Xəzəri zəbt edən milyonçuların hasarları sökülür

Xəzəri zəbt edən milyonçuların hasarları sökülür

Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa daha bir neçə tanınmış iş adamının adı qarışıb.

Bakının Türkan qəsəbəsində 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsinin araşdırılması davam edir.

Müstəqil.Az Musavat.com-a istinadən xəbər verir ki, artıq Türkan qəsəbəsinin dənizkənarı hissəsində saxta sənədlərlə zəbt olunmuş torpaq sahələrinin daş hasarlarının bir hissəsi sökülüb. Yeri sakinlərin “Türkan bulvarı” adlandırdıqları ərazinin əhatələndiyi daş hasarları yeni icra nümayəndəliyinin göstərişi əsasında sökülməsi haqda xəbərlər var.

2020-ci ilin əvvəlində Əzizəxanım Atayevaya və Xumara Şabanovaya bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsi məlum olub. Bundan sonrakı araşdırmalarla üzə çıxıb ki, ahıl qadınların torpaq sahələri sabiq deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən satılıb.

Xumara Şabanova deyib ki, torpaq sahələrinin daş hasarlarının sökülməsindən xəbərsizdir. O, istintaqın davam etdiyini bildirib. Deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb. Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb. Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəklində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.

Hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa Xəzər rayonunun sabiq başçısı, hazırda Ağdam İcra Hakimiyyətinin başçısı olan Vaqif Həsənovun da adı qarışıb. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. Həmin qardaşların kimliyini də öyrənmişik. Məlum olub ki, Ağasadıq Vəlibəyova məxsus torpaq saxtakarlıqla ələ keçirilərək Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Qasımovlar da saxtakarlıqla ələ keçirilmiş torpaq sahələrinin digər alıcıları kimi Azərbaycanda və ölkədən çox uzaqlarda tanınan şəxslərdir. Onların dünyanın 50-dən çox ölkəsində kontorlarının olması və həmin kontorlar üzərindən böyük maliyyə vəsaitlərinin axması haqda məlumatlar var.

Qeyd edək ki, Atayeva və Şabanovanın torpaq sahələrini satın alan Yaqub Hüseynov da Azərbaycanda tanınan iş adamıdır. Türkan qəsəbəsinin qeyd olunan hissəsində torpaq sahələrinin imkanlı iş adamlarını maqnit kimi çəkməsinin səbəbi ərazinin Xəzər sahilində olması və bilavasitə ləpədöyənə dirənməsindən qaynaqlanır. Ərazidə restoran və istirahət mərkəzinin, otellərin tikilməsi üçün ideal şərait var.

Odur ki, həmin torpaqların alınması üçün iş adamları böyük pullar ödəməkdən çəkinmirlər. Bu zaman torpaq sahələrinin əsl sahiblərini axtarmağı isə unudurlar. Qasımov qardaşlarının da, “Bridge Plaza” sahibi Yaqub Hüseynovun da diqqətdən qaçırdığı, eyni zamanda ən əsas məqam da budur. Bu gün Türkan bulvarı adlanan ərazidə daha 6-7 oxşar cinayətin olması haqda məlumatlar var.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaq getdiyi zaman hasarların sökülməsi prosesin dönməz xarakter almasından xəbər verir. Belə məlumatlar var ki, “Türkan bulvarı” ərazisində yerləşən digər torpaq sahələri də zəbt olunaraq saxta sənədlərlə satılıb.

Müstəqil.Az

Share: