Əfşan YUSİFQIZI
(Xatırlamaq istəmədiyim xatirələr)
Duman getsən də, qalsan da,
Bu dağlarım qəm barlıdır.
Gözlərimə kədər çöküb,
Könlüm daim qübarlıdır.
…Heç vaxt şəxsi həyatım, keçmişim, ailə tərzim haqqında sosial şəbəkələrdə paylaşmağı sevməmişəm. Amma ata ocağına getməyim və atama aid olan kitab dolabından kitabların birinin arasından tapdığım, atamın anama həsr etdiyi bir neçə şeir, bu yazını yazıb, sizlərə paylaşmağa məni vadar etdi.
36 illik bu şeirləri elə bil xəzan yarpağı üstə yazılmışdı.
O vərəqləri saraldan sanki, şerilərdə olan yanğıydı.
Bu xəzan yatpaqları məni məndən alıb, bəxtiyar, qayğısız, bahar çiçəkli uşaqlığıma qaytardı. Nələr gəldi, keçdi gözlərimin önündən…..
Köhnə, çiy kərpicdən, eyvanı gündoğana tikilən evimiz.
( İndi müasir tipli,daşdan tikilmiş bir imarət əvəz edir, həmin o evi)
Həyətimizə xüsusi yaraşıq verən tut ağacı.
Budaqlarının birindən atam bizimçün yellənçək asmışdı.
Tut mövsümündə yellənçəyə yaxın qoymazdı bizi, atamız.
Hay-küylə tut çırpardıq, anam bəhməz və mürəbbə bişirərdi.
Eyvanımızın sürahisi olmadığından uşaqlar yıxılmasın deyə anam, sürahi əvəzi güllər əkdiyi dipçəkləri cərgə ilə eyvana düzərdi. Həyətimiz gül-çiçəklərlə dolu idi.
Kiçik, köhnə, əldən düşmüş bir daxmamışda vardı. O qədər köhnəlmişdi ki, divarlarında ot bitmişdi. Sökməyədə atamın əli gəlmirdi. Deyirdi ki, sizin uşaqlığınız, bu evdə keçdiyi kimi, mənim də uşaqlıq dövrüm o daxmada keçib. Bərəkət evi adlandırardı atam o daxmanı. Vaxtilə un, buğda, arpa saxlayardılar orda. Önündə təndirimiz vardı. Anamla, bibim növbə ilə çörək yapardəlar təndirə. Həyəti səs-küyümüz götürərdi. Çörək bişən gün bayram olardı sanki həyətimizdə. Xəmir kütə gedəndə anamla, bibim əsəbləşərdi, bizsə “qazmaq” “qazmaq” deyə qışqıraşar, sevinərdik.
Bibim hər xəmir yoğuranda mütləq bizə qoğal kündələyərdi (Adına “mələklərin payı” deyərdi) Qoğal əlimizi yandırmasın deyə çubuq taxardıq. Təndirin ətrafında toplaşardıq. Çörəklər çıxandan sonra közünü maşa ilə samavara atar, çay qaynadardılar.
Atam tut ağacının altında çəmınliyə salınmış kilimin üstündə mütəkkəyə dirsəklənib samavar çayı içməyi çox xoşlayardı.
Əpənim deyərdi atam mənə. Müəllim idi. Cərgə ilə şagirdlər kimi qarşısında bardaş qurardıq. Hər gün bizə maraqlı əhvalatlar danışardı.
Atam qızılgül xoşladığından anam daim stolumuzun üstünə güldanda güllər qoyardı. Əllərini qızılgül kolları cırmaqlamağına baxmayaraq günaşırı çiçəkləri dəyişib, yeniləri ilə əvəz edərdi.
Anam rəhmətlik, şairlər duyğusal olar, onlar gözəllik aşiqləridi deyərdi.
Atam da bundan fərəhlənər, hər dəfə də anamın sözünün qüvvəsi olsun deyə ona həsr etdiyi şeirlərini deyər və bizləri feyziyab edərdi……
Indi mənə şirin gəlın o xatirələr, əslində onlarçün çətin günlər imiş.
Atamın məvacibi bu aydan o biri aya güclə çatırmış. Zarafat deyil beş uşaq böyütmək və bu qədər çətinlik çəkdiklərini övladlarına hiss etdirməmək….
Yeddinci sinifdə oxuyurdum, anamızı itirəndə. Ölüm sanki anamızla bərabər həyət-bacamızın baharını aldı. Güllərimiz soldu, ağaclarımız qurudu. O möhtəşəm tut ağacının qəddi əyildi, qocaldı, bardan kəsildi.
Yellənçək qolu qırılmış quş kimi bir qanadını yerə dayadı. “Bərəkət” daxmamız qurd-quş yuvası oldu.
Samavarımızın bənizi soldu, səsi kəsildi, ocağı qaraldı. Stolumuzun güldanı utandığından bir daha gözə görünmədi.(Çox sonralar bir sınığını baxçadan tapdı uşaqlar) Onu sındırdığını kimsə boynuna almadı….
Xatırlamaq istəmədiyim xatirələr….
Atam da vidalaşdı həyatı ilə…
Onlardan qalan xəzan rəngli vərəqlər…
Payız küləkli şeirlər….
Maşınln siqnal səsi məni keçmişimdən qopardı.
-Mama, gəl!!!