Xərçənglə mübarizə aparan viruslar aşkar edilib

Xərçənglə mübarizə aparan viruslar aşkar edilib

Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının mütəxəssisləri xərçənglə mübarizə vasitəsi kimi vezikulyar stomatit, “Nyukasl” və “miksoma” xəstəliklərinə səbəb olan virusları sınaqdan keçiriblər. Bu məqsədlə viruslar xüsusi olaraq zəiflədilib.

Seçenov Universitetindən verilən məlumata görə, bu onkolitik virusların istifadəsi minimum əlavə təsirlərlə xərçəngin müalicəsinin daha effektiv üsullarını yaratmağa imkan verəcək.

Onkolitik viruslar xərçəng hüceyrələrini yoluxdurmaq və məhv etmək qabiliyyətinə malikdir. Xərçəngin müalicəsində bu cür üsullarla ilk təcrübələr 1960-cı illərdə başlayıb. Halbuki, əvvəllər virusların istifadəsi orqanizmdə güclü immun reaksiyalarına səbəb olmuşdur. Müasir texnologiyalar patogenləri dəyişdirməyə imkan verdi və onları insanlar üçün təhlükəsiz etdi.

Tədqiqatçılar vezikulyar stomatit, “Nyukasl” xəstəliyi (quş virusu) və “miksoma” (dovşan virusu) viruslarını zəiflədərək, onlar tez metastaz verən melanomanın aqressiv forması olan siçanlara tətbiq edilib. Eksperimental gəmiricilərin bir ay ərzində müşahidəsi göstərdi ki, molekulyar stomatit virusu eksperimental müalicə almayan heyvanlarla müqayisədə birincili və ikincili şişlərin inkişafını 50% ləngidir.

Digər viruslar daha az təsirli olsa da, xərçəngin inkişafının qarşısını alıb. Bundan əlavə, virus terapiyası siçanların aktivliyini və iştahasını qoruyub saxlamağa kömək edib.

“Demək olar ki, istənilən virusu xərçəng hüceyrələrinə təsir etmək üçün adaptasiya etmək mümkündür. Xərçəng müalicəsində onkolitik viruslar həm müstəqil vasitə, həm də terapevtik molekullar üçün daşıyıcı rolunu oynaya bilər. Virus xərçəng hüceyrələrində çoxalır və onları məhv edir, xüsusi zülallar isə şiş hüceyrələrinin səthindəki müəyyən reseptorları bloklayaraq, şişi orqanizmdə aşkar etməyə kömək edir və bununla da xəstənin öz immun sistemini aktivləşdirir ki, o, özü xəstəliklə mübarizə aparsın”, – deyə Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının rəhbəri Aleksandr Maloqolovkin bildirib.

Onkolitik virusların sağlam hüceyrələrdə arta bilməməsi vacib amildir, buna görə də bu cür müalicə həm şişi, həm də sağlam hüceyrələri məhv edən kimyaterapiya və radioterapiyadan daha az aşkar əlavə təsirlərə malik olacaq.

Tədqiqat “Prioritet 2030” strateji və akademik liderlik proqramı çərçivəsində Rusiya Xalqlar Dostluğu Universiteti və Virusologiya və Mikrobiologiya Federal Tədqiqat Mərkəzinin tədqiqatçıları ilə birlikdə baş tutub.

Mənbə: Gazeta.ru

Share: