Xəzər dənizinin Mahaçkala və Kaspiysk şəhərləri arasındakı Kalmıkiya sahillərində Xəzər suitilərinin ölümü ilə bağlı məsələyə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov münasibət bildirib.
M.Axundovun sözlərinə görə, Xəzər suitisinin populyasiyasının böyük hissəsi payızın sonu və qışda Xəzərin şimal hissəsində baş verir:
“Bu səbəbdən suitilər Şimali Xəzərə miqrasiya edir və yetkin fərdlər yazın əvvəllərinə qədər burada qalaraq, yanvar-fevral aylarında buzun üzərində çoxalırlar. Şimali Xəzərə miqrasiya edərkən Dağıstan və Kalmıkiya sahillərindən qrup şəklində keçən suitilərin həmin sahilyanı akvatoriyalarda qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək, boğulma səbəbindən öldüyü ehtimal olunur.
Suitilərin digər səbəbdən, suyun çirklənməsinin təsirindən ölməsi versiyası isə az məntiqlidir. Çünki bu halda digər dəniz canlılarının da kütləvi ölümü qeydə alınardı. Bu versiyanın təsdiqi üçün suiti cəsədlərinin daxili orqanlarından nümunələr götürülməli və toksikoloji analizlər aparılmalıdır. Odur ki, Dağıstan sahillərində suitilərin kütləvi ölümünün əsas səbəbini qanunsuz balıq ovu və brakonyerliklə əlaqələndirmək daha məntiqli görünür”.
Xidmətin rəsmisi onu da qeyd edib ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən bir milyon təşkil edib, hazırda isə onların ümumi sayı təqribən 111 mindir:
“Suitilərin azalması, əsasən, 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edir ki, suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən, suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir”.