Azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalib (Bəxtiyar Məmmədov) “Orta” videopodkastının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, o, həyat yoldaşı və 2022-ci ilin mayında doğulmuş qızı haqda danışıb.
“Həyat yoldaşım islamı qəbul etmiş ukraindir. Bir gün ona dedim ki, yaylıq taxmağa cəhd et. Digər tərəfdən yanaşdım, dedim ki, bu axı dəbli görünür. Afrikalılar yaylığı gözəl taxır, o isə Afrika mədəniyyəti və musiqisini sevir. Ona foto göstərdim. Dedim ki, bax, necə dəblidir və o, əvvəlcə yaylığı hicab kimi taxmağa başladı”, – Jah Khalib deyib.
İfaçı qeyd edib ki, tezliklə həyat yoldaşı yaylıq taxmağa alışdı: “Bu, supergözəl və superdəblidir. O, yaylıqlarla eksperiment aparmağa başladı. O, yaylığa öyrəşəndən sonra dedim ki, onu çıxart və küçəyə çıxmağa cəhd et, təəssüratlarına baxaq. 3-4 ay yaylıqda gəzdi, küçəyə yaylıqsız çıxanda isə dedi ki, özünü lüt, təhlükədə hiss etdi”.
Atalıq hissi haqda danışan Jah Khalib bunları deyib: “Hələlik onu sadəcə qoxlayıram, o dadlı qoxur. Bu gün onu ilk dəfə çimdirdim… Kişilərdə qadınlarda olduğu kimi anadangəlmə ana instinkti yoxdur. Amma çox xoşbəxtəm. Qastrol səfərlərində onun fotolarına baxıram, onunla görüşü gözləyirəm. Bu, inanılmaz xoşbəxtlikdir, bilmirəm, necə izah edim. Əvvəllər həyat yoldaşım və mən sosial şəbəkələrdə müxtəlif uşaqlara baxırdıq, amma öz uşağımız doğulanda… Digərləri maraqsızdır. Yalnız sənin insanın”.