Xalqın böyüklüyü onun dilindədir – Rəvan Cavid yazır…

Xalqın böyüklüyü onun dilindədir – Rəvan Cavid yazır…

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Türkiyədə yaşayan azərbaycanlıların çox az qismi Türkiyə türkcəsini yaxşı bilir və ya mənimsəyir. Hazırda təhsil aldığım universitetdə test üsulu ilə imtahan verib rəsmi türk dili sertifikatı almışam.

Sertifikatda yazılan məlumatlara görə, mən Türkiyə türkcəsini bütün səviyyələrdə (danışıq, oxumaq, yazmaq, akademik və bədii) yaxşı bilirəm. Ancaq dialoqda olduğum türkiyəlilər tez-tez məndən Qarsdan, yoxsa Vandan olduğumu soruşurlar.

Yəni azərbaycanlıların türk dili bacarıqları nə qədər mükəmməl də olsa, biz nə qədər o türkcəni yaxşı (hətta bəzi türkiyəlilərin özlərindən də yaxşı) bilsək də, intonasiya, hərflərin səslənişi və sair bizi əyalət dilindən və leksikonundan qurtara bilmir. Qrammatikası çətin olduğu qədər də intonasiyası və dilin ritmi də bir qədər fərqlidir.

Hazırda Türkiyənin rəsmi dili olan türkcə ərəb-fars, fransız, türk dillərinin qarışığından ibarətdir. Gündəlik istifadə olunan cümləni təhlil edəndə görürsən ki, fellər xaric bütün sözlər alınmadır. Universitetlərdə tədris olunan Osmanlı türkcəsi də təpədən-dırnağa fars və ərəb sözlərinin əsarətindədir.

Bir dəfə küveytli bir dostum mənə dedi ki, türklər danışanda onları qırx faiz anlaya bilirəm, çünki sözlərin çoxu ərəbcədir. Sonra da dini dünyagörüşümü bildiyi üçün əlavə etmişdi ki, görürsən, İslam faktı haralarda gəlib qabağımıza çıxır?! Bir ərəblə cəhliləşmək istəmədiyim üçün cavab vermişdim ki, çox təəssüf ki, belədir.

Yeni dünyada iki böyük dil var: ingilis və latın dili. Rəqəmsal dünyada həyatımıza hər gün yeni kəşflər və ixtiralar ingilis dilində daxil olur. Ədəbiyyatlar ingilis dilinə tərcümə olunur. Devid Damroş dünya ədəbiyyatının ingilis dilində olacağını və milli ədəbiyyatların sadəcə mövzu və xarakter müstəvisində milli qalacağını yazırdı. İqtisadiyyat və siyasətdə bunun adı “əridici qazan”dır. Bütün milli və kiçik dilləri, düşüncələri o “qazanda” qarışdırıb dünyada bütöv bir sistem yaratmaq istəyində olan güclü və mədəni siyasət var. Milli dillər o “qazanda” sadəcə duz-istiot funksiyası daşıyır.

Bir misal da çəkib keçirəm sözümün canına. Qazaxıstan müstəqilliyini elan edən gündən bu yana hələ də milli dilini yarada bilməyib. Dövlət səviyyəsində dil qazaxcadır, amma siyasilərin özləri də rus dilində danışıb, xalqa rus dilində müraciət edir. Qazaxıstanlılar rus dilini qazax dilindən çox sevir. Onlar öz milli kimliklərinə hörmət etməyi öyrənməyib.

Yanlarındakı Özbəkistanda isə vəziyyət fərqlidir. Bir özbəklə həmsöhbət olanda görürsən ki, o səndən də, qazaxdan da, elə türkiyəlidən də daha çox türkdür. 2002-2003-də doğulan qazaxlar da rus dilinə və ruslara böyük heyranlıq göstərirlər. Əslində, zaman keçdikcə, sovet epoxası köhnəldikcə vəziyyət dəyişməliydi. Deməli, dəyişməyibsə, burdakı qüsur milli dilin və ya təbliğinin olmamağıdır.

Fransızla ingilis dilində danışanda xətrinə dəyir. Dəvə belindən düşmüş ərəbə də türkcəni öyrətmək zülm olur. Deyirlər, biz axı sizdən daha böyük millətik. Elədiyiniz dua bizim dildə, oxuduğunuz Quran bizim dildə, danışırsınız, hər on sözdən yeddisi bizim dildə. Elə isə gəlin siz bizim dili öyrənin də. Xalqın böyüklüyü onun həm də, bəlkə də, birinci növbədə dilindədir. O dil faktı ki, ingilislər məhz dillərini və mədəniyyətlərini qopara bilmədikləri üçün Hindistandan çıxmağa məcbur qalmışdılar.

Şahbaz Xuduoğlunun son günlər gündəm olan qeyri-ciddi təklifi bu baxımdan məni təəccübləndirdi. Guya hörmətli Şahbaz müəllim mənim yuxarıda yazdıqlarımı bilmir? Bilir, hələ on qat daha çoxunu bilir. Azərbaycan oxucusu, bəli, türkcə oxuyur, kinoya türkcə baxır, serialları türkcə izləyir, əlinin altında olan məlumat bazası türkcədir, təhsil almağa Türkiyəyə gəlir. Şahbaz müəllim onu da doğru vurğulayır ki, türkcə kitablar daha çox satılır. Mən “Ali və Nino” mağazasında fasilələrlə iki il işləmişəm. O iki ildə satdığım kitabların doxsan faizi türkcə olub. Dövlət dilimiz Türkiyə türkcəsi ilə dəyişdirilsə (adamın bu cümləni yazanda gülməyi tutur), mütaliə edənlərin də sayı çoxalacaq (burda gözləri yuxarı baxan ciddi smayl var). Bu mövzuda nəsə yazmağa adam ərinir. Kor-kor, gör-gör müəllimin dediyi hər şey düzdür. Di gəl ki, Şahbaz müəllim dilimizin təbliğini, tərcümə prosesini daha da yaxşılaşdırmaq yolunda təkliflər irəli sürməkdənsə, baltanı kökündən vurur. Onu da qınamıram. Kitab təbliğinə ölkədə nə qədər pul ayrılır, tərcümə prosesinə başda Mədəniyyət Nazirliyi, sonra da

AYB nə qədər maraqlıdır?

Amma mənim Şahbaz müəllimə daha yaxşı təklifim var. Gəlin rəsmi dili elə ingiliscə edək də. Beş-on ilə bütün tələbələrimiz ingilis dilində Azərbaycan dilindən yaxşı danışacaq, siz də kitablarınızı daha çox satacaqsınız. Universitetlərdə bütün fakültələrin ingilis dilli qrupları açılacaq. Siz də nəinki bədii ədəbiyyat, hətta dərsliklər də sata bilərsiniz. İngilis dilində oxumaq türkcə oxumaqdan min dəfə faydalıdır.

Əgər bütün problem kimin hansı dildə oxuması və hansı dildə daha çox kitabın satılmasıdırsa, ingilis dili daha yaxşı alternativdir. Yox, əgər problem dilimizin kiçikliyi, tərcüməyə yararsızlığı, maraqsızlığıdırsa, bunun həlli dövlət dilini dəyişmək deyil!

Yeri gəlmişkən, Türkiyədə dil alimlərinin və naşirlərin tərcümə problemindən bəhs edən çıxışlarını dinləyəndə fikirləşirdim ki, ilahi, gör bunlar belə danışırsa, bizim tərcümə insitutlarımız neçə il geridədir?

Share: