istifadəçilərin vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.BAKU.WS