Xalq şairinin qızı: “Orda adamları diri-diri yandırırlar” – Müsahibə

Müstəqil.Az Kulis.az-ın  “Atamın xatirəsi” layihəsindən Xalq şairi Söhrab Tahirin qızı Nəsibə Tahirlə müsahibəni təqdim edir.

– Söhrab Tahir Bakıya neçənci illərdə gəlib?

– Söhrab müəllim 46-cı ildən Bakıdaydı, 1947-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (Bakı Hərbi Piyadalar Məktəbi – red) məzunu oldu. Topçu idi.

– Mən bu yaxınlarda öyrəndim ki, Söhrab müəllimin stomotoloq təhsili də varmış…

– Hərbi məktəbi bitirəndən sonra, bir təhsil almaq məcburiyyətində idi. Söhrab müəllim də Azərbaycan Demokrat Firqəsinin məsləhətiylə Bakı Diş Həkimliyi Feldşerlik məktəbini bitirdi.

– Amma həyatda heç vaxt bu sənətindən istifadə etmədi?

– Xeyr, istifadə etmədi. Texnikumu bitirəndən sonra yalnız bircə gün işləyib. Bir az vasvası idi… Həm də atam artıq yazmağa başlamışdı.

– Deyilənə görə, başqa bir təxəllüsü də varmış və o sirli təxəllüsü sizdən başqa heç kim bilmir.

– Sirr deyil, sadəcə, cavanlıq illərində bu təxəllüsə kitabların birində rast gəlmişdim. 60-cı illərdə bir neçə cilddə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” buraxılmışdı, orda atamın da əsərləri dərc olunmuşdu. Antologiyada imzası “Sohrab Daşqın” idi. Sonralar “Söhrab Tahir” kimi yazmağa başlayıb. Amma ilk təxəllüsü “Daşqın”dır.

– “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha” – deyən şairin bu həssaslığı özünü necə büruzə verirdi? Güney Azərbaycanla bağlı hansı xiffətləri var idi?

– Araz mövzusu, ayrılıq mövzusu – bu bizim həyatımızın ayrılmaz parçası idi. Bu ağrı mənim iliklərimə hopmuşdu. Anasıyla, qardaşlarıyla bağlı əhvalatlar danışardı. Bizim gündəlik çörəyimiz bu xiffətlə yoğrulurdu. İran radiosuna qulaq asardı. Xalq mahnılarımızı dinləyərdi. Sonralar atamın o dövrdə sevə-sevə dinlədiyi Hümeyra xanımın, Hayideh xanımın, Muinin ifalarını tapıb diskə yazdırdım. Atam qulaq asıb zövq alırdı. Həsrət, hicran, ayrılıq, bizim ikiyə bölünmüş, başı dərdli xalqımızın keşməkeşli tarixi – bu bizim alın yazımız, gündəlik həyatımız idi.

– Sizə uşaq vaxtı nələr söyləyirdi Arazın o tayından?

– Sizə yadımda qalan, atamın söylədiyi əhvalatlardan danışım… Söhrab müəllimin kökü Ərdəbildəndir, böyük nəsildəndir – Aşqanilər soyundandır. Söhrab müəllimin atası Əbülfəz ağa çox zəhmli adam olub. Adamlar ondan çəkinərdilər, qonum-qonşu, tanışlar ona “Mir Qəzəb” deyərdilər. Həmin illərdə də İkinci Dünya müharibəsi vaxtı Hitlerə İranda “Mir Qəzəb” deyirdilər. Dəmirçi işləyirdi, həyatın bütün ağırlığı üstündəydi, ona görə əsəbi adam idi.

Söhrab uşaq ikən işləmək məcburiyyətində qalmışdı. Çünki ailələri tez-tez sürgün olunurdu; atası, əmisi, dayıları inqilabçı idilər. Şah hökuməti onların bütün varidatını müsadirə edərək sürgünə göndərmişdi. On bir il Kirmanşahda sürgündə qalmışdılar. Bu barədə bir hekayəsi də var. Danışırdı ki, 9 yaşından atası ilə “İran-İngilis neft şirkəti”ndə çiyin-çiyinə çalışır. Bir gün iş vaxtı dəzgahdan dəmir parçası çıxıb onun gözünə girir. Gözü şişir, usta icazə verir ki, evə getsin. Söhrab müəllim özü deyirdi ki, anam səhərə qədər çay liflərini gözümə sarğıyla qoyurdu ki, şişi çəkilsin. Səhər açılır, atam karxanaya müavinətini almağa gəlir. Çünki artıq iş qabiliyyətini itirmişdi, bu vəziyyətdə işləyə bilməzdi. Ustaya vəziyyəti izah edən vaxt karxananın rəisi, sahibkarı olan ingilis gəlir, usta tez yüyürür onun qabağına, uşaq yaddan çıxır. Bu sahibkar ağanın bir iti var idi, Söhrabı görən kimi başlayır onu duz kimi yalamağa. İngilis dönür ustadan soruşur ki, o kimdi? Usta deyir ki, ağa, bəs bu uşaq burda işləyir, gözünə dəmir parçası batıb, artıq burda işləyə bilməyəcəyi üçün müavinətini almağa gəlib. Ağa bir az fikirləşib deyir: “Bir həkim var, doktor Smit, bu uşağı onun yanına apar, de ki, filan ağanın itinin dostudur, onu müalicə eləsin”. Uşağı doktor Smitin yanına aparırlar, maqnitli aparatla gözündən dəmiri çıxarırlar.

– “İtin dostu” ağrılı ifadədir. Təsəvvür edirəm, Söhrab müəllimdə necə böyük təsir oyatmışdı bu hadisə…

– Bu hadisə Söhrab müəllimdə elə dərin təəssürat, elə dərin hisslər oyatmışdı ki, sonradan hekayə şəklində qələmə aldı… Başqa bir əhvalat danışım sizə. Onların karxanada köhnə dəzgahları vardı, artıq köhnəldiyindən gərəksiz əşya kimi bir kənara atılmışdı. Babam dəzgahı təmir edir, evə aparmaq üçün gizlicə maşına yükləyir. Atam deyirdi ki, karxanadan gərəksiz də olsa, heç nəyin çıxarılmağına icazə verilmirdi, əgər əlimizdə tutsaydılar, bizi elə yerimizdəcə güllələyərdilər. Həmin karxanada gözəl bir ingilis xanım həkim işləyirdi, atamı görəndə başına sığal çəkir, dindirirdi. Sən demə bu xanımın İngiltərədə bir pakistanlıdan oğlu varmış, atamı uşağına çox oxşadırmış. Atamı görəndə xanım öz oğlunu xatırlayar, onun iyini Söhrabdan alarmış. Atam deyir ki, maşınımız gözətçilərin yanından keçəndə gərgin halda gözləyirdik. Bir də baxdıq ki, həmin ingilis xanım gözətçilərə nə üçünsə yaxınlaşdı. Gözətçilərin yanında atam tez xanıma müraciət edib, onunla salamlaşır. İngilis xanımı əlini Söhrabın başına çəkib “mən bu uşağı tanıyıram, maşını da yoxlamağa gərək yoxdur, buraxın getsin”, deyir.

Sonralar atam danışardı ki, ingilis karxanasında Hindistandan gələn fəhlələr işləyirdi, onların çoxu vəba və s. yoluxucu xəstəliklərə tutulardı. Müalicəsi olmayan bu xəstəliklər yayılmasın deyə onları diri-diri yandırardılar. Atam həmişə deyərdi ki, “mən yanan insanın başının oddan necə çatladığını eşitmişəm.” Uşaq vaxtı bu söz mənə qəribə gələrdi, indi xatırlayanda dəhşətə gəlirəm.

– Söhrab müəllimin yaradıcılığında bir qərib ev obrazı var. Bu da yəqin ki, onun həsrətiylə bağlı olan evdir.

– O ev Arazın o tayında babamgilin tikdirdiyi mülk idi. Atamın həyatının ən qərib hekayəti əslində o evlə bağlıdır. Bu tayın Astarasına getmək üçün siyasi mühacirlər mütləq icazə almalı idilər. Ümumiyyətlə, Bakıdan 40 km qırağa çıxmaq arayışla idi. Atam gedib dayanardı hündür bir yerdə və sərhədin qırağındakı, Arazın o tayında yerləşən qırmızı kərpicli ata evinə həsrətlə baxardı. Bir dəfə mən belə bir söhbətin şahidi olmuşdum. Xəlil Rzaya danışırdı ki, ay Xəlil, dayanıb o taya baxırdım, birdən hündürboylu bir rus zabiti gəldi, yəqin ki, Təhlükəsizlik Komitəsinin əməkdaşlarından idi. Dedi ki, burda niyə durmusunuz? Dedim ki, o taydakı ev mənim babamın mülküdür. Zabitin gözləri doldu, dedi: “Əgər mən bacarsaydım, sizi bir dəqiqəlik də olsa oraya buraxardım. Məni bağışlayın”.

– Bəs sərhədlərin açılması xəbərini necə qarşıladı?

– Doğrudan da bizim xalqımızın tarixinin bir gözü gülür, bir gözü ağlayır. 1990-cı il yanvar ayının 19-u idi, axşam saat 5, ya 6 olardı. Ev telefonu beynəlxalq kodla zəng çaldı. Zəng edən əmim Pərviz idi. Dedi, Söhrab, sərhəd açıqdır, biz keçmişik bu taya, tez gəl görüşək. 50 il idi ki, görüşmürdülər. Həmin gecə xalqımızın ən dəhşətli faciələrindən olan 20 yanvar hadisəsi baş verdi, sərhədlər yenidən bağlandı.

– Və görüş alınmadı…

– Amma bir neçə aydan sonra görüş baş tutdu. 1990-cı ilin mart ayında əmim yenə zəng vurdu ki, Söhrab, gəl Astarada görüşək. Atam məni və qardaşım Tahiri götürdü, birlikdə Astaraya getdik. Atam sərhədi keçə bilmədi, biz keçdik. Əmilərimlə yarım saat görüşümüz oldu. Atam bu tayda, Astarada, bir qohumun evində gözləyirdi. Atam sonra danışır ki, qohumun evində oturmuşdum, birdən pəncərə döyüldü. Dedim, açın, Pərvizdir gələn. Ev sahibi təəccübləndi ki, Pərvizin olduğunu hardan bilirsən? Atam dedi, pəncərəni o cür ancaq qərib adam döyə bilər.

İki qardaşı və xalası oğlu gəlmişdilər. Çox təsirli görüş oldu. Qısa müddət ərzində həm faciənin (20 yanvar) yaşanması, həm də 50 illik qardaş həsrətinin sona çatması sevinci atamın yaradıcılığına da təsir elədi.

– Nənəniz Nəsibə xanımın Bakıya gəlişini necə xatırlayırsınız?

– Nəsibə xanım şah irticası ilə 25 illik mübarizədən sonra nəhayət ki, 1971-ci ildə Bakıya gəldi. Bu tayda çox böyük rezonans doğurdu bu hadisə… 25 il ərzində nənəmin oğlundan bir xəbər tutmaq üçün döymədiyi qapı qalmamışdı, nəhayət, 60-cı illərin sonunda xəbər tuta bildi ki, Söhrab sağdır. Nənəm özü fars dilini bilmirdi, amma qonşuluqda olan cavan bir qız nənəmə bələdçilik edirdi. Bakıya gəlmək üçün sənədlər düzəldiblər, sadəcə sonda generalın imzası tələb olunurmuş. (“Qonşu qızın məktubları” əsərində bu generalın obrazı var). Generalın qəbuluna gəliblər. General deyib, mən sənin Bakıya getməyinə icazə verə bilmərəm, çünki sənin oğlun “Şurəvidir”. Nənəm deyib, mən yaşlı adamam, ömrümün sonuna çox qalmayıb, oğlumu görmədən ölsəm haqqım sənin boynunda qalacaq. General təşvişlə ayağa durur ki, ay ana, sən nə danışırsan? Mənim o biri dünyam var, mən bu yükün altına girə bilmərəm və sənədə qol çəkir…

– Beləliklə Nəsibə xanım Bakıya gəldi…

– Amma birinci dəfədən deyil. Danışım sizə, necə oldu. Gül-çiçəklər təşkil olundu, hamı bəzənib-düzəndi, atamın yaxın dostu, xalq şairi Nəbi Xəzri o illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədri idi, Nəbi əmi çəkiliş qrupu göndərir, jurnalistlər, rayonlardan aşıqlar gəlir… Gül-çiçəyin əlindən tərpənmək olmurdu, təsəvvür edin, dəniz limanı gül dənizinə oxşayırdı. Gözlədik, gözlədik, gəmi gəlib çıxmadı. Dedilər ki, Mazandaranda gəmini saxlayıblar, karantin olduğu üçün gəmi bir həftədən sonra gələcək. Atam az qala infarkt keçirdi, nə vəziyyətə düşdüyünü təsəvvür edə bilərsiniz… Ondan sonra atam hər gün səhər tezdən dəniz limanına gedirdi. Bir səhər yenə dəniz limanına gedir, görür ki, uzaqdan bir gəmi gəlir. İllüminatordan yaşlı bir qadın nəfəsindən tərləyən şüşəni əli ilə tez-tez silib baxır. Ürəyinə damır ki, anası olacaq. Gəlir lap yaxına. Gəmi lap sahilə yan alır. Yaşlı qadın qalxır göyərtəyə, oradan atama baxıb səslənir: “İsrafil?..” Atam dayısına çox oxşayırmış, anası da elə bilir, qardaşıdır. Deyir, ana, İsrafil deyil, mən Söhrabam. Qadın əlini vurur sinəsinə, huşunu itirir. Atam artıq qoyulmuş trapla quş kimi səkir və bir anlıq ətrafda olan gəmi heyətini, ətrafda fırlanan təhlükəsizlik əməkdaşlarını unudaraq göyərtəyə qalxır, anasını qollarına götürür. Ananın üzünə su çiləyirlər, özünə gəlir. Sənədlərin yoxlanışından sonra evə gəlirlər.

Nəsibə xanım zarafatcıl qadın idi. Deyir, ədə, bəs mənə demişdin, məni burda “qarışlayacaqlar”. Biz də İranda soruşduq, bizə dedilər ki, Şurəviyə (Sovet İttifaqına) gələnləri qarış-qarış ölçürlər. Atam gülüb deyir, ana, “qarışlamaq” yox, “qarşılamaq”, yəni pişvazına çıxmaq.

Demokrat Firqəsinə, Yazıçılar Birliyinə xəbər verildi, yenidən hamı axışıb gəldilər, böyük bir təmtəraqla Nəsibə xanımı qarşıladılar. Bu səhnələr indi də kino lenti kimi gözümün önündə canlanır… Nəsibə xanım Bakıda altı ay qaldı, bu müddət ərzində hər gün qonaqlıq idi. Nənəm Gəncədə, Göy-Göldə, Ağdamda, Şuşada əziz dostlarımızın qonağı oldu. Rayonlardan aşıqlar gəlirdi, nənəmə əsərlər, məqalələr həsr olunurdu. O materialların böyük əksəriyyəti indi arxivdə qorunur, atam öz sağlığında onları arxivə təqdim etdi. Nəsibə xanımın bu taya gəlişi, 25 illik ana-oğul həsrətinə son qoyulması Azərbaycan xalqının gözündə sanki Türkmənçay müqaviləsinin sonu kimi görünürdü. Xalqın ürəyi ümidlə dolmuşdu…

– Deyilənə görə, anası Söhrab müəllimi ancaq gecələr seyr edirmiş, qorxurmuş gözü-gözünə alışar, sonra xiffətini eləyər…

– Təsəvvür edin ki, atam sutkada 3-4 saat yatan adam idi. Amma anası burda olanda o altı ay ərzində normal yatıb yuxusunu alırdı. Mən daha görmədim ki, o sutkada 3-4 saatdan artıq yatsın. Nənəm gecələr oğlunun başının üstündə dayanıb ona tamaşa edə-edə ağlayar, anam da o biri otaqda bu ana-bala həsrətinin üstünə öz qəribliyini də yada salıb acı-acı ağlayardı… Qəriblər ailəsi idik – qismətimiz qərib, taleyimiz qərib…

Atam çox təkid etdi ki, ana, sən ömrünün böyük hissəsini o tayda, o biri oğlanlarının yanında keçirmisən, qal həmişəlik burda. Dedi, oğul, Firudin Amerikada oxuyur, təhsilini bitirib gəlməlidir, Pərviz də biçarə fəhləlik edib uşaqlıqdan, hər şeyi əlinin qabarıyla qazanıb, mən onu necə tək qoyum? Mən səni burda qərib bilirdim, amma gördüm, sən burda qərib deyilsən, bütün Azərbaycan sənin qardaşındır! Amma o binəvalar orda anasız qərib qalacaqlar.

– Səhv etmirəmsə, nənəniz Bakıdan gedəndən az sonra vəfat edib… Bəlkə də bütün gücünü bu görüşə saxlayıbmış…

– Bir il sonra rəhmətə getdi… Nənəm deyirdi ki, ay Söhrab, mən Allahdan möhlət istəmişəm, səni gəlim görüm, ondan sonra rahat gedim. Nəsibə xanım namazını qılıb, yatıb durmayıb. Amma vəsiyyət edibmiş ki, mənə bir şey olsa Söhraba deməyin, çünki infarkt keçirib, ona zərbə olar. Onun ölüm xəbərini bizə demədilər. Biz də Nəsibə xanımı 1972-ci ildə gözləyirdik, xəbər gəlmədi. Sonra SSRİ-nin İrandakı səfirliyi vasitəsilə öyrəndik ki, Nəsibə xanım bir il bundan əvvəl vəfat edib. Atam çox sarsıldı. Sanki yeni vəfat edibmiş kimi anasının bütün yas mərasimlərini burda keçirdi. Dedilər ki, İranda yas mərasimləri verilib, dedi yox, orda ediblər, mən isə burda anama son oğul borcumu verirəm. İnandırım sizi, bütün Azərbaycan yenə bizdəydi, yanımızdaydı. Söhrab müəllimdə ana sevgisi çox güclüydü. Onun əsərlərində bir ana obrazı var: sadə paltarlı bir qadın, ağ saçları ortadan ayrılıb, məğrur üzlü, gözlərində kədər. Doğrudan da nənəmin obrazı eləydi. Nənəm canlı ayrılıq timsalı idi. Ortadan ayrılmış saçlar isə o tayla bu tayın simvolik rəmziydi.

– Maraqlıdır ki, bütün bu ağrı-acılar Söhrab müəllimin xarakterində öz əksini tapmamışdı. Kənardan göründüyü qədər yumşaq xasiyyətli bir insan idi. Bəs evdə necə idi? Necə bir ata idi?

– Mən sizə artıq indiki yaşımın zirvəsindən deyə bilərəm ki, çox gözəl ata, pedaqoq, tərbiyəçi, məsləhətçi, tanıdığım ən gözəl psixoloqlardan biri idi.

– Sizə layla da çalarmış hətta…

– Mənə uşaq vaxtı layla çalardı, mənim üçün “Arım, balım, pətəyim” mahnısını oxuyardı. Düzdür, xasiyyəti bir az ağır idi. Gənc vaxtlarımda deyirdim ki, atamın xarakteri çətindir. Amma indi mən dərk edirəm ki, keşməkeşli həyat yolu keçən insanın xasiyyəti başqa cür ola bilməzdi. Çünki bütün gördükləri, hiss etdikləri, yaşadıqları təbii olaraq onun xasiyyətinin DNK-sını təşkil edirdi.

– Siz özünüz “Şahnaz” adlı gözəl bir povestin müəllifisiniz. Və bu povest Güney Azərbaycan hadisələrinə işıq salır. O hadisələrin fonunda bir qadının faciəsini qələmə almısınız. Atanız necə qarşıladı bu əsəri?

– Mən “Şahnaz” povestini tələbəlik illərindən yazmağa başladım. Sizə bir əhvalat danışım. Birinci abzası yazandan sonra gəlib atama oxudum. Məni acıladı, elə yazma, belə yaz dedi. İncidim. Dedim, ata, daha sənə oxumayacam, özüm necə bilirəm, elə də yazacağam. Amma yazı prosesi uzun çəkdi. Dörd-beş ilə yazıldı o əsər. Özüm makinada yazdım, atam oxudu, bəzi düzəlişləri karandaşla elədi. Ümumiyyətlə yaxşı qarşıladı. O bilirdi ki, məndə alınacaq. Çünki o vaxta qədər Güney Azərbaycanda qadın problemlərinə həsr olunmuş hekayələrim də var idi, atam bunları da bilirdi. Mən də Azərbaycan Demokrat Firqəsinin Gənclər təşkilatının üzvü idim, atamla birlikdə tədbirlərə gedərdim, o ab-havanı görürdüm, mübariz fədai xanımlarımızı – Adilə xanım Çernikbüləndi, Güney Azərbaycan Milli Hökumətinin Baş Prokuroru, 28 yaşında dar ağacından asılan Firudin İbrahiminin fədai bacılarını İrəc xanımı, Iranduxt xanımı, onların çıxışlarını və söhbətlərini dinləyirdim. Bu mübariz xanımların arasında, o ab-havanın içində təbii ki, bu ruhda yazmalıydım. Düşünürəm ki, qadın cahil deyil, mübariz olmalıdır, bu amansız dünyada xalqının və öz hüquqları uğrunda mübarizə aparmağı bacarmalıdır.

– Söhrab müəllim həyat yoldaşına çox bağlıydı, onun ölümündən sonrakı illəri necə yaşadı?

– 1948-ci ildə Bakı Diş Həkimliyi Feldşerlik məktəbində birgə oxuyublar, orada da tanış olublar. 1956-cı ildən 2003-cü ilədək əl-ələ verib həyatın keşməkeşindən mətanətlə, əyilmədən keçmişlər. Ən çətin dövründə onun silahdaşı, yoldaşı olan anamın yoxluğu əlbəttə ki, Söhrab müəllimə pis təsir etdi. Atam bir müddət özünə gələ bilmədi. Anam da həmişə deyərdi ki, bu insan o qədər çətinlik, ağrı görüb ki, artıq ona alışıb, düz deyirdi. Bizim ailədə o qədər ayrılıqlar, həsrətlər olmuşdu ki, artıq alışmışdıq. İtkiləri gülər üzlə yaşamağa alışmışdıq. Həyat yoldaşının ölümündən sonra Söhrab müəllim çökmədi, özündə güc tapıb ayağa qalxdı. Bir müddət siqaret çəkdi, o ümumiyyətlə çəkən deyildi. Mən bir dəfə dedim ki, ay ata, infarktlardan sonra siqaret çəkmək yaraşmır sənə. Dedi, yox, atacam. Elə də oldu. O vərdişini də unutdu. Güclü şəxsiyyət idi.

– Nəsibə xanım, Söhrab müəllimin xəstəliyi necə oldu ki, bu həddə gəlib çatdı?

– Şəkər xəstəsi idi. Mən sizə onun şəkərə tutulmağının tarixçəsini danışım. Söhrab müəllim “Ata” poema-eposunun üzərində işləyirdi. Özü də bağa çəkilib yazırdı. Aylarla öz hücrəsinə çəkilərdi, heç kimi yaxın buraxmazdı. Deyərdik, sənə nə yemək gətirək? Deyərdi, heç nə lazım deyil. Vaxtlı-vaxtında qidalanmamaq, rejimsiz həyat tərzi mədəaltı vəzinin sıradan çıxmağına, şəkərə gətirib çıxardı. Mən hərdən düşünürəm ki, “Ata” poema-eposu onun sağlamlığının hesabına başa gəlib. Söhrab müəllim bu eposu ərsəyə gətirmək üçün öz həyatını nəticə etibarilə qurban verdi.

– Həyatının sonunda ağır anlar yaşadı. Ondan sonra necə tutundu həyata?

– Şəkər xəstəliyi təəssüf ki, xoşagəlməz nəticələrə gətirib çıxardı. Ayağı qanqrena oldu, amma Söhrab müəllim buna fikir vermirdi. Ümumiyyətlə, genetik olaraq çox sağlam adam idi, həkimə getməyi, dərman içməyi sevmirdi, bir az üstünə gec düşdü. Bir müddət onu Hərbi Hospitalda müalicə etdirdik. Müsbət nəticələr verdi. Hətta onun gözü də tutulmuşdu, 2013-cü ildə gözündən əməliyyat olundu. Sonra xəstəlik də öz fəsadlarını verdi. Ölümün yaxınlaşdığını artıq hiss edirdi Söhrab müəllim. Neftçilər xəstəxanasında 10 günə yaxın yatdı, sonra qardaşım Tahirə dedi ki, məni təcili evə aparın. Gətirdik evə. Ərəb əlifbasında yazılan “Ata” poema eposunun dördüncü hissəsi latın əlifbasına çevrilməmiş qalırdı. Onu gecə-gündüz Tahirə diktə etməyə başladı. Tahir latın hərfləriylə əsəri kompüterdə yenidən yığdı. Təcili şəkildə nəfis tərtibatda kitabı çap etdirdilər. Ondan sonra Söhrab müəllimin artıq ayaqlarının ikisi də amputasiya olundu. Əslində ona dincəlmək, sakitlik lazım idi. Özünü yenə də ədəbiyyata qurban verdi. Xalqının qarşısında son borcunu 3500 illik Oğuz tarixinin poema-epos kitabı ilə verdi.

– Son günlərini necə xatırlayırsınız?

– Mən onun haqqında hər gün düşünürəm, o hər an yanımdadır, onunla məsləhət edirəm ürəyimdə. Bizim havanın, iqlimin, fəslin dəyişməsinə uyğun olan bir yerdə o qədər xatirələrimiz var ki… Amma heç vaxt o son günlərindəki kimi təsəvvür eləmirəm. Xatirimdə həmişə gümrah, şax yerişli, məğrur baxışlı qalıb…

Olduqca pis günlər keçirdi. Yazıq çox əzab çəkdi. Düşünürəm ki, onun bütün həyatı da, ölümü də əzab-istirabla dolu oldu…

– Bu taya gəldiyi üçün peşman oldumu nə vaxtsa?

– Yox. Çünki bu tayda o təhsil ala bildi. Burda çoxlu dostları, qardaşları var idi. Bu tayda öz ana dilində danışmaq, yazmaq imkanı, övladlarının öz ana dilində təhsil almaq imkanı var idi. Söhrab müəllim deyirdi ki, mən bilirəm ki, insanın ana dilində danışdığı üçün dilinin kəsilməsi nə deməkdir. Bunu görmüşəm. Peşmançılıq çəkmədi, hətta əksinə, onun Söhrab Tahir kimi formalaşmasında bu tay Azərbaycanın böyük rolu oldu. Bir də ki, o tayda sadəcə 18 il yaşadı. Ömrünün böyük hissəsini burada keçirdi. Təbii ki, doğmaları üçün darıxırdı, ana sevgisi, qardaş sevgisi tamam başqadır. Amma çox şükürlər olsun ki, Güney Azərbaycana gedə bildi, doğmalarının qəbrini ziyarət edə bildi. Hətta rəhmətə gedəndə bizə o taydan torpaq göndərdilər. Söhrab müəllimin sinədaşına o torpaqdan tökdük.

– Adətən insanın ölümündən sonra ona yeni baxış, yeni yanaşma olur, onu yenidən dərk edirsən. Siz atanızın ölümündən sonra onu yenidən necə dərk etdiniz?

– Bu yeni dərkdə mənim özümün də yaş həddimin artmağı – bu dövrdə insan bəlkə də müəyyən kamillik zirvəsinə çatır – böyük rol oynayır. Artıq biz ətrafımızdakı insanlara, bizi əhatə edən hər bir şeyə tamam ayrı rakursdan baxmağa başlayırıq. Bilirsiniz ki, Söhrab Tahir inqilabçı, çağırışçı şair və yazıçı idi. Mən onun yaradıcılığının daha çox bu yönünə bələd idim. Amma Söhrab müəllim həm də gözəl lirik şairdir. Onun gözəl sevgi və füsunkar təbiət şeirləri var. Mən dönə-dönə onları oxuyuram. Həm Söhrab müəllimin çoxsaylı nəsr əsərlərinə yeni dünyagörüşü ilə yeni prizmadan baxış, həm də onu itirdikdən sonra rastlaşdığım adamların atamın yüksək insani keyfiyyətləri haqqında müsbət fikirləri, ürəkaçan mülahizələri onun yeni-yeni gözəl cəhətlərini kəşf etməyimə kömək oldu. Bu da fəxr olunacaq çox gözəl bir duyğudur.

Share: