Səmimi şəkildə boynuma alıram ki, xora qoşulmağı, xoru dinləməyi yox, durub ta bitənəcən kənardan izləməyi, ara səngiyəndən, tozanaq yatandan sonra o haqda düşünməyi xoşlayıram. Xoru izləmək, xordakıların ağızlarını bir-bir müşahidə etmək gerçəkdən çox əyləncəli işdir. Hətta elə olur, özünü saxlamağı bacarmayıb qoşulmaq, sən də nəsə səs çıxarmaq istəyirsən, ancaq bütün gücünü, iradəni sərf edib özünü ələ alır, yenə də izləməyə davam edirsən. Elə ən zövqverən məqam da budur. Özünü saxlaya bilmək. Sonradan hər şey sabun köpüyü kimi yox olub unudulandan, gündəmdən düşəndən sonra geriyə baxmaq. Gündəm üçün deyil, böyük zaman üçün
Heç kimə sirr deyil ki, Azərbaycanda özünü, öz istedadını realizə etmək, məşhurlaşmaq, bu məşhurluğu müəyyən qazanca çevirmək, Qərbi bir yana qoyuram, heç Türkiyədəkinin yüzdə bir misli qədər deyil. Qazanc yox, şöhrət yox… Bəs yazıçı, şair nədən stimul alıb yazmalıdır? Belə baxanda heç nədən. Və bunu düşünmək dərin böhran yaradır, nəticə isə bəzən faciəyə, çox vaxtsa gözümüzün qarşısındaca son dərəcə ürəkbulandırıcı mənzərələrin yaranmasına səbəb olur. Hətta şüursuz şəkildə olsa da, baş verir. Yəni solaxay yollarla qazanca olmasa da, şöhrətə çatmağın bir yönü tapılır.
Beləcə, başlayır keçmişə intellektual yox, sxematik tənqidi baxış. Yəni sadəcə, qaralamaq. Sanki plan üzrə. Ağ günə çıxmaq üçün qaralamaq. Mirzə Cəlili redaktə edək, Axundovu daş qalaq. Sabiri silək, meyxananı ləğv edək, Bəxtiyar elə olub, Cabbarlı belə və s. və i.a. Sanki bir siyahı tutub quş qoya-qoya gedirlər. Əlbəttə, yekunda məlum olur ki, Cəlilin “danabaşları” XX əsrin əvvəlindən bu yana dəyişmədən oturub, haçandı kimisə qanına bələmək, söyüb-batırmaq, linç eləmək üçün məqam gözləyirmiş. Efirə çağırılmış meyxanaçılardan biri təxminən elə açıq-aydın belə dedi:“Bizə dil uzadan o gədə kimdi, bilmirəm, ancaq onun bir yolu var, ağzını cırmaq, bi dənə də qoymaq lazımdı. Ancaq döymək lazımdı onu, döymək. Ondan da pisini eləmək lazımdı”.
Mənimçün büt deyilən şey yoxdur. Hətta şeirin allahı saydığım Füzulini belə tənqid etmək olar. Uşaqlıqdan hər gün oxuyub sevdiyim Nazim Hikmətin nə qədər bəsit, mənasız şeirləri var. O birinin də, bu birinin də.
Ancaq bütləri qırmaq istəyəndə gərək ya öz yaratdığın nəyisə yerinə təklif edəsən, ya da ümumən bundan sonra nə lazım olduğunu deyəsən. Yox əgər məqsəd sadəcə söyülüb məşhurlaşmaqdırsa, o, başqa məsələ.
Məsələnin bir kədərli yanı da var. Bir-iki gənc bu gün az qala hamını ortalığa salıb oynadır. Özü də hər gün ayrı bir havaya. Bu gün birini söyür, ya sadəcə danır, qarşılığında özü də yeddi arxadönəninə kimi ən iyrənc formalarda söyülür. Bir az ötəndən sonra həmin asi qaqa həmin fikrinin tam əksini deyir və eyni dərəcədə alqış alır. Deyirlər, hə, bax ağıllanırsan. Bir az keçir, qaqam yenə bir tema atır ortalığa və bunun dirijor çubuğuyla həmin çoxluq yenə oyuna düşür. Dəhşətə gəlirəm, yəni doğurdanmı bu adamlar həmin qaqanın onlara kənardan baxıb, “ala, busunuz da, sizi istədiyim vaxt, istədiyim kimi oynadıram” dediyini, deyib qəşş elədiyini anlamırlarmı? Bu qədər cahillik olarmı? Xalqı, kəndlini patavalı, kirli, iyli adlandıran bir başqa qaqa birdən-birə xalqın qutsallığından yazır, onu söyənlər bu dəfə onun başına and içməyə başlayırlar. Ara qarışır, məzhəb itir.
Bu xorlar baş aparır, qulaq aparır, göz aparır, vaxt aparır, real nə varsa silib-süpürüb aparır, enerjini boşuna tükədir. Sistemdən narazı olanların da köpü beləcə alınır. Nə fərqi var, sublimasiya nəylə edilir. Əsas odur ki, edilir, içə yığılmış enerji duman olub gedir.
Xəlqin imanını gər məkrilə şeytan aparır,
O pəri çöhrə nədəndir ki, bəs iman aparır?
Hə, məhz belədi. Niyə şeytana qulluq eləyirsiz, qardaşlar?
Yoxsa Azərbaycanı bununla düzəldəcəksiz? Yoxsa dərdimiz elə meyxanadı, çeyxanadı, quşxanadı? Kefli İsgəndərdi, Usta Zeynaldı? Yoxsa deməyə söz yoxdu? Tənqid üçün gözünüzə ancaq bu qədər axırıncı dərəcəli məsələlərmi görünür?
Bineyi-qədimdən meyxananı sevməmişəm. Bu janr indi bərbad gündədi. Ən çox təsir imkanlarına malikdi, ancaq imkanından büsbütün imtina edib. Mənim sevmədiyim də əlimizdə olan meyxanadır, daha doğrusu, meyxanaçılardır. Bu meyxana əsil meyxana deyil. Qoy bu sözüm “bu, əsil islam deyil” məsələsinə dönməsin. Ancaq janrın, formanın nə günahı. Qoşmada, gəraylıda gic-gic yazanlar da var, şedevr də, hətta modern fikirlər də. Təəssüf ki, meyxanada ad çıxaranlarla bağlı bu qədər nikbin söz demək olmur – hamısını cəm eləsən, cəmi-cümlətanı bir-iki də ciddi misra arayıb tapmaq olar, o da ancaq meyxananın statusu çərçivəsində. Vəssalam.
Forma heç vaxt idbar ola bilməz, köhnələ bilər, bəli, ancaq zay ola bilməz. Siz onu modernləşdirə bilmirsinizsə, bunda janrın, formanın nə günahı? Dünyanın ən qədim mifləri bu gün çağdaş yazıçıların əsərlərində bizə ən modern şəkildə qayıtmırmı? Olmazmı eyni şeyi bu formayla da edək? Daha silmək, ləğv, yasaq etmək niyə?
Meyxananı aşağılayanlar adətən şit, bayağı, heç bir məna yükü olmayan və əsasən də söyüş dolu, hətta pornoqrafik misraları sitat gətirirlər. Söhbət meyxananın bədihə qolundan gedir. Yaxşı, gəlin ciddi ədəbiyyata nəzər salaq. Necə olur ki, müasir ciddi ədəbi əsərlərdə, filmlərdə pornoqrafiya, söyüş necə lazımdı yer ala bilir, ancaq meyxanada, hətta adı üstündə məhəllə, yaxşı mənada küçə sənəti sayılan meyxanada olmaz? Olar! Ancaq necə? Yalnız bədii, ideyaya xidmət edən, insanı insanlığa səsləyən. Daha “mən sənin bacını, ananı hində…” səviyyəsində deyil. Ya da bunu üzə çıxarmamaq şərtilə. Bütün klassik şairlərimizin söyüş dolu, açıq-saçıq şeirləri var, ancaq onlar xalq üçün olmayıb, dar məclislərdə, spontan situasiyalarda yaranıblar.
Narkotik!
Bəli, məsələnin ən şiddətli hissəsi. Meyxanaçıların 99 faizinin (narkoman deməyək də, xətirlərinə dəyər) çəkən, hallanan olması və bunu təbliğ etmədən belə, yayılmasına səbəb olması faktdır. Kişilik, mərdlik dünyasında qanuni oğruluq nədisə, indi sənət dünyasında da meyxana odur. Birində ədalətdirsə o ədalət, o birində sənətdirsə, o sənətin mahiyyəti təhrif olunub.
Kasıba əl tutmaq, mərd olmaq, ədalətli olmaq üçün qanuni oğru, ya cinayətkar aləmdən olmağa gərək yoxdur. Meyxanada da elə.
Guya ciddi intellektual şair-yazıçılar çəkmirmi o mərətdən? Çəkirlər. Kim bilmir ki? Hərçənd çəkənlərin sayı meyxanaçılarla müqayisədə padşah qızının toyuna gedəcək səviyyədədir, üstəlik də onlar nə əsərlərində, nə ictimai yerlərdə o cür açıq-saçıq reklam edirlər narkotiki.
Hə, bu da var ki, ot kökü üstündə bitər…
Qədim yunan tarixçisi Herodot “Tarix” əsərində Qafqaz Albaniyası və Atropatena (indiki Azərbaycan ərazisi), Xəzər dənizi haqqında məlumat verərkən yazır ki, bu ərazidə yaşayan massaget tayfalarından söhbət açarkən onların “bədahətən şeirlər” söylədiyini bildirir: “Verilən məlumata görə, (…) orada guya xüsusi növ meyvələr gətirən başqa ağaclar var. Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonra onun ətrafında oturaraq həmin meyvələri oda atırlar. Ellinlər çaxırdan necə sərxoş olurlarsa, bunlar da yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox meyvə atdıqca özləri də o qədər artıq sərxoş olurlar ki, axırda ayağa qalxıb oynamağa və mahnı oxumağa başlayırlar. Bu tayfanın həyat tərzi haqqında belə danışırlar”.
Əlbəttə, həmin otun çətənə, dəlibəng olduğunu düşünmək üçün ciddi fikirləşmək lazım deyil.
Söhbət ibtidai icma, ya da ən azı eramızdan çox-çox əvvələ aid tarixdən gedir. Bu tarixdə bütün insanlıq, eləcə də sənətlər təkamül yolu keçib. Bu yolda çətənədən imtina edib sənətin üstündə qalmaq olardı. Bəlkə də sonrakı etaplarda elə də olub. Dövrünün tanınmış söz ustası olmuş Mirzə Bağır Cabbarzadə (1810-1882) Azərbaycanın Rusiya və İran tərəfindən iki yerə bölünməsi ilə bağlı maraqlı bir meyxana söyləyib. Yəni ictimai-siyasi məzmunlu. Mirzə Bağır hallanıb yazıb, hallanmadan yazıb, deyə bilmərəm. Yəni əsas onun yazdığıdır. Yoxsa ki, “Kazbek”ə şey basım, zırranım” və bunun havasına da qız-gəlini, arvad-uşağı “Dəli Kür”dəki dərviş məclisindəki sayaq meymun yerinə qoyub oynatmaq. İndi bu qadınların Cahandar ağaları başlarına nə kül töksünlər?
Yaxud, bəlkə çoxları inanmayacaq, poeziyanın tənqidi-realizm qolunun ustası Mirzə Ələkbər Sabirin nəinki meyxana yazdığını, həm də toylarda meyxana dediyini bilirdikmi? Kim deyə bilər ki, Mirzə də “zırranım, fırranım” tipli meyxana deyib? Demək, məsələ formada deyil, məzmundadır.
Üstəlik bu forma bu gün, elə buna qədər də ifşa üçün həm öz illeqallığına, andeqraundluğuna, həm də kütlələr arasında populyar olduğuna görə ən yararlı təbliğat vasitəsidir. Bu forma ilə insanları döyüşə aparmaq, inqilab etmək, nə qədər yaramazlığı ifşa edərək aradan qaldırmaq olar.
Bədahətənliyi üzündən Sovet dövründə meyxana hardasa yasaq olub. Rəsmi status ala bilməyib. Bu, onun gücünü bir az da artırıb.
Bir də 1988-ci ildə AzTV-nin “Dalğa” verilişində ilk dəfə meyxana janrı ilə bağlı telesüjet hazırlanıb. Verilişin qonaqları filologiya üzrə elmlər doktoru, əruzşünas alim Əkrəm Cəfər (1905-1991), Nizami Rəmzi və sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə olub. Beləcə, TV-nin sədri olmuş professor Elşad Quliyevin (1941-2008) xeyir-duası ilə meyxana teleməkanlara yol açıb, leqallaşmağa başlayıb.
Meyxana rəsmiləşdikcə, mahiyyətindən uzaqlaşıb, şou-biznes elementinə çevrilib, kütlələri ayıldan sənətdən kütləşdirən 6-cı barmağa çevrilib. Bu gün meyxana Herodotun dediyi o ibtidai çağına qayıdıb…
Dünyanın bardları olub, bizim ozanlar. Gördüklərinə bədahətən söz, musiqi qoşub oxuyublar. İnsanları gözəlliyə, azadlığa səsləyiblər. İndi meyxana tam gücüylə onların missiyasını davam etdirə bilər.
Ustad meyxanaçılar da haqq aşıqları, bardlar kimi cəmiyyətdə baş verənlərə aktiv münasibət göstərərək hadisələrə, faktlara çevik (eybi yox, qoy lap bədiilik aşağı olsun) reaksiya verə bilməzlərmi?
Lap aşağıdan götürək, indi az qala hər kənddə bir meyxanaçı var, hamısı da maşallah, məhəlli təxəllüslər götürürlər. Onlar öz yaradıcılığında həmin kəndi basıb yeyən hansısa məmuru öz meyxana həcvləri ilə adbaad ifşa etsələr, bu, bütün meyxanalar kimi dildən-dişə düşsə, həmin adam özünə hardasa bir çəki-düzən verməzmi? Kütləvi ifşa öldürücü silahdır!
Vahidin bu əsərinə baxaq:
Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.
Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.
Nə hünər var, nə biligmiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.
Şübhəsizdir tüpürər surəti-idbarımıza,
Göstərən olsa bu sima ilə nəqqaşə bizi.
Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.
…Bu, hələ ümumi şeirdi. Konkret ünvan yoxdur. Məgər zamanı konkret ünvan seçmək azdırmı? Vahid burda “Kazbek”ə şey doldurmaqdan danışmır ki? Nə olsun ki, Vahidin çəkdiyi papiros da “Kazbek” olub.
Hə, meyxanaçılar, nə deyirsiniz? “Kazbek”, yoxsa Vahid?..
Nə isə,
Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı…