“Xalq Bank” Vidadi Muradovun ailəsini məhkəməyə verdi

“Xalq Bank” Vidadi Muradovun ailəsini məhkəməyə verdi

“Azərxalça”nın mərhum sədri Vidadi Muradovun ailəsi kredit borcuna görə məhkəməyə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun həyat yoldaşı Rəhilə Muradova və oğlu Aydın Muradov, eləcə də “Azərxalça”nın nəzdindəki “Azər İlmə”yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İş hakim Leyla Əliyevanın sədrliyi ilə icraata götürülüb.

İddiaçı isə “Xalq Bank”dır. Belə ki, bankdan ipoteka və kredit götürülüb. Borclar vaxtında qaytarılmadığına görə, borcun məhkəmə qaydasında tutulması bank tərəfindən xahiş olunub.

Kommersiya sirri olduğu üçün açıqlanmasa da, məbləğin külli miqdarda olduğu bildirilir.

Qeyd edək ki, “Azərxalça”nın sabiq sədri Vidadi Muradov yeyinti ittihamları ilə 2021-ci ildə həbs olunub. O, 22 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinib. Özünün və ailəsinin 30 milyonluq əmlakına həbs qoyulub. Həbsdə səhhəti pisləşdiyi üçün 2021-ci ilin oktyabrın 31-də ev dustaqlığına buraxılıb. 5 gün sonra evində vəfat edib. Cinayət işinə xitam verilib. Müsadirə olunmuş əmlakların bir hissəsi ailəyə geri qaytarılıb.

Xatırladaq ki, Rəhilə Muradova ADNSU-nun dosentidir. Aydın Muradov isə bizneslə məşğul olur. Vidadi Muradovun digər oğlu Cavid Muradov isə polis polkovniki, Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Qeyd edək ki, Vidadi Muradovun ailəsi ilə bağlı daha bir məhkəmə işi Bakı Apellyasiya Məhkəməsində aparılır. Ailə müsadirə olunmuş əmlakların qalan hissəsinin də qaytarılmasını istəyir. Həmin iş üzrə də “Xalq Bank”ın idarə heyətinin sədri Kamran Məcidov da maraqlı şəxs kimi tanınıb. Bank rəhbərliyi isə əmlakların müsadirəsi nəticəsində kredit borcunun bağlanmasını tələb edir.

Amin Nəzərli


Share: