II yazı
Xalq arasında mart ayını “vuruş, savaş ayı” kimi tanıyırlar. Rəvayətə görə, mart ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir. Bu savaş cəmələrlə başlayır. Cəmənin sayı dörddür, bunlara ilaxır çərşənbələri, yaxud doğruçu çərşənbələr deyilir.
Fevralın ikinci ongünlüyündən başlayaraq Boz ay yer üzünə qədəm qoyur, Boz ayın ilk çərşənbəsi fevral ayına düşür. Hər Cəmənin ömrü, yəni çərşənbələrarası müddət 7 gündür və onun üçü mart ayına düşür. Cəmələr qışın son ayının həftələri olsalar da, Yazın gəlişinin müjdəçiləri sayılırlar. Bunları “üsgülər”, “buğlar” da adlandırırlar. Doğruçu dörd çərşənbə dövründə təbiətə “doğru buğ” gəlir.
Rəvayətə görə, ilk doğruçu çərşənbədə suya istilik gəlir, dağlardakı qar əriyir, çaylardakı suyun səviyyəsi qalxır, axarlığı artır. İlk çərşənbədə qızlar, gəlinlər axar su üstünə gedir, istəklərini suya deyirlər. Sudan doldurub evə gətirir, otaqlara və həyətə Su çərşənbəsindən aldıqları sudan çiləyirlər. Sonra Alın-Günəşin hərarəti çoxalır, tədricən günlər günəşli keçməyə başlayır. Buna görə də, ikinci doğruçu çərşənbə Od çərşənbəsi adlanır. Od çərşənbə Boz ayın xoş üzü sayılır, çünki havalar qızdıqca Yazın nəfəsi duyulur, təbiət oyanır. Evlərdə niyyət səmənilərini bu vaxt tuturlar. Niyyət səmənisi ilin bol, məhsuldar, yoxsa qıt olacağını soraqlayır.
Od, yəni Al-Günəş yeri qızdırandan sonra təbiət oyanır, torpaq cana gəlir. İsti küləklər əsir, hava qızır, şaxta çəkilir. Buna görə də, üçüncü çərşənbə Yel çərşənbəsi sayılır.
İlaxır cəmə Torpaq çərşənbəsi adlanır. Torpaq çərşənbəsi əkinə, şuma, təsərrüfat işlərinə son hazırlıq mərhələsidir. Bu çərşənbədə toxumlar sovrulur, əkin, şum alətləri sazlanır. El arasında deyirlər, İlaxır çərşənbənin plovunu yeyib, şuma qalxarlar.
Cəmələr, doğruçu çərşənbələr Novruz bayramına hazırlıq mərhələsini təşkil etdiyi üçün “Novruz çərşənbələri” də adlanır. Bu dörd çərşənbəyə həm də “İlsonu çərşənbələr” deyilir. İlsonu çərşənbənin ilki “Əzəl”, “Müjdəçi” çərşənbə sayılır. İkinci çərşənbə Kül, üçüncü çərşənbə Gül, sonuncu çərşənbə “İlaxır” çərşənbədir. Bölgələrdə çərşənbələrin relyefə görə yeri fərqli qeyd olunur ki, bu da təbiətin oyanışındakı zaman fərqi ilə bağlıdır. Məsələn, Muğan bölgəsində Torpaq çərşənbəsi üçüncü, Yel çərşənbə dördüncü qeyd olunur və belə çıxır, İlaxır çərşənbə Yel çərşənbəsidir. Güney Azərbaycanın bəzi bölgələrində Od çərşənbəsi son çərşənbədir.
Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 2021-ci ildə Novruz çərşənbələri Azərbaycanda aşağıdakı tarixlərdə qeyd olunacaq:
Su çərşənbəsi – 23 fevralda;
Od çərşənbəsi – 02 martda;
Yel (Hava) çərşənbəsi – 09 martda;
Torpaq çərşənbəsi – 16 martda.
16 mart İlaxır çərşənbədir. Azərbaycanın bəzi bölgələrində, o cümlədən Muğanda İlaxır çərşənbə daha təmtəraqlı keçirilir. İlaxır çərşənbə həm də Dədə-Baba günü sayılır, insanlar ruhları şad etmək üçün yaxınlarının qəbirlərinin üzərində şam yandırır, ocaqlarını boş qoymurlar, yəni isti xörəklər hazırlayırlar. Guya ölülər bu yeməklərin qoxusunu hiss edib, övladlarından arxayın yatırlar.
İlaxır çərşənbə həyətlardə tonqal qalanması ilə də yadda qalır. Ailə üzvlərinin hamısı tonqalın üzərindən atılır, arzularını, niyyətlərini deyirlər. Tonqal, yəni Od Sudan sonra ikinci paklıq simvolu, rəmzi sayılır. Od da, Su da insanı və bütün əşyaları təmizə çıxarır.
Qədim dövrlərdə İlaxır çərşənbə günündə Danatma mərasimi keçirilərdi. Danatma mərasimində tonqal qalanar, onun ətrafında kollektiv şəkildə, yəni oğlanlı-qızlı Alın – Günəşin şərəfinə Allı rəqsi təşkil olunardı.
Qədim türklərin inamına görə, xaç Günəş şüasının suda əksidir və Günəşə baxanda da bu xaçı görmək olur. Başqa inanca görə, Alın simvolu Qurddur. Qurdun türk xalqları arasında mifoloji keyfiyyəti bu inamlardan doğur.
Yenə qədim inanclara görə, Keçi Yazın rəmzidir. Kosa isə Qışın simvoludur. Boz ay Kosa ilə Keçinin mübarizəsi üzərində qurulur, sonda Keçi qalib gəlir. Keçəl Kosa isə ikicanlıdır, yəni onun bətnində qışla yazın mübarizəsi gedir. Nəticədə, Kosa ölür, Yaz dünyaya gəlir.
Keçi Güney Azərbaycanda və Muğanda Təkə kimi təsəvvür olunur. Buna görə də Novruz bayramı ərəfəsində “Kosa-Kosa” oyunu ilə yanaşı, “Təkəoynadan” da meydan sulayır. Şal sallama, qapıpusma, paytoplama və müxtəlif əyləncəli yarışlar bu oyunlardan yadigar qalıb.
Beləliklə, Azərbaycanda martın on doqquzu Bayram axşamıdır, martın iyirmisi isə Bayram günüdür. Yaz martın iyirmisində saat 13-37-də Azərbaycana qədəm qoyur, xalq təqvimi ilə yeni il başlayır.
Qədəmləri uğurlu olsun!
Bilal Alarlı Hüseynov,
filologiya üzrə fəlsəfə doktoru