Xəzərdə batan 22 rus dənizçi, Şüvəlandakı gizli xristian abidəsi –  Mirmehdi Ağaoğlu ARAŞDIRMAsı

Xəzərdə batan 22 rus dənizçi, Şüvəlandakı gizli xristian abidəsi –  Mirmehdi Ağaoğlu ARAŞDIRMAsı

Bu yöndə qarşıda duran əsas məqsəd isə Xəzər dənizinin tədqiq edilməsi və xəritəsinin hazırlanması idi. Bunun üçün 1856-cı ildə ikinci dərəcəli kapitan, hidroqraf Nikolay Alekseyeviç İvaşintsovun rəhbərliyi ilə Xəzər dənizinə ilk astronomik və hidroqrafik ekspedisiya göndərilir. O, daha əvvəl Baltik dənizinin tədqiqində iştirak etmişdi deyə təcrübəliydi. Ekspedisiyanın məqsədi dənizin sahillərini tədqiq etmək və əsas xüsusiyyətlərini öyrənməkdən ibarət idi.

Bir il ərzində mavi sularda üzən “Quba” gəmisi Xəzərin min illər boyu saxladığı sirrini açmağa çalışır, dənizin sahilini tədqiq edib dərinliyi və dibi haqqında elmi cəhətdən xeyli qiymətli material toplayır. Lakin bununla kifayətlənmək olmazdı. Araşdırmaları davam etdirmək üçün 1857-ci il sentyabrın 11-də “Quba” gəmisi yenidən Həştərxan limanından dənizə açılır. Ekspedisiyanın budəfəki məqsədi Abşeron boğazını tədqiq etmək, sentyabrın 14-də də Bakı limanında lövbər salmaq idi.

Həmin gün hava səhər çağından tutqun və buludlu idi, sərt külək əsir, arabir yağış yağırdı. Ömrü qəzəbli dalğalarla mübarizədə keçmiş dənizçilər üçün o qədər də təhlükəli hava şəraiti sayılmazdı deyə başda gəminin komandiri leytenant Poskoçin olmaqla paroxoddakılar arxayın idilər: sağ-salamat mənzil başına – Bakıya çatacaqlar. Burdan-bura nə qalıb ki?! Lakin Abşeronun havası ilə hələ tam qaynayıb-qarışmamış ruslar unudurdular ki, bu dəfə gəmilərinin yelkənlərini dolduran hər hansı fağır yel yox, dəcəl Bakı küləyidir; gilavarı kimi xəzrisi də, sakit üzü kimi, hirsli, dəlisov yanı da var.

Axşam 18:00 radələrində Abşeron yarımadasına yaxınlaşan gəmi qəfildən ətrafı bürüyən sıx dumanın içinə düşür. Bu vaxt külək də istiqamətini dəyişərək yandan əsməyə başlayır. “Quba” küləkdən xilas olmaq üçün sürəti artırır ki, Abşeron boğazına sığınsın. Lakin saat 19:00-da, boğazın lap girəcəyində külək daha da azğınlaşır. Bir tərəfdən də paroxodun dibinin düz olması onun suda dayaq tapmasına imkan vermir və bu zaman ölümcül mübarizə başlayır: paroxod var qüvvəsi ilə boğaza can atır, amansız külək və güclü dalğalar isə onu sərt qayaların ucaldığı sahilə doğru itələyir. Bir saat davam edən mübarizədən sonra məlum olur ki, ilk döyüş məğlubiyyətlə yekunlaşıb. Belə ki, paroxod riflərə dəyərək zərbə alır, lakin altı düz olduğu üçün ilişib qalmır, daha da betəri, köpəkbalığının dişləri kimi sudan baş qaldırmış qayalara can atır. Zərbədən bort deşilir və aşağı bölmələrə su dolmağa başlayır. Gəminin heyəti bu amansız mübarizəsinin faciə ilə nəticələnəcəyini anlayıb dərhal top atəşi açaraq yaxınlıqdakı Şüvəlan kəndindən kömək istəyir. Gəminin komandiri leytenant Poskoçin və ekspedisiyanın rəhbəri İvaşintsov vaxt qazanmaq xətrinə, ya da birdən faydası toxunar deyə lövbəri salmaq əmri verirlər. Lakin dərhal da başa düşürlər ki, yardım gəlib onları bu qəddar Abşeron köpəkbalığının ağzından qurtarana kimi lövbər davam gətirməyəcək.

Belə də olur. Saat 21:00-da lövbər qopur və gəmi sol böyrü üstə sürət yığaraq qayalıqlara doğru istiqamətlənir. Hamı başa düşür ki, daha çıxış yolu qalmayıb, gəmi sualtı riflərə və sahildəki qayalara dəyib parçalanacaq, heyət məhv olacaq.

Tufan get-gedə daha da şiddətlənir. Sanki qəzəbli Xəzər sirrini öyrənməyə gələnlərdən qisas almaq niyyətindədir.

Bir neçə dəqiqə sonra gəmi qayalarla toqquşur. Nəticədə göyərtənin sol yanı parçalanır, nasos sıradan çıxır. Belə olan halda İvaşintsov dor ağacını kəsməyi əmr edir. Ağacın bir tərəfi qayalıqların üstünə düşüb körpü rolunu olacaq, gəmi heyəti dorun üstü ilə keçib qurtulacaqdı.

Nəzərdə tutduqları kimi də edirlər. Dor ağacı kəsilir və heyətin xeyli hissəsi əl-ələ tutub onun üzəri ilə qayalıqlara adlayır. Lakin ekspedisiya rəhbərinin bu “tapıntıs”sı uzunömürlü olmur, növbəti təkanla dor ağacının bir başı qayalıqdan sürüşüb düşür, “körpü”nün üstündəki adamlar da suya aşırlar. Belə olan təqdirdə gəmidəkilər son çarə kimi özlərini suya atıb xilas olmağa çalışırlar, nə ola, ola. Lakin ekipaj rəhbəri İvaşintsov, gəminin komandiri Poskoçin və leytenant Koşkul sona kimi gəmidə qalırlar. Bu vaxt gəmi qayalara çırpılaraq yarıya bölünür və batmağa başlayır.

Qayalıqlara çıxan matroslardan bəziləri özləri ilə götürdükləri kəndirin bir ucunu suya atıb boğulanları xilas etməyə çalışırlar. Komandir Poskoçin ona atılan kəndirdən yapışmaq əvəzinə bosmana uzadır ki, canını qurtarsın, özü isə həlak olur. Bosmanın sözlərinə görə hər bir ləyaqətli komandir kimi gəmisinin batmağını mənliyinə sığışdıra bilməyən Poskoçin son anda deyibmiş: “Özün xilas ol, əlvida”.

Ekipaj komandiri Koşkul isə kəndirdən yapışmağı bacarsa da parçalanmış qayıqlardan biri ona çırpılaraq həlak edir. Leytenant Simonov, podporuçik İvanov və daha 18 nəfər də boğularaq və ya qayalara dəyərək ölür.

Onlarla birgə ekspedisiyanın tədqiqat sənədləri də məhv olur. Poskoçinin cibindəki bir məktub da Xəzərin sularına qarışır ki, həmin məktubun müəllifi barədə bir qədər sonra bəhs edəcəyik.

Yalnız ekspedisiyanın rəhbəri İvaşintsov möcüzə nəticəsində, heç bir zədə almadan xilas olur. Onu dalğalar sahilə atır, miçman Yasenski isə sağ-salamat tapıb ayağa qaldırır.

Bütün bu faciə cəmi 15 dəqiqə ərzində baş verir.

Çox keçmir ki, Şüvəlan kəndindən ilk yardım gəlməyə başlayır. Kənd camaatı bu cür pis havada dənizdən top atılmağının nə məna verdiyini gözəl bilirdi, bundan başqa, çox güman gəmini də sahildən görən olmuşdu və həmin şəxs abşeronluların çoxu kimi tufanlı havada dənizə çıxmağın fəlakətlə nəticələnəcəyindən xəbərdar idi.

Bütün gecə yaralılar arabalarla Şüvəlan kəndinə gətirilir, istefada olan zabit Abdulla Axundovun evində yerləşdirilir. Yalnız iki-üç nəfər sahildə qalıb növbə çəkir ki, birdən bu amansız çarpışmadan sağ çıxan olar.

O gecə Xəzərin mavi dalğaları səhərə qədər özlərini sahildəki qayalıqlara çırpıb qələbə “Yallı”sı oynayırlar.

Gəmi heyətinin xilas olan üzvləri Axundovun evində isti yemək və geyimlə təmin olunur. Səhəri gün axşama yaxın isə hadisədən xəbər tutan Bakı Dəniz Stansiyasının komandiri, birinci dərəcəli kapitan K.Freyqanq və qəza rəisi L.Piqulevski Şüvəlana gəlirlər. Qafqaz canişini Aleksandr İvanoviç Baryatinskinin dəftərxana müdiri V.A.İnsarski da onlara qoşulur. Tiflisdə oturan yazıçı-memuarist V.A.İnsarskinin həmin vaxt Bakıda olması səbəbsiz deyildi. Yazıçının həyat yoldaşı Həştərxandan gəmi ilə, özü də məhz “Quba” gəmisi Bakıya gəlməli idi, lakin naməlum səbəbdən daha bir gün Həştərxanda ləngiməli olur və bu barədə Poskoçinlə məktub yollayır. Həmin vaxt gəminin qəzaya uğradığını eşidəndə İnsarskinin nə hala düşdüyünü təsəvvür etmək çətin deyil. Yaxşı ki, Şüvəlana çatanda matroslar ona arvadının gəmidə olmadığını, amma göndərdiyi məktubun Poçkoçinin cibində qərq olduğunu deyirlər.

K.Freyqanq, qəza rəisi L.Piqulevski və V.A.İnsarski yerli əhali kimi paltar geyinib Axundovun evinin qabağında dayanmış İvaşintsovu çətinliklə tanıyırlar. Onlar ekspedisiya rəhbərindən qəzanın başvermə səbəbini təfsilatı ilə öyrənir, səhəri gün isə hadisə baş verən yerə gedirlər.

Sentyabrın 17-i ağır yaralılar və həlak olmuş zabitlərin meyitləri Bakıya aparılır. Aşağı rütbəli dənizçilər isə elə dəniz kənarında, hadisəni baş verdiyi yerdən bir qədər aralıda dəfn edilir.

Ən dəhşətlisi isə gəminin kapitanı Poskoçinin başına gələnlər olur. Onun meyiti qayalıqların arasında gəmi iplərinə dolaşıbmış. Qəzanın baş verdiyi yerə gələnlər meyiti uzaqdanca görür, lakin suya girib çıxara bilmirdilər. Yalnız on gün sonra dəniz sakitləşəndə meyiti çıxarmaq mümkün olur.

Dəftərxana müdirinin sözlərinə görə, amansız dəniz cəsədləri sahilə atdıqca onlar Bakıya daşınır, orada dəfn edilirdi. Ən sonda isə Poskoçinin meyiti çıxarılıb Bakıya göndərilir.

1857-ci il sentyabrın 14-də baş verən qəza nəticəsində 22 nəfər həlak olur, 57 nəfər isə xilas edilir.

Sənədlərdə hadisənin baş vermə səbəbi kimi güclü tufan və qayalıqların xəritədə yer almaması göstərilir. Bakıda mayakın olmaması da səbəblərdən biri idi. Belə ki, o dövrə qədər yalnız Qız Qalasının üstündə mayak əvəzi od yandırılırdı. Bu faciədən sonra Bakıda mayak tikintisinə başlanılır və 1860-cı ildə Pirallahı adası ilə üzbəüz dağda ilk mayak (Abşeron mayakı – M.A.) istifadəyə verilir.

“Quba” gəmisinin qəzaya uğramasından sonra matrosların basdırıldığı yerdə sadə qəbirüstü abidə tikilir. 1887-ci il, noyabrın 30-da abidəni ziyarət edən 2-ci dərəcəli kapitan P.Orlov onun acınacaqlı vəziyyətə düşdüyünü, qum təpəsinin altında az qala tamamilə itib-batdığını görür. Bu mənzərədən təsirlənən Orlov abidəni bərpa etmək təşəbbüsü ilə çıxış edir və rəhbərliyin icazəsi ilə Xəzər dənizçilərindən ianə toplamağa başlayır.

1887-ci il dekabrın 15-dən 1889-cu il avqustun 23-ə qədər olan dövr ərzində 124 nəfər ümumilikdə 277 rubl 74 qəpik ianə verir. Yığılan vəsait hesabına 1889-cu ildə Şüvəlan sahilində ucaldılan obeliskin müəllifi Bakıdakı bir çox binaların arxitektoru kimi tanınan memar İohan Edel olur. Ölənlərin ruhlarına ehtiram əlaməti olaraq, o, abidənin hazırlanması üçün pul tələb etmir.

Obeliskin üzərində faciə zamanı ölənlərin adları ilə yanaşı pravoslav duaları da yazılıb və yuxarısına xaç qoyulub. Görünür abidənin dini tərtibatı Sovet hökuməti tərəfindən məqbul qarşılanmadığı üçün SSRİ vaxtı baxımsız vəziyyətə düşür. Üstündəki xaç götürülür. Yalnız müstəqillikdən sonra, 2005-ci ildə abidə Qələbə Gününün 60 illiyi münasibətilə restavrasiya edilir, ətrafı abadlaşdırılır.

Bu hadisə Xəzərin tədqiq edilməsi zamanı yaşanan böyük faciə olmaqla yanaşı Rusiya İmperiyasının donanma tarixində də əhəmiyyətli yer tutur. Bu səbəbdən Sankt-Peterburq yaxınlığındakı Kornştadt şəhərində yerləşən Dəniz kilsəsində Rusiya İmperiyası donanmasında həlak olmuş dənizçilərlə bağlı məlumatların qeyd olunduğu lövhədə “Quba” gəmisinin qurbanlarının da adları həkk olunub.

Ötən əsrin 60-cı illərində isə Azərbaycan SSRİ Elmlər Akademiyasının Tarix Muzeyinin Xəzər dənizində apardığı arxeoloji işlər zamanı “Quba” gəmisinin zəngi, o dövrün sikkələri və digər tapıntılar aşkar edilir. Həmin eksponatlar hazırda Milli Tarix Muzeyinin fondunda saxlanılır.

22 nəfərin ölümü ilə nəticələnən faciəyə baxmayaraq Xəzər dənizində araşdırmalar dayandırılmadı və artıq bir dəfə ölümdən dönmüş qorxmaz İvaşintsovun rəhbərliyi ilə 1867-ci ilədək davam etdirildi.

Coşqun Xəzər İvaşintsovun inadkarlığı qarşısında davam gətirə bilmədi və nəhayət təslim oldu.

İvaşintsov ilk dəfə sahil xətlərinin dəyişmə səbəblərini, axınların xüsusiyyətlərini, Xəzərdə adaların itməsini və ya yaranmasını izah elədi. Onun rəhbərliyi ilə Xəzərdə 61 astronomik nöqtə təyin edildi, ilk dəfə 900 metrdən dərin yerlər aşkar edildi, suyun torpaq qatının nümunələri götürüldü. Araşdırmalarından 20 il sonra Xəzər dənizinin atlası, sonradan isə dərinliklər xəritəsi çap edildi.

lent.az

Share: