Xəstə Qasımın yaradıcılığında İmadəddin Nəsimi izləri…

Xəstə Qasımın yaradıcılığında İmadəddin Nəsimi izləri…

Kulis.az Nərmin Həsənovanın “Xəstə Qasımın ədəbi irsində İmadəddin Nəsimi izləri” adlı yazısını təqdim edir.

Azərbaycan aşıq poeziyasının əsas təcnis ustadı sayılan, şeirləri aşıq poeziyasının qızıl fonduna daxil olan, XVIII əsrin böyük sənətkarı Xəstə Qasımın poetik irsi olduqca zəngindir. Çoxşaxəli yaradıcılığı ilə seçilən, Molla Qasım, Biçarə Qasım, Usta Qasım təxəllüsləri ilə şeir yazan, ilk dəfə aşıq ədəbiyyatında “döşləmə”, “qoşma-müstəzad” şeir növünün əsasını qoyan, “Təcnis” saz havasının müəllifi kimi tanınan bununla yanaşı qıfılbənd, deyişmə, bağlama, divani, dodaqdəyməz, əvvəl-axır şeir şəkillərində gözəl sənət nümunələri yaradan qeyri-adi istedad sahibi Xəstə Qasım həmçinin müxtəlif klassik şeir janrları ilə aşıq ədəbiyyatına öz möhrünü vurmuşdur.

Bənzərsiz şeir örnəkləri ilə tanınan Xəstə Qasımın ədəbi irsini tədqiq etdikcə, poeziyası ilə yaxından tanış olduqca Azərbaycan şeirini deyim tərzi, bədii lövhələrlə zənginləşdirən, ana dilli poeziyamızda fəlsəfi qəzəlin, aşıq yaradıcılığında isə “tərs-əlifba”, əliflamın banisi, XIV yüzilliyə məxsus İmadəddin Nəsimi izlərinə rast gəlirik. Bu da onu göstərir ki, Xəstə Qasımın poetik irsinin yaranmasında klassik Azərbaycan ədəbiyyatının xüsusi rolu vardır. Prof. Məhərrəm Qasımlı bu barədə yazır: “Bu böyük sənətkarın poetik dünyasının ərsəyə gəlməsində ozan-aşıq sənəti ənənəsinin çoxəsrlik tarixi təcrübəsi ilə yanaşı klassik şərq poeziyasının incəliklərinə bələdlik də mühüm rol oynamışdır”.

Akademik İsa Həbibbəyli isə Nəsimini belə qiymətləndirir:

“İmadəddin Nəsimi – dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir”. Nəsimini Azərbaycan ədəbiyyatının beşguşəli ulduzundan biri hesab edən, onu şeir bahadırı adlandıran Salman Mümtaz bu haqda belə qeyd edir:

“Araşdırmalarda Nəsiminin yüz illər boyu Azərbaycan türk klassik xalq şeiri üzərində təsiri olduğu ümumi şəkildə olsa da dönə-dönə göstərilmişdir”. Aşıq şeirinin təşəkkül və təkamül tarixilə bağlı aparılan araşdırmalardan aşıq ədəbiyyatının ilk nümayəndələrinin təsəvvüflə sıx bağlı olduğu aydın olur. Bu səbəbdən ilk olaraq həm İ.Nəsiminin, həm də Molla Qasımın “xəstə” təxəllüsündən istifadə etməsi diqqətimizi cəlb edir. Xəstə Qasımın adındakı xəstə ifadəsi həqiqi məna tutumundan kənarlaşmışdır. Bu ifadə onun ilahi eşqin xəstəsinə çevrilməsi ilə, haqq aşığı olması və dini-ürfani biliklərə dərindən yiyələnməsi ilə bağlıdır. İmadəddin Nəsiminin şeirlərində isə xəstə təxəllüsündən istifadə etməsi iki formada nəzərə çarpır. Bir sıra dünyəvi şeirlərində könülə müraciət edərək onu “xəstə” adlandırır. Digər sufi-ürfani şeirlərində isə “xəstə” deyə özünə müraciət edərək, sirli aləmin bir parçası olduğunu söyləyir. İ.Nəsiminin bir qəzəlindəki poetik forma və xüsusiyyətlərə, cinas qafiyələrə ondan IV əsr sonra yaşamış Xəstə Qasımın cığalı təcnisində rast gəlirik. Nümunələr üzərində izah verək:

“Daş alubani dilbər, könlüm şişəsin atar,

Qarşu tutaram, şişə bilməm qala ya sına.

Məhbubi-dildaramsan bir bax mana sən, yarəb,

Yarəb, dilərəm səndən bu sureyi-Yasinə.

Xəstə Nəsimi, yarın əhvalını heç sormaz,

Sormağına çün gəlməz, barı gələ yasına”.

İ.Nəsimiyə aid olan bu qəzəldə verilən cinaslar birinci misrada susmaq, ikinci misrada müqəddəs Qurani-Kərimin surəsi “Yasin”, üçüncü misrada isə yas mərasimi mənasında işlənir. İndi isə bu ifadələrə Xəstə Qasımın “Ay hayıf-hayıf” cığalı təcnisi üzərində nəzər yetirək.

“Oxudum dərsimi çıxdım yasinə,

İyid olan ixlas bağlar yasına.

Aşıq deyər: yasına,

Namərd boynu ya sına.

Nanəcibə sirr vermə,

Ya inciyə, ya sına.

Qasım ölər, dostlar gələr yasına,

Eşidənlər deyər: ay hayıf-hayıf”.

Verilən nümunədə ilk misrada Qurani-Kərimin “Yasin” surəsinin adına işarə edilir. İkinci misrada “sin” bismillah ifadəsinin yazıda ixtisarı kimi (Bax: Ərəb-fars sözləri lüğəti, II cild, Bakı, 2005), üçüncü misrada sınamaq, dördüncü misrada sınmaq, altıncı misrada qəlbinə dəymək, sonuncu misrada isə yas mərasimi anlamında işlənib. Fərqli dövrlərdə, fərqli janrlarda yazılan hər iki şeir örnəyi arasındakı bənzərlik olduqca heyrətamiz, kamil bir biçimdədir. Onlar arasındakı bu poetik oxşarlıq Xəstə Qasımın İ.Nəsimi irisinə biganə qalmadığının bariz nümunəsidir. “Ay hayıf-hayıf” cığalı təcnisində verilən bu hissəyə diqqət yetirdikdə ilk baxışda nəzirə təsiri duyulur. Lakin təcnisin digər bəndlərindəki qafiyələr başqa olduğu üçün bu şeir şəklinin İ.Nəsiminin qəzəlinə nəzirə yazıldığını söyləyə bilmərik.

Xəstə Qasım irsini tədqiq etdikcə şeirlərindəki dil-üslub xüsusiyyətləri, ibarə və tərkiblər onun Nəsimi yaradıcılığından səthi bəhrələnmədiyini, onun şeir sənətinin sirlərinə dərindən bələd olduğunu göstərir. “Mənəm” rədifi İ.Nəsimi yaradıcılığında kifayət qədər işlək sözdür. Heç şübhəsiz bu ifadə onun təsəvvüf, sufi ideyalarından irəli gəlir. Bu da onun poetik irisinin özünəməxsusluğunun bir göstəricisidir.

“Surəti rəhmanı buldum, surəti-rəhman mənəm”

“Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm”.

Bu mənzərəyə Nəsimi qədər çox olmasa da Xəstə Qasımda da rast gəlirik. Bu onu göstərir ki, X.Qasımın da yaradıcılığında təsəvvüf ideyaları, sufi görüşləri xüsusi yer tutmuşdur. Onun bir hərbə-zorbasına nəzər yetirək.

“Bağ mənəm, bostan mənəm, kövsəri-rizvan mənəm,

Yerdə insan, göydə qılman, ərşdəki aslan mənəm”.

İ.Nəsimi:

“Həm bu bəhrin gövhəri, həm gövhəri ümman mənəm!”.

Eyni fikri Xəstə Qasım başqa şəkildə verir.

“Bəhrlərdə mən ümmanam sən nəsən?”.

Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutan, milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olan İ.Nəsimi irsinin Xəstə Qasım yaradıcılığına təsiri heç də təsadüfi deyil. İ.Nəsimi dördmərhələli deyişmə gedişatının sonuncu mərhələsi hesab olunan qıfılbənd bağlamanın aşıq yaradıcılığına yeni bir janr olaraq gətirmişdir.

“Kövsəri Səlsəbilü mai-məin

Məqsədi Sidq ilə məqami-əçin

Nə deməkdir, mana bəyan eylə?

Bu nihan sirri gəl, əyan eylə”.

Ustad sənətkar Xəstə Qasım irsində isə qıfılbənd bağlamaları daha da yüksək sənətkarlıqla verilmiş, bu poetik mətnlərdə dərin eyham, məna gizlənmişdir.

“Dörd şey gördüm bey bəyanda ayrı-ayrı səsi var

Beş qətrədir, altı ulduz, bir-biriynən bəsi var.

Yeddi-səkkiz on ikidir, on yeddi də üç nədir,

Şişi caru, sədi bisti qızıldan qəfəsi var”.

Xəstə Qasımın bu qıfılbəndi Növrəs İman tərəfindən belə açılır: Dörd şey- ağıl, cəhət, mərifət və şəriətdir. “On yeddidə üç” yəni, on yeddi rükət namaz üç dəstəmazla qılınır, bir gündə on yeddi, bir ayda beş yüz on, bir ildə isə “şişi caru, sədi bist”, yəni altı min yüz iyirmi rükət namaz edir. Buradan da Xəstə Qasımın şəriət və təriqət elminə yaxından bələd olduğu aydın görünür.

Ümumiyyətlə, Xəstə Qasımın haqq aşığı olması, digər aşıqları bağlaması onun sufi-dərviş simvolikasından nə qədər məharətlə istifadə etməsinə gətirib çıxardır. Xəstə Qasımın bu qıfılbəndini nəzərdən keçirdərkən buradakı rəqəmlər diqqətimizi çəkir. Qarışıq görünən bu rəqəmlər və onlarda əsk olunan təsəvvüf simvolikası Xəstə Qasım poeziyasında Nəsimi izlərini aşkara çıxardır. Xüsusilə 7 rəqəmindən istifadə İ.Nəsimi və X.Qasım izlərini qarşı-qarşıya qoyur.

“Həp dedi kim, yer yedivü, göy yedi,

Laməkan taxtında gizlidir yedi.

Gizlü aləmdə əyan oldu yedi

Dörd yedi bir kəz nədən oldu yedi? .

“Kirpiyi qaşınla zülfündür yedi

Yer yedivü, göy yedi, sən də yedi.

Nə səbəbdən həftənin adı yedi,

Bunda hikmət vardır müshət yedi” .

Çoxlu məna çalarına malik olan 7 rəqəmi şifahi xalq yaradıcılığında müqəddəs hesab olunan rəqəmlərdəndir. Bu rəqəm bədii ədəbiyyatdakı mənası həftənin günlərinin yeddi olması, yeddi iqlimin mövcudluğu, “Əl-bəqərə” surəsinin yeddi ayədən ibarət olması və s. kimi səciyyələnir. İ.Nəsimi şeirində istifadə olunan bu rəqəmlər adi kəmiyyət göstəricisi olmayan, ideya-simvolik məna yükü daşıyan göstəricilərdir.

“Yeddi göydür, yeddi yerdir, yeddi dərya, yeddi xətt

Yeddi müshəf, yeddi ayət, yədi-beyzası nədir?”.

Dərin fəlsəfi məzmun məna yükünə sahib, sakral və kodlu olan bu rəqəmlərə Xəstə Qasım poetikasında rast gələrkən necə böyük ustalıq və incəliklə işləndiyinin şahidi oluruq.

“Yeddi seyvan, doqquz eyvan, qırx sütunun ləngəri,

Yeddi ulduz, yeddi dəniz, yeddi dərya rəhbəri.

Yeddi molla, yeddi dərviş, yeddi post, yeddi dəri,

Yeddi min qırxdan irəli, səkkiz yüz dörtdən bəri,

Pir mənimdi, ustad mənim, yol mənim, ərkan mənim”.

İmadəddin Nəsimi xalq yaradıcılığının çoxçeşidli ünsürlərini poetik dünyasında əks etdirmişdir. Onun fərqli biçimdə yaratdığı poetik sistem xalq zəkasının daşıyıcısı kimi çıxış edir. Şeirlərində atalar sözlərinə, xalq inamı sayılan alqış və qarğışa, ibrətamiz xalq ifadə və deyimlərinə, ideomatik ibarələrə yer vermiş, bununla şeirə sanki həyati ruh, yenilik qatmışdır.

“Aşiqin memarı həqdir, yapar onun batinin

Ey evi həqdən yapılmış, sənsən əhli etibar”.

Bu misralarda biz Allah bəxtini versin, Allah evini tiksin – xalq arasında tez-tez istifadə etdiyimiz alqışlara rast gəlirik.

“Firqətin dərdi məni bixabü giryan eylədi

Düşmənin ömrü tükənsin, bəxti bidar olmasın”.

Bu nümunədə də ayrılıq dərdinə dözməyən şairin düşmənə qarğadığını görürük.

Əlbəttə, bu nümunələrin sayını istənilən qədər artıra bilərik.

“Cahilə dövlət billahi layiq olmaz,

Özün ögən kişilər aqil olmaz”.

“Ey Nəsimi, aqibət verər yelə

Bivəfa ilə yeyən nanü-nəmək”.

Sözsüz ki, Xəstə Qasımda da müxtəlif bu qəbildən – atalar sözü, alqış qarğış və s. ifadələrdə var.

“Bivəfa dilbərdən sənə yar olmaz.

Ot bitir kök üstə, əsli nə isə

Yovşanı bəsləmə, çəmənzar olmaz”.

“Yaxşı igid yaman etməz adını.

Canı çıxsın özü çəksin odunu”.

“Yeri gözəl, yeri sənə qarğaram,

Ölənədək işin ahu-zar olsun”.

“Zəmanəmizə qədər yaşayıb gəlmiş bir sıra nümunələr aydın şəkildə sübut edir ki, Nəsimi dövründə xalqımızın kollektiv yaradıcılığının məhsulu olan mərasim nəğmələri də, dastan yaradıcılığının əsas növləri də, bayatı, gəraylı, qoşma formalarında yaranıb-yaşayan xalq şeiri də mövcud imiş; farsca-ərəbcə bilməyib, Xaqaniləri, Nizamiləri oxumaq iqtidarına malik olmayan xalq kütlələri məhz bunlarla yaşayırmışlar”. (Bax: Mirzə İbrahimov, Aşıq poeziyasında realizm, Bakı 1966, 84 səh).

“Ey könül, hər bivücuddan can umarsan nə əcəb!

Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!

Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,

Bivəfadan əhd ilə peyman umarsan nə əcəb!”.

Yaradıcılığında bütöv şəxsiyyət sorağını əks etdirən Nəsiminin “Nə əcəb” rədifli qəzəlində şairin müxtəlif dini-fəlsəfi estetik qaynaqlara tərəf yönəldiyini aydın görürük. Qəzəlin bütün beytlərini qeyd etməsək də təhlil edərkən şəxsiyyət azadlığını yüksək bədiiliklə qələmə aldığını, dərin məzmunlu bir fəlsəfi poeziya yaratdığının şahidi oluruq. Qəzəl sanki ustadnamə təsiri bağışlayır. Mərhəmətsizdən yaxşılıq ummağı, hamıdan yaxşılıq gözləməyi könülə, yəni insana, insanlığa yaraşdırmır. Son beytdə isə özünə müraciət edərək, vəfasızdan vəfa gözləməməyi tapşırır, vəfasızın vədinə əməl edəcəyini necə ağlına gətirə bilərsən deyə özünü məzəmmət edir. İ.Nəsimi lirikasında özünəməxsus yer tutan başqa ustadnamə təsiri bağışlayan bir qəzəlinə də nəzər salaq.

“Dünya evinin səltənəti beş gün imiş çün

Bünyadını yıx, ər kimi, zirü-zəbər eylə!”.

Xalq dilinin məna zənginliyinə dərindən bələd olan Nəsimi dünyanın işlərinə aldanmamağı, bu səltənəti darmadağın etməyi tapşırır.

Saz aşığı, söz şairi olan Xəstə Qasımın ustadnamələri yüksək bədii dəyərə, böyük tərbiyəvi əhəmiyyətə malik olması ilə seçilir. İmadəddin Nəsimi yaradıcılığında olduğu kimi burada da insan varlığı yüksək tutulur, şəxsiyyətə hörmət, mala-pula həris olmamaq, mərdlik, cəsarət motivləri Xəstə Qasımın ustadnamələrini bəzəyir. Bu baxımdan onun “İnsan” qoşması təqdirəlayiqdir.

“Yaxşı fikir elə, qafil dolanma,

Qəlbini şeytandan yad elə insan!

Halal yaşa, bir kimsədən utanma,

Yıxma könülləri, şad elə insan!”.

Başqa bir nümunə daha.

“Xəstə Qasım kimə qılsın dadını,

Canı çıxsın özü çəksin odunu.

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdır”.

Xəstə Qasımın qoşmaları ustadnamədən başqa gözəlləmə, meracnamə, mədhiyyə kimi digər çeşidli janrlardan ibarətdir. Meracnamə üzərində dayanaq. Bu janr “klassik ədəbiyyatda, xalq poeziyasında Məhəmməd peyğəmbərin merac səfəri zamanı ilə bağlı yazılmış şeirlərdir”. Meracnamələrə daha çox divan şairlərinin yaradıcılığında rast gəlinir. Aşıq ədəbiyyatı XVII əsrdən təşəkkül tapmağa başladığına görə aşıq şeir tərzində yazılan meracnamələrə Nəsimi irsinin təsiri qaçınılmazdır.

“Gedəndə peyğəmbər ərşi əlaya

Kimə nəzər saldı, kim qaldı saya

Ərşin mələkləri durdu tamaşaya

Dedilər ya nurdu, ya da məlayik” .

Bu bənddə Xəstə Qasım Həzrəti Məhəmmədin ərşə yüksəlməsini, mələklərin ona heyranlıqla tamaşa etməsini, onu nura və ya mələyə bənzətmələrini böyük ustalıqla təsvir edir. Nəsiminin meracnaməsindən biri belədir.

“Ol zaman kim ərşə çıxdın, ey rəsülüllah sən

Qabə qövseynə irişdin, dər şəbi-qəbrü bərat”.

Burada da İ.Nəsimi Məhəmməd peyğəmbərin ərşə çıxmasından, qədr gecəsində ona peyğəmbərlik verilməsindən söz açır.

Ümumiyyətlə din və təsəvvüf örnəklərində yazılan mövzulara aşıq ədəbiyyatından nisbətən klassik ədəbiyyatda daha çox rast gəlirik. Bu da çox təbii bir haldır. Və bu örnəklərdə din və təsəvvüf mövzuları daha dərin, əhatəli şəkildə əks olunur. Təkkə ədəbiyyatı xaricində müəyyən bir dövr sonra aşıq ədəbiyyatı yarandı və bununla dini mövzulu şeirlər daha çox yerini dünyəvi mövzulu şeirlərlə əvəzlədi. Klassik ədəbiyyatda dini mövzuda olan şeirlər yalnız sözlə deyilirdisə, artıq yaranan yeni aşıq ədəbiyyatında bu qəbildən olan şeirlər saz müşayiəti ilə ifa olundu. Aşıqlığın sənətkar statusunu üç mərhələyə bölən AAB-nin sədri, prof Məhərrəm Qasımlı belə qeyd edir. “Aşiqlik dini rühani vəzifə icraçılığından “musiqiçi-folklor sənətkarı” statusuna keçir.

“Aşiqliyin” “aşıqlığa”- sənətkar statusuna keçməsi XV-XVI yüzilliklər arasına düşür”.

Sufi-estetik dəyərlər Xəstə Qasım yaradıcılığının əsas sütunlarından birini təşkil edir. Həzrəti Məhəmməddən sonra Hz.Əliyə həsr etdiyi dini şeirlər də kifayət qədərdir. Bu şeirlərində Hz.Əliyə, onun əxlaqına, cəsarətinə, bütün insani keyfiyyətlərin onda cəmləşməsinə heyranlığını bildirir.

“Mərifət bəhrində, ədəb ərkanda,

Bir igid istərəm lamu nəng ola,

Atı düldül ola, qılıncı düşər

Dayanmaz qabaqda yüz pələng ola.

Xəstə Qasım əl götürməz daməndən

Sıtqın bağlayıb sahibəzzamandan

O gün çox qorxuram şahı mərdandan

Çəkə Zülfüqarı xulqu təng ola” .

İmadəddin Nəsimi də şeirlərində Hz.Əlini mədh etmiş, ona olan sevgisini xüsusi poetik nizamla, özünəməxsus ahənglə qeyd etmişdir.

“Mən qulami-xanədanam padişahımdır Əli

Ehtiyacım var ona puşdu pənahımdır Əli

Könlümü qıldı münəvvər mehri-imamımdır Əli

Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli”.

Hər iki sənətkarın əsərlərində “qul olmaq” ifadəsi ilə qarşılaşırıq. Bu ifadə öz həqiqi mənasını itirərək, poetik örtükdə çıxış edir. Məhz bu ifadənin işləkliyi də X.Qasım yaradıcılığında Nəsimi dünyagörüşünün mövcud olduğunu təsdiqləyən faktlardan biridir. Çünki sufizmə görə mənəvi eşq maddi eşqdən daha üstündür və insan kamillik mərhələsinə mənliyindən keçərək çata bilər.

“Çətindir ki, sərt hava da Tərlan üstə yürüşə

Əzəlindən qul olmuşam ol Şahı mərdana mən”.

Nəsiminin yaradıcılığına nəzər saldıqda cinaslarla zəngin olduğunun şahidi oluruq. “Cinas-şeirin qafiyələnən sözlərinin zahirən eyni olub mənaca fərqlənməsidir”(9, 75). Yəni qafiyədəki sözlər bir-birilə omonimlik yaratmalıdır. Bundan istifadə etmək üçün isə cinas yaradan sözləri xüsusi ustalıqla seçməli, söz üzərində hədsiz incəliklə, yetkinliklə işləməli, bənzərsiz poetik fiqurlar yaratmalıdır. İmadəddin Nəsiminin, həmçinin ustad aşıq Xəstə Qasımın da cinas sənətkarlığı çox yüksək səviyyədə bənzərsiz və təkrarsızdır.

“Şəm oldu könlüm, üştə fəraqında yanədir,

Hər kim bu rəsmə eşqə düşə, işi ya nədir?”

Birinci misrada Nəsimi könlünün eşqdən yanıb şama döndüyünü, ikinci misrada isə eşqə düşənin halının bu vəziyyətdən artıq olmayacağını bildirir.

“Xəstə Qasımın təcnisinə nəzər salaq.

Lal olur bülbül sovulanda gül

Lalə libas geyinmisən, Sənəm al

Ləblərindi mənə cayi-səlsəbil

La demərəm, bir canım var, Sənəm al”.

Burada işlənən “al” sözləri bir-birilə cinas yaradıb. Birinci misrada al sözü qırmızı mənasında, sonuncu misradakı al sözü isə almaq mənasında işlənmişdir.

Və yaxud:

“Gecə-gündüz ağlaram mən dərində,

Qocaltdı nalalar, ahular məni.

Yarəbim, bu dərdü-nalam eşidib,

Gəlibdir qapında ahular məni”.

Buradakı ahular cinas yaradaraq, birinci ah-uf mənasında, ikinci isə çağırmaq mənasında işlənir. Bu nümunələrə nəzər yetirərkən İ.Nəsimi izlərinin Xəstə Qasım irsində rast gəlinməsinin səbəblərindən biri kimi X.Qasımın şifahi xalq ədəbiyyatının incəliklərinə bələd olmağı ilə yanaşı, onun həmçinin klassik şərq poeziyasına, yazılı ədəbiyyat nümunələrinə dərindən hakim olmasını göstərə bilərik. Bununla bərabər cinas qafiyələrin çoxluğu, təcnisə meylin üstünlüyü, ən dolaşıq kəlmələrdən, üstü bağlı, poetik mənalarda istifadə, sözün saz ilə birlikdə ahəngdar rəqsi Xəstə Qasım ruhunu daha da canlandırır.

Share: