Xalqının  seviləni – sevgilərin  çeşməsi

Milli Qəhrəmanımız  Mübariz  Ağakərim oğlu İbrahimovun  Qəhrəmanlıq yolu-

əbədiyyət  köçü ,  18  iyun…2010-cü  il…Ruhun şad olsun. Amin!

BƏDİRƏ RZA HƏSƏNQIZI yazır

(Neftçala)

 

Bilirsənmi…?

 Nə qədər oğullar var… bənzəmək  istər  sənə…

Bilirsənmi, oğul, duyursanmı, sənin  yolun  haqq yoludur,  sevib gedən, könül verən, bax, nə qədər sevənlərin vardır sənin…

Ötsün zaman, hər nə qədər, küləkləri, xəzanları…hələ zaman nədir belə, qıya bilsin bu sevgiyə…?

Ala bilməz, yora bilməz,  hər şəfəqdə bil, yenidən doğulacaq,  bil, yenidən parlayacaq  sənə  gələn  sevgi  yolu…

Bu yol, adi bir yol deyil, bu yol “sevgi- çeşmə” yolu! Çeşməsində qaynayır, bax, bir vulkantək  kükrəyəcək -Vətən yolu! Kükrədikcə  qığılcımlar, dağılacaq namərdlərin qorxaq səsi – açılacaq o çığırlar, açılacaq “ilhaq yolu”, vətənimin şərəf yolu, igidimin qeyrət  yolu, ədalətin o haqq yolu, məzarsızın intizarda qalan yolu—Bu xalqımın zəfər yolu!

Açılacaq o haqq yolu!!!

Arzuların çeşməsində yaşayırsan,

Sən xalqının beşiyində doğulursan, hər gün, hər an…

Körpələrin şahzadəsi, məktəblinin vətən səsi, əsgərlərin sərkərdəsi… Ağ atlısan yuxularda, büst ucaltdın könüllərdə, ürəklərdə, hər ulduzlu gecələrdə, xəyallarda…

Bilirsənmi, nə qədər də çoxdur sevənlərin – sonsuz sənin… Bu sevginin ölçüsü yox – ilk daşından son daşına – daşıyacaq  çeşmə  yolu...

O, Əliabad kəndində sadə bir ailədə doğulmuşdu. Sadə olduğu qədər dəyanətli, cəsur olduğu qədər sədaqətli, halal olduğu qədər yurdsevər bir ailədə… Dinləyirik, xatirələr bir ulduz tək parlayır hər yaşamında, ömrün həsrət yollarında… Parlayacaq hər bir sözün, uşaqlığın, gənclik dövrün…

Gənclik dövrün – 22 yaşın şücaəti, Qəhrəmanlıq şəlaləsi, nəğmələrin ən gur səsi… hər damlası bir ümmandı, hər damlası bir üsyandı, yurdun nigaran yoluna, susuz dinən torpağına bir nəfəsdi, tarixində haqq yoluna, harayların həsrətinə saf yolundu…mücadilən, görk  yolundu düşmənlərə…  o sevginin işigıdir milyon qəlbə ümid deyən…

Örnək deyə, döydük qapın, biz o gündə bir atanın oğul- deyən həsrətində yandıq, yandıq…yanan  könül  bir sözü heç unutmayır…

-“Təsəllimiz yoxdu belə…tək təsəlli —xalqın məhəbbətidir. Görürük ki, xalq onu çox istəyir…”

Bir qrup məktəblini –örnək deyib, gətirdik biz, ocağına. Örnək ömür yaşamısan. Sən  xalqının  baş  tacısan!

Öz imzanla bir yol çəkdin, əsir yurdun harayına,

Dedin budur: Belə gedək, biz yurdumun xilasına…

 

Kəsək  xain izlərini, haqq  işimiz  sona  yetsin,

Torpağıma  xain  baxan,  qovulsun  qoy,  izi  itsin!

 

Tənindəki  mərdliyinə  heyran  qalıb  bütün cahan,

Tək  adınla  ordu  kimi qalib yazdın  yurdu, inan!

 

Şükür  sənə, Ey Yaradan, sədaqətə, yola  şükür!

Bu millətə bəxş  etdiyin  cəsur  oğullara  Şükür!

 

Sarsılsın  qoy xain düşmən, tor qurduğu yuvasında-

Xəyanəti  dönsün  ona,  silinsin  qoy  davasında.

 

Əssə külək, hər nə  qədər  tariximdə  görünəçək,

Mübarizim,  ləpirində  açacaqdır  hər  vaxt  çiçək!

 

Milyonların  sevən  qəlbi, könül  gözü səninlədir,

Şəhid  dərdli  anaların  ilkin  sözü  səninlədir.

 

Səninlədir  yurd  haraylı  didərginin  ümid  yolu,

Səninlədir  zəfərimin  sadasında  igid  yolu!

 

Qorxmaz  oğul, sən  tarixin  daş  harayı, yaddaşısan,

Doğulandan  qiyamətə  bu  yurdumun  baş  tacısan!!!

 

Biləsuvar rayonuna daxil olarkən kəndin göz önündə canlanır… Hələ çatmamışıq kəndə…Məhəlləyə çatınca bir az da  həyəcan bürüyür bizi…Sanki,  ayaq basdığımız torpağın müqəddəsliyi çəkindirir bizi…layiq olmaq gərəkdir düşüncəsi ilə…borclu qalmamaq gərək, əqidəsilə…Sənin şərəf tacına-layiq olmaq gərəkdir! Getdiyin o haqq yolunun müqəddəs ətrini qorumaq gərəkdir məsuliyyətilə..

Sənin yaşadığın, sənin nəfəsin olan ocaq nə qədər doğmadır, sevgi  çeşməsidir bizə…Çox söylədim mən bu sözü. Nədənini tapım deyə… başqa  yolun bilməyirəm…Çün,  başqa yol  yoxdur belə, bu sevgidə, bu ətirdə… Laylasında ocaq olan, yuxusunda inam olan, öyüdündə ədalətə güvən olan! Sənin yolun-sevgi yolu…İnsanlığın xilasına, körpələrin yuxusuna, torpağının laylasına, Şəhidlərin, əsrlərin harayına –sevgi yolu! Əməlinin müqəddəsliyidir səni sevgilərin tacında şölələndirən, rövnəqini  hər  ötən  gündə  yenidən  artıran…

Əməlin  ucadır  Tanrı  yanında,

Haqqın  dərgahında  zirvədir  yerin.

Sən  elə  örnəksən  ömür  yolunda

Zamanın  sınağı  gücsüzdür  yəqin!

 

Şücaət  adınla  qoşadır,  qoşa,

Layiqsən! Vətənlə  əbədi  yaşa!

Ey  Mübariz  oğul,  ey  cəsur  əsgər,

Qisasın  zamanla  yetəcək  başa!

 

Əfsanə deyimmi, yox, doğru  olmaz,

Sən  həyatın  özü,  həqiqət  idin!

Qəlbində  inləyən  Vətən  dərdini,

Qorxusuz  hayqıran  sədaqət  idin!

 

Nifrətlə  yeridin  düşmən  üstünə,

Qaranlıq   gecədə  lərzəyə  saldın.

Qisas  hökmü  verən  cəsarətinlə,

Min  illik   tarixi  geriyə  aldın!

 

Qorxu   zəncirini  elə  firladın,

Şərəfsiz  düşmənin  bağrı  yarıldı.

O, zülmət  gecədə Rəbbim  səninlə-

Sanki  qisas  üçün  ordu  yaratdı!

 

İnana  bilmədi  şərəfsiz  kafir,

Verdiyi  itginin  fərqli  sayına.

Tarixə  utancla  yazıldı  adı,

Özgə  torpağından  səhv  iddasına.

 

Ədalət  hər  zaman  alır  yerini,

Torpağa  məhəbbət  soyundan  gəlir.

Sənə  layla  deyən, çox  öyüd  edən-

Seyid  ocağından,  kökündən gəlir!

 

Bir  əməl  yaşatdın  tariximizdə,

İgidlər  ömrünün  davamı  oldu.

Sənin  pak  niyyətin, mübarizliyin-

Elin  yaddaşında  bir  dastan  oldu!

 

Sorağın  yayıldı, sərhədlər  aşdı,

Odlar  ölkəsində bir od doğuldu,

Qazandın xalqının  hər kəlməsində,

Mübariz  qeyrətli  bir  oğul oldu!

 

Ürəkdə  nifrətin  gücü  coxdu, cox,

Saymaqla  bitməyir  xəyanət  izi.

Hansın  desək  belə – qanla  yazılmış,

Əsrlər  yaman  çox  sınayır  bizi.

 

Nə  qədər  sınansaq  dönməyəcəyik!

Yenidən  doğulub  güclənəcəyik!

Mübariz   ruhuyla  açılan  səhər,

Hələ  çox  hücümlar  düzənləyəcək

RUHUN   ŞAD  OLSUN. VƏTƏNSEVƏR  OĞUL,  İLLƏRİN   SEVGİ  ÇEŞMƏSİDİR—GETDİYİN  YOL,  SƏDASINDA   NƏFƏS  ALIR  —  ÖMRÜN   SƏNİN ,..

Bədirə  RZA  Həsənqızı – 




 

Share: