Gənclik təravəti hələ də onu tərk etməyib. Daxilən zəngin olduğundan aurası çox gözəldir. Uşaqlar kimi saf, müdriklər təki təmkinlidir. Baxışlarından qəribə bir hikmət süzülür. Nitqi rəvan, iti zəkalı, dərin təfəkkürlü, istedadlı xanımdır. Üzücü standartlar ruhuna yaddır. Aktiv olmağı xoşlayır. Hər zaman yenilik yaratmaq eşqi ilə yaşayır…
Haqqında söhbət açdığım Xatirə xanım xalq şairi Nəriman Həsənzadənin ailəsində dünyaya gəlib. Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-1982-ci illərdə indiki Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib. İxtisası müəllim, musiqişünas, lektordur. 1981-1983- Soltan Hacıbəyov adına Sumqayıt musiqi məktəbi və Mirzağa Əliyev adına İncəsənət İnstitutunda musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənnlərini tədris edib. 1983-cü ildən Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimidir. 1983-cü ildə “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda “Qafqaz Albaniyasının musiqi mədəniyyəti” adlı doktorluq dissertasiyası üzərində işləyir. 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Eyni zamanda gözəl rəssamdır…
Deyir ki,- “Artıq otuz ildən çoxdur ki, pedaqoji fəaliyyətlə yanaşı rəssamlıqla da məşğulam. Bu sənətə gəlişim gözlənilmədən olub. Hər gün yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Qız qalasının, Misir piramidalarının sirrlərini əsərlərimdə açmaq istəyirdim. Bir gün hiss etdim ki, mən bunu bacarıram…”
Onun rəngli qrafik əsərləri az deyil, amma daha çox ağ-qara rəsmlər çəkir. Heç zaman çəkəcəyi rəsmi əvvəlcədən planlaşdırmır. Yalnız sonda məlum olur ki, nə çəkib. Sərgilərinin birində ondan hansı üslubda çəkdiyini soruşurlar, cavab verməyə çətinlik çəkir. Xalq rəssamı Rasim Babayev bildirir ki, bu yeni üslubdur. Qeyri-adi istedadı olan bu xanm, qrafikanın məlum üslublarını ram edərək əlavə bir cığır açıb. İndiyədək xeyli sərgiləri də təşkil olunub…
Onun rəssamlığından söhbət açsam da, Xatirə xanım daha çox musiqişünasdır. Bir musiqişünas alim kimi də əməyi az olmayıb. Uzun illərdir ki, Azərbaycan mədəniyyətinə xidmət göstərir. Qeyri-adi dərəcədə istedadlıdır. Hazırcavab və yaxşı natiqdir, lakin sentimental və emosional deyil…
Onunla həmsöhbət olmaq çətindir, çünki deyəcəyin sözün dərhal məğzini anlayır, işin mahiyyətini qavrayır və söylənən fikrin sonunu artıq əvvəlcədən tamamlaya bilir.
Ümumiyyətlə, məzmunsuz, maraqlı informasiya verməyi bacarmayan, qeyri səmimi adamlardan uzaq gəzməyi xoşlayan Xatirə xanım özü bir tədqiqat obyektidir. Düşünürəm ki, nə vaxtsa, kimsə bu xanıma xas olan incəlikləri daha mükmməl araşdırıb, ictimaiyyətə təqdim edəcək…
Elman Eldaroğlu