Xalqa inamsızlıq xalqsızlığı -Soylu Atalı yazdı

Xalqa inamsızlıq xalqsızlığı -Soylu Atalı yazdı

Sovetlərin ən böyük sorunu milli məsələlərin yoluna qoyulmaması idi. Onun çöküşünü hazırlayan Batı gücləri də elə bu məsələdən yararlanıb plan qurdular, planlarını da başarı ilə sonuca çatdırdılar. Sovetlər milli sorunları yoluna qoya da bilməzdilər, çünkü imperiya milli sorunları qıfıl altında tutmasa öz varlığını qoruyub saxlaya bilməz…

Bu ayrı bir qonudur. Bu qonu ilə giriş eləməkdə istəyimiz odur ki, heç kim, indi yazacağımız baxışlara görə, bizi sovetizm həvəskarı kimi düşünməsin. Biz istənilən antiinsani quruluşu dışlayan bir Baxışın daşıyıcılarıyıq…

Sovetlər dağılandan üzü bu yana Azərbaycan toplumunun inamı, umudu sarsıla-sarsıla (ya da sarsıdıla-sarsıdıla) gəlir – hakimiyyətə, dövlətə inamı, gələcəyə umudu. Biz yazılarımızda dönə-dönə vurğulamışıq, Azərbaycan toplumunun gözündə hakimiyyətlə dövlət arasında bərabərlik işarəsi var. Çünkü bu hakimiyyət dövləti dədə-bala malı kimi mənimsəyib daim özünəyarar adamları (ayrı-ayrı dövlət strukturlarında) yönətimin başına gətirir. Onlar da, çoxluq baxımından, hüquq normalarına, qanunlara önəm vermədən özbaşınalıqlar içrə davranırlar. Heç kim xalqın qulluğunda durmaq şüuruna yetmir, ona verilən yetkililiklərdən (səlahiyyətlərdən) sui-istifadə edərək, xalqı aldatmaqla, ona qarşı basqı göstərməklə uğraşır. Sonucda xalqla dövlət qurumları arasında dibsiz uçurumlar əmələ gəlir. Bir sözlə, xalq mənəvi pozuntulara uğradılır. Bu pozuntuları yaradanlar xalqa qarşı güvənsizlik, inamsızlıq təbliğatı qururlar. Onu küçümsəyirlər, aşağılayırlar, hakimiyyətin hər addımda xalqa qarşı sərt davranışlarını haqlı göstərməyə çalışırlar. Buna misal olaraq, bir məsələyə baxış sərgiləmək yerinə düşər. Bildiyimiz kimi, qonşu Gürcüstanda “koronavirus cərimələri” ikinci dəfədir ortadan qaldırılır. Bu məsələyə yönəlik Azərbaycanda bəzi basın (mətbuat) orqanları sorğular keçirirlər. Bunu Azərbaycanda da eləməyin alınıb-alınmayacağı ilə bağlı Milli Məclisə mandat alan bəzi adamların düşüncələrini yayınlayırlar. Onların düşüncələrinə görə əgər cərimələr ortadan qaldırılarsa, toplumumuz sorumluluğu itirər, arxayınçılıq yaranar, koronavirusa yoluxmalar daha da genişlənə bilər. Baxın, millətə inanmayan, onun sorunlarının ortadan qalxmasına yardımçı olmayan belə adamlar millətdən səs toplayıb onun Məclisi adlanan quruma mandat aldıqlarını necə iddia edə bilərlər?! Millətə inanmayanlar onun (millətin) səsini oğurladıqlarını bu cür davranışları, danışıqları ilə dönə-dönə sübut edirlər. Doğrudanmı Azərbaycan toplumu Gürcüstan toplumu qədər də güvəniləsi deyil?! Toplumu aşağılayan adamların onun adından qanunlara səs verməyə nə haqqı var?!

Bizim toplumumuz acığa salınıb. Ona görə bəzi məsələlərdə acıqla davranıb hansısa qaydaları gözləməyə bilər. Bunun günahını isə toplumda deyil, onu hər addımda aldadan, aşağılayan dövlət görəvlilərində axtarmaq gərəkdir. Toplumu aşağılayanlardan soruşmaq gərəkdir: nə vaxt topluma qarşı ədalətli davrandınız, onun haqqına-hüququna qiymət verdiniz ki, toplum öz sorumluluğuna (məsuliyyətinə) əməl etmədi?! İnsanımıza İnsan kimi yanaşın, onda görəcəksiniz, onun ləyaqəti hansı yüksəkliklərə dayanır. Toplumu aldatmaqdan əl çəkin, ortaya ləyaqət qoyun, sizin ləyaqətinizə inansın, onda görün, hər şey necə yoluna düşür.

Biz heç bir xalqa qarşı deyilik, heç kimi də aşağılamaq istəyində olmamışıq. Ancaq doğrunu da deməyə “siyasi suç” adı qoymamışıq. Azərbaycan toplumu Gürcüstan toplumundan həm çox qədimdir, həm də ondan qat-qat dərin dəyərlər, mədəniyyətlər yaradıb İnsanlığa sunubdur. Bunu görməyən, anlamayan adamların bu toplumun adından danışmasının özü mənəvi suçdur, İnsanlığa da tərsdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

17 Ata Ayı, 43-cü il. Saray-Soylu.

(sentyabr, 2021).

 

Share: