Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi ilə bağlı Qərb mətbuatında yayımlanan məlumatlara münasibət bildirib.
Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, okeandan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır. Dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşüb, 1978-1995-ci illərdə 2.5 metr qalxıb və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1.5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28.05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4m təşkil edib.
Ə.Əliyevin sözlərinə görə, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir. 200-250 il müddətində səviyyə qalxır və bu qədər müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir:
“Qeyd etmək lazımdır ki, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci ildə müşahidə olunub. Bu zaman səviyyənin orta illik qiyməti (-29.00 m) builki (2020-ci il) qiymətindən 1.0 m az olub, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enib. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekooji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib.
Ümumiyyətlə, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir”.
Müstəqil.az