Xalqı aldatmaq dövləti gücsüzləşdirər

Xalqı aldatmaq dövləti gücsüzləşdirər

Soylu Atalı

Dinc-amanlıq çağlarında xalq sadəcə say kimi görünür. Hər kəs öz işində, hər kəs fərdi qayğıları ilə uğraşıb yaşayır. Çünkü dövlət var deyə, xalq özünü güvəndə bilir. Çünkü dövlətin öz xalqını yadelli işğallardan, qırğınlardan qoruması üçün ordusu var. Bu ordu xalqın öz övladlarından yaranır.

 

Çətin anlarda isə dövlətin başlıca görəvi say kimi görünən xalqı bir bayraq altında birləşdirmək, onun birliyindən qoruyucu, qurucu güc yaratmaqdır. Dövlət xalqın gücünü həm yadelli basqılara qarşı, həm də içəridə birgəyaşayışın uğurlu nizamı üçün qullanmalıdır. Ona görə anayasada xalq dövlətin başlıca qaynağı, əsas sütunu sayılır…

Bu açıqlamaları genişləndirmək də olar, ancaq istəyimiz dövlətin görəvinin fəlsəfəsini aydınlaşdırmaq deyil. Söz yox, dünyada dövlət janrı hələ insanlığın tələblərinə tam cavab vermir. Çünkü dövlətin başına, yönətiminə gələnlər İnsanlaşmırlar, Ağalaşırlar. Dövlətə malı-mülkü kimi baxaraq, daha çox öz çıxarları üçün qullanırlar. Ona görə də dövlətin ədalətli görünən qanunları əmələ keçmir, söz olaraq qalır, etkisiz nəzəri bazaya çevrilir. Xalqa da həmişə nəzəri baza olan qanunları göstərirlər. Yəni xalq daim aldadılır. Sonucda xalq öz dövlətinə yadlaşır, güvənc ortadan qalxır. Anarxiya, özbaşınalıqlar, oğurluqlar da bu üzdən artıb genişlənir. Dövlət bu gedişlərə qarşı zor işlətməli olur. Həm də xalqı öz gözündən salmaq təbliğatları qurur. Guya xalqın içində dövləti ələ keçirməyə çalışanlar var, dövlət onları susdurmaq zorunda qalır. Əslində dövlətin olanaqlarından yararlanıb xalqın haqqını yeyənlər, onun varını-malını oğurlayanlar xalqı dağınıq duruma salırlar, xalqın Birlik gücünü qırırlar. Xalqı həyat uğrunda, yaşamaq, daha doğrusu, dolanmaq uğrunda mübarizəyə qoşmaqla onu böyük məqsədlərdən ayırırlar. Xalqın içində dəyər yaranmır, mədəniyyət gəlişmir. Hər kəs ailəsinin acından ölməməsi üçün çabalar göstərməklə yetərlənir. Bu durum getdikcə dərinləşib ağırlaşarsa, ya xalqın içindən qeyrətli, təpərli insanlar qabağa durub onu üsyana hazırlayır, ya da qıraq güclər xalqın içinə girib ona yalançı (bir az da doğruçu) vədlər verib öz dövləti ilə qarşıdurmalara çəkir. Sonucda dövlətin gücü sarsılır, başqa güclərdən asılı duruma düşüb onların çıxarlarına qulluq göstərməli olur. İstənilən halda, dövlətin gücünün sarsılmasının əsasında xalqı aldatmalar, ona qarşı ədalətsiz davranmalar durur.

Bütün bu dediklərimiz Azərbaycanda ən sərt şəkildə özünü göstərməkdədir. Xalq daim aldadılır, aşağılanır, çörəklə sınağa çəkilir. Dövlətin milli ideologiyası olmadığına, ya da işləmədiyinə görə bütün strukturlarda özbaşınalıqlar hökm sürür. Gəncliyin bəlli bir kəsimi işsizlikdən, avaralıqdan pozulub gedir, ailə qura bilmir, quranların bir çoxu anlaşılmazlıq, dolanışıqsızlıq ucundan dağılıb sıradan çıxır. Bir daha vurğulayırıq, içəridə gedən bu proseslər dövlətin gücsüzlüyünü yaradır. Bir sözlə, bütün qanunsuzluqlar, özbaşınalıqlar toplumun içinə dövlətin başından yayılır. Dövlət kimi qutsal bir olay – onu yönətənlərin əlində oyuncağa çevrilir. Bununla da xalq hər addımda parçalanmağa məhkum edilmiş olur…

H.Əliyev hakimiyyətə gələndə Rusiyanın çıxarlarına qulluq göstərən adamları görəv başına yerləşdirdi. Bu günkü hakimiyyət isə xalqın içində Rusiyanın çıxarlarına qulluq edən böyük bir gücün (5-ci kolonun) olduğunu təbliğ etdirdi. Söz bilən, bilməyən hər kəs də başladı 5-ci kolondan danışmağa. Ancaq çoxları bu 5-ci kolonu yaradanın adını da tutmadı. Bu məsələ də xalqın içində yaranan çoxyönlülüyün (əslində dağınıqlığın) görsənişidir. Bunu da indiki hakimiyyət yaradıb. Bu da dövlətin gücsüzlüyünün görsənişidir.

44 günlük Vətən savaşı oldu, ordumuz böyük fədakarlıqlar elədi, insanlarımız canlarından keçdilər. Sonucda düşməni torpaqlarımızdan çıxarmaq prosesi yarıda dayandırıldı. Rusiyanın qoşun birliyi “sülhyaradıcı” adı ilə vətənimizə yeridildi. İndi orada hər cür özbaşınalıqlar həyata keçirilir. Azərbaycanın öz torpaqlarının bəlli bir parçasında söz haqqı yoxdur. Bütün bunlar gözlənilən idi. Çünkü bu olanların əsası 90-cı illərdə qoyulub – Rusiyayanlıların görəv başına gətirilməsi, on illərlə bunun davam etdirilməsi ilə. Azərbaycanın taleyini, siyasi çıxarlarını özünün hakimiyyətçilik çıxarlarına qurban verənlər, Rusiyanın qarşısında öhdəliyi olanlar Azərbaycanın suveren hüquqlarını necə bərpa eləyə bilər ki?!

İllərdir xalqı içəridəki məsələlərlə bağlı aldatdıqları üçün indi dış məsələlərimizlə, daha doğrusu, sınırlarımızın pozulması ilə bağlı məsələlərdə də aldatmaq zorunda qalırlar. Bu gün Rusiyanın özbaşınalıqları ilə bağlı doğruları xalqa desələr, özlərinin heç nəyə yaramadıqlarını sübut eləmiş olarlar. Ona görə torpaqlarımızın bəlli bir parçası işğalda olduğu halda, “Azərbaycan ərazi bütövlüyünü təmin edib” deyirlər. Toplumu aldatdıqlarını düşünürlər. Əslində indi heç kim aldanmır, çünkü hər şey bütün aydınlığı ilə ortadadır. Sadəcə toplumun hakimiyyətə yarınan bir parçası bu yalanı təbliğ etməklə uğraşır. Özünün tutduğu görəvə, əldə etdiyi qazanca, dolanışığına görə mənliyini yalanlara qurban verir. Sonucda toplumun baxışları parçalanır, bütövlük, Birlik baş tutmur. Əgər toplumda Birlik, baxış bütövlüyü olsaydı, daha doğrusu, hakimiyyət bunu yaratmış olsaydı, açıq şəkildə deməli idi: “torpaqlarımızı sonacan işğaldan qurtarmağa Rusiya əngəl oldu, olmaqda davam edir”. Çünkü xalqın qədrini bilən hakimiyyəti xalq anlayardı, onun arxasında durardı. Bir-birinin dalınca ziddiyyətli təbliğatlar da toplumda ikrah doğurmazdı. Baxın, həm “ərazi bütövlüyümüzü təmin etmişik” deyirlər, həm Arayik Arutunyanı beynəlxalq axtarışa verirlər. Arayik Arutunyan odur, işğaldan qurtara bilmədiyimiz Xankəndidə diplomatik görüşlər keçirir.

Ya da, əgər ərazi bütünlüyümüz bərpa edilibsə, minlərcə erməni ordu birləşmələri Azərbaycan topraqlarında nə axtarır?! – Dövlətin başında bu qədər geri düşüncə olmalı deyil axı. Doğrudanmı bu hakimiyyət inandı ki, Rusiyanın ordu bölüyü vətənimizə soxulmaqla hər şeyi yoluna qoyacaq, erməni yaraqlılarını da qovub Ermənistana göndərəcək?! Bunu bilmək çoxmu çətindir ki, Ermənistanı Rusiya özü üçün yaradıb, özü üçün də ermənini sonacan qoruyacaq. İçimizdə daim təxribatlar, qırğınlar törədib böyüməyimizin, bütövləşməyimizin, gücə çevrilməyimizin qarşısını kəsəcək.

Azərbaycan hakimiyyəti deyir, ərazi bütövlüyümüzü təmin elədik, “Minsk Qrupu”nun işğalçıları isə bəyan edirlər ki, “Qarabağın status məsələsinə baxılacaq”. İşğaldan qurtarılan torpağın da statusuna baxılarmı heç?! Necə oldu, Rusiyanın qoşun bölüyü “sülhyaratma” adı ilə Azərbaycana yeridi, dünya gücləri, biz də varıq deyə, buna ciddi təpki göstərmədi?! Ya Rusiya təkbaşına bölgədə gərginliyi qorumağı bacardı, ancaq Amerikanın, Fransanın “statusa baxılmalıdır” tələbinə qarşı durmadı. Tərsinə, bu tələbə özü də qoşuldu?! Açıq görünür ki, bu üçlük Azərbaycana qarşı birlikdə hərəkət edir. Çünkü Rusiya yaxşı bilir ki, təkbaşına bu bölgədə Azərbaycan-Türkiyə birgəliyini yönətə bilməyəcək. Bu gün Batı gücləri də Krım məsələsinə görə Rusiyanın üzərinə getmirlər. Hələ ki, Rusiyanın Güney Qafqazda zəifləməsi Batının çıxarlarına uyğun deyil. Türklüyün gəlişməsi dünya güclərini, gizli də olsa, bir araya gətirir. Krım məsələsinin çözülməsi də Türklüyün gəlişməsinə qulluq göstərə bilər. Yəni Rusiya ilə tarix boyu çəkişən, öcəşən Batı, Türklük məsələsində onunla hər zaman anlaşmışdır. İndi də “Minsk Qrupu”nun Qarabağ məsələsi ilə bağlı “danışıqları bərpa eləmək” çağırışları – Azərbaycanı yenidən parçalamağa hesablanıbdır. Batı ilə Rusiya “ovu” birgə ələ keçirirlər, sonra da onu bölmək uğrunda bir-biri ilə mübarizə aparırlar.

Bütün bunları bilə-bilə Azərbaycan hakimiyyəti öz xalqını aldatmaqda davam edir, doğruları dilə gətirib toplumu toparlamaq haqqında düşünən görünmür. Ölkədə hələ də özbaşınalıq, qanunsuzluq, dövlətin talanması söz qonusudur. Yalan təbliğatlar, başqatmalar ən yüksək düzeydə həyata keçiririlir.

Bu deyilənləri çağaşırı dilə gətirib toplumu nəyə, hara çağıraq, bu çağırışımızın bir önəmi olurmu?! – Bilmirəm! Ancaq söz qonusu Vətəndir. Vətənlə bağlı pessimist ovqatlara heç yer yoxdur. Biz Gürcüstan kimi, Ermənistan kimi balaca bir ada deyilik, onun-bunun ağayana siyasi yardımına əl açaq. Biz böyük Türk dənizinin bir parçasıyıq, bizim 50 milyonluq güclü dövlətə çevrilmək kimi tarixi şansımız var. Güney Azərbacyansız Azərbaycan gücsüz Azərbaycandır. Güney Azərbaycan qonusu ən yüksək düzeydə gündəliyə gətirilməlidir. Biz tarix səhnəsindən silinməyə süründürülməyimizə göz yummamalıyıq. “Onun vaxtı deyil, bunun vaxtı deyil” deyib itirə-itirə tükənməli deyilik.

“Azərbaycan virdir. Əgər ikidirsə, o, yoxdur əslində. (Asif Ata).

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var olsun!

18 Ata Ayı, 43-cü il. Saray-Soylu.

(sentyabr, 2021).

Share: