Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı

Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı

Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir.

Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 1975–1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə oxuyub.

***

İrəvandan Azərbaycana deportasiya olunduqdan sonra 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və Dram Rejissoru fakültəsində təhsil alıb.

Oqtay Əliyev 90-cı illərdə başlanan milli hərəkatın iştirakçılarından olub. Müsahibəllərinin birində bu haqda deyir:

“O vaxtı Azərbaycan bayrağını fəxrlə əlimdə gəzdirirdim. İllərlə ən böyük arzum Azərbaycan bayrağı olan döş nişanını sinəmdə gəzdirmək idi. Amma təəssüf ki, tapa bilmirdim. İndi mənim qızlarım bayrağımızı eyvandan, avtomobildən asırlar. Sevindirici haldır”.

***

Oqtay Əliyev erməni dilini çox mükəmməl bilib. Bu baxımdan erməni mətbuatını və mediasını yaxından izləyib, orda baş verən hadisələrdən xəbərdar olub.

Özünü həmişə qaçqın kimi hesab edən Oqtay bəy müsahibələrinin birində bu haqda deyir:

“Mən həmişə qaçqınam. Neçə ki, öz torpağıma qayıtmamışam, özümü qaçqın kimi hiss edəcəm. İrəvan mənim babalarımın şəhəridir. Mən indi də ora getsəm, gözüyumulu evimizi taparam, hər yeri tanıyaram. Ora gedə bilməmək məni yandırır. Bizim ev şəhərin mərkəzindəydi. İndi Rusiya kanallarında İrəvanın mərkəzini göstərəndə, öz evimizi görürəm. Görürəm, pis oluram ki, evimizə gedə bilmirəm. Ağrı dağın fonunda son dəfə şəhərin şəklini çəkmişdim. O şəkildə bizim evimiz də var. Həmin fotonu evimdə saxlayıram, telefonumda da gəzdirirəm. Bir dəfə bir erməni ilə yazışırdıq. Mənə dedi ki, siz İrəvan, Zəngəzur deməklə o torpaqlar sizin olmur. Onda mən ona dedim ki, bax, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir dənə qədim erməni abidəsi göstər və yaxud da tarixi bir məkan göstər, mən deyim ki, sən orda yaşayıbsan. Mən çox istəyirəm ki, İrəvana yenidən qayıdaq. Hər bir irəvanlı üçün bu həyati məsələdir”.

***

Oqtay Əliyev 1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan 1993-cü ildə Azərbaycan televiziyasında “Virtuoz” adlı layihənin prodüseri olub.

1990-cı ildə “Ər və arvad”, “Molla Nəsirəddin və Əzrayıl”, “Gəlin, açıq danışaq, lap açıq”, “Əkizlərin nağılı” pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. “Korifey”, “Həftə çal-çağırı”, “İşdən sonra”, “Yeni ulduz” layihələrinin müəllifi və baş prodüseri olub.

***

O, 23 yaşında aktrisa Dilarə Əliyeva ilə ailə həyat qurub. Dilarə Əliyeva Oqtayla tanış olmazdan əvvəl onu yuxuda görür. Belə ki, qruplarında oxuyan bir qızın nişan konfetini balışının altına qoyub yatan Dilarə gecə yuxuda Oqtayı görür. Səhər durub bacısına deyir ki, yuxuda kök, saqqallı bir oğlan görmüşəm. Bir neçə aydan sonra isə Oqtay Dilarəni yaxın dostlarının məsləhəti ilə filmə çəkmək istəyir. Oqtayla ilk dəfə rastlaşan Dilarə ona deyir ki, mən səni yuxumda görmüşəm. Bir il sonra isə onlar ailə qurur. Cütlüyün Aytən və Banu adlı qızları dünyaya gəlir.

Oqtay Əliyev 1998-ci il oktyabr ayının 5-də “SOY” production şirkətinin təsisçisi və prezidenti idi. “Ən yaxşı ssenariyə görə” I Audiovizual festival, Bakı- 2001, “Ən yaxşı animasiya işinə görə” III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.

***

Müsahibələrinin birində Dilarə Əliyeva həyat yoldaşı haqqında deyir:

“Nə qədər güclü görünsəm də, özünə əmin görünsəm də, mən həyatımı Oqtay olmadan Oqtaysız təsəvvür edə bilmirəm. Mənim gücümün arxasında Oqtay dayanıb. Onun varlığı mənə meydan verib. Oqtay mənim cekpotumdur”.

Oqtay Əliyevin adı müəyyən dövrlərdə Natəvan Həbibi, Kərim Abbasovla qalmaqallarda hallanıb. O, hətta Kərim Abbasovu məhkəməyə verərək ondan 200 min manat təzminat da tələb edib.

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 22 mart 2023-cü ildə idarə etdiyi avtomobildə qəza keçirərərk 54 yaşında həyatını itirib.

Share: