Xalq Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kursu seçdi.
Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, növbədənkənar prezident seçkilərində səsvermənin nəticələri əslində Prezident İlham Əliyevə, onun nailiyyətlərinə olan inamın göstəricisi idi: “Seçkidən əvvəl də xalqın arzu və istəklərindən məlum idi ki, nəticə necə olacaq. Bu prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyada nümayiş etdirdi. Bu siyasi hadisə də əvvəlki seçkilər kimi bütün parametrləri ilə respublikamızın tarixinə şəffaf seçki kimi yazıldı. İlk dəfə idi ki, seçkilər bütün Azərbaycan ərazilərində keçirilirdi. Azərbaycan xalqı bu seçkidə müdriklik nümayiş etdirərək Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kursun ətrafında yumruq kimi birləşdi”.
Müşfiq Cəfərov qeyd edib ki, bu seçki seçici fəallığı ilə də fərqləndi: “Bu da vətəndaşların ümummilli siyasi proseslərə olan münasibətini əks etdirir. 2003-cü ildə xalqın etimadını qazanan Prezident İlham Əliyev bu dövrdə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Prezident İlham Əliyevin müdrikliyinin, qətiyyətli siyasətinin göstəricisi kimi torpaqlarımız azad edilib, Qarabağda erməni faşizminə son qoyulub. Seçki məntəqələrində gördüyümüz kütləvilik də bunu təsdiq etdi. Vətəndaşlarımız Zəfər siyasi kursunun davamında maraqlı olduqlarını təsdiq etdilər. Bu seçkinin ən mühüm hadisəsi isə İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsidir. Bu, sıradan hadisə deyil, əsrlərin, dövlətçilik tariximizin əlamətdar hadisəsidir”.
Deputat vurğulayıb ki, dünən baş tutan andiçmə mərasimində Prezident İlham Əliyev dövlətimiz üçün yeni dövrün yol xəritəsini açıqladı: “Prezidentin də qeyd etdiyi kimi bundan sonra daha güclü iqtisadiyyat, ordu, daxili sabitlik, xalq-iqtidar birliyi əsas amillərdir. İndi bütün resurslar ölkənin sürətlə inkişafına yönəldiriləcək. Prezident İlham Əliyev ötən 20 ildə olduğu kimi bundan sonra da xalqın etimadını doğruldacaq”.