“Xətai” Aptekinin işçisi: “Günün birinci yarısı pul qaytarmaq bizə düşmür”

Hər şeyi necə varsa, elə də yazıram. Srağagün, yəni 6 fevral 2018-ci il tarixdə Xətai metrosunun çıxışında hündürmərtəbəli bir binanın birinci mərtəbəsində yerləşən “Xətai” adlı aptekdən cəmi 85 manatlıq (ünvanını dəqiq yazıram: Xətai metrosunun çıxışı, Y.Vəzirov küçəsi) dərman aldım. Həkim dərmanlara baxdıqdan sonra 17 manat 15 qəpik qiyməti olan “Preduktal MR” tablet dərmanının lazım olmadığını bildirdi və aptekə qaytarmağı məsləhət gördü.
Bu gün, yəni 8 fevral 2018-ci il tarixdə həmin dərmanı götürüb “Xətai” aptekinə gəldim. Pəncərəyə yaxınlaşıb bir gün əvvəl aldığım dərmanı qaytarmaq istədiyimi bildirdim. Xanım dərmanı əlinə alıb qutunun arxasına, üstünə, nömrəsinə, tarixinə, torbasına və s. Və i.a. baxıb, “hə, bizdən almısınız, ancaq pulunu indi qaytara bilmərəm,”- dedi. Səbəbini soruşanda, bildirdi ki, səhər-səhər pul vermək bizə düşmür.
Dedim, “ay xanım, bura aptekdir, necə yəni səhər pul vermək sizə düşmür”. Mənim təkid etdiyimi görəndə dedi ki, müdir o biri qızdır, ona deyin. O biri qıza yaxınlaşıb vəziyyəti izah etdim, başa saldım ki, başqa pulum yoxdur, mümkünsə, indi qaytarın, mən çıxıb gedim, nə iş yerim, nə də ki, evim bura yaxındır, ikinci dəfə bura qayıtmaq mənim üçün çətin olacaq. Xanım mənim təkidimdən lap əsəbləşdi, “ bilirsiniz, mən istədim sizə yaxşılıq edəm”,- dedi. “ Qaytarmıram, gedin dərdinizi kimə deyirsiniz deyin”.
Bu, əslində mənə yox, Azərbaycan qanunlarına münasibət idi!
Nə isə… Dərdimi danışmaq üçün əvvəlcə zəng etdim Səhiyyə Nazirliyinin 9103 Qaynar xəttinə. Telefonu götürən şəxs çox hörmət və izzətlə dedi ki, siz başqa nömrəyə zəng etməlisiniz, apteklərə həmin idarə baxır. Həmin şəxsin dediyi kimi, zəng etdim, Səhiyyə Nazirliyinin Dərman preparatları ilə bağlı şikayət və ya təkliflər adlı Qaynar Xəttinə. Oradan bir xanım mənimlə əlaqəyə girərək adımı, ünvanımı, telefon nömrəmi qeyd edib dedi ki, narahat olmayın, bir azdan inspektorumuz sizə zəng edəcək.
Çox keçməmiş 050 246 93 60 nömrəli telefondan mənə zəng gəldi və xanım qeyd etdi ki,sizin şikayətinizə mən baxıram. Dedim, adınız nədir? Mütəxəssis olduğunu bildirdi və adını deməkdən imtina etdi. Amma elə birinci cümləsindən başa düşdüm ki, bu xanım aptekin nümayəndəsidir. Ən azı onun vəkili rolunda çıxış edir. O, əvvəl dedi ki, külli-ixtiyarat aptekdədir, istəsə dərmanı qaytarar, istəməsə qaytarmaz. Soruşdum ki, ümumiyyətlə, bu məsələ qanuni şəkildə necə həllini tapır. Xanım xeyli nala, mıxa vurduqdan sonra axırda Nazirlər Kabinetinin belə bir qərarı olduğunu etiraf etməli oldu. Amma ardından daha bir neçə şərt irəli sürdü:..
Çox keçmədən bir daha əmin oldum ki, Səhiyyə Nazirliyinin Qaynar xətti məni inspektor əvəzinə, aptekin işçisi ilə calaşdırıb. Bu da Səhiyyə Nazirliyinin vətəndaşların şikayət və ərizələrinə münasibəti. Yəni səndən sənə şikayərt!
Məni başqa bir şey düşündürür: Görəsən, Prezident Seçkiləri ərəfəsində xalqı hər xırda məsələdə narazı salmaq, insanlarla dövlət arasında uçurum yaratmaq kimə və nəyə lazımdır?
… Bir məqamı da vurğulamaq istəyirəm. “Xətai” aptekində alıcılara çox halda qəbz verilmir. Dərman piştaxtaya qoyulduqdan sonra balaca bir kağız parçası yazılıb qapının yanındakı cavan oğlana ünvanlanır. Həmin oğlan da pulu aldıqdan sonra o kağızın üstünə nəsə vurub təzədən aptekçiyə qaytarır. Və beləliklə, pullar Vergi Nazirliyinin gözündən uzaq şəkildə ortada dövr edir.
İbrahim Quliyev

AYB və AJB-nun üzvü, şair

Share: