Müstəqil.Az “Seanews.az”-a istinadən xəbər verir ki, bu barədə Aktau Dəniz Ticarət Limanının mətbuat xidməti məlumat yayıb.
Tədqiqat aparacaq komandanı Dünya Bankının mütəxəssisləri Aktau dəniz limanına səfəri zamanı təqdim ediblər.
Növbəti 18 ay ərzində şirkətin mütəxəssisləri Xəzər dənizi üzrə əvvəlki tədqiqatların məlumatlarını, regional iqlim modellərinin nəticələrini tədricən öyrənəcək, həmçinin relyefin və su hövzələrinin hidroloji rəqəmsal modellərini hazırlayacaq. “TELEMAC” proqram təminatı gələcək iqlim dəyişikliyi ssenarilərini modelləşdirməyə imkan verəcək.
Bildirilir ki, tədqiqat zamanı hazırlanmış məlumat və tövsiyələr Aktau limanının infrastrukturunun və avadanlıqlarının yenidən qurulması və modernləşdirilməsi üçün sonrakı layihələrdə istifadə olunacaq.
“Son onilliklər ərzində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bu daxili su hövzəsinə bitişik ölkələrin ekologiyasına, iqtisadiyyatına və sosial aspektlərinə təsir edən ciddi problemə çevrilib. Mütəxəssislər bu problemin uzunmüddətli təsirləri, o cümlədən biomüxtəlifliyin itirilməsi, suyun və havanın keyfiyyətinin pisləşməsi və iqtisadi sabitliyə təhdidlər barədə narahatlıqlarını ifadə ediblər. Dünya Bankı nümayəndələrinin səfəri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi problemlərinin öyrənilməsi istiqamətində Aktau limanının təşəbbüslərinin praktiki həyata keçirilməsidir”, – məlumatda deyilir.
“HR Wallingford” 1947-ci ildə Böyük Britaniyanın Elmi və Sənaye Tədqiqatları Departamenti tərəfindən hidravlik sistemləri öyrənmək və sahil eroziyası, daşqından müdafiə, çayların və limanların lillənməsi və eroziyası kimi problemlərin həlli üçün tədqiqat stansiyası kimi yaradılmışdır. 1982-ci ildə “HR Wallingford” Ətraf Mühit Nazirliyinin bir hissəsinə çevrilib. Şirkət bütün dünyada su ilə bağlı layihələr üzərində işləyir.
Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.
Müstəqil.Az