Xankəndi əməliyyatı — Xəyal Bəşirov yazır…

Xankəndi əməliyyatı — Xəyal Bəşirov yazır…

Gəlin etiraf edək ki, ikinci Qarabağ müharibəsindən keçən hər gün xalq olaraq ordumuzun Xankəndiyə girməsini arzulayırıq. Təbii ki, bu müddət ərzində dövlətimiz bir tərəfdən sülh danışıqlarını aparır, digər tərəfdən fasiləsiz olaraq düşmənin təxribatlarını pozur, eyni zamanda da siyasi və diplomatik müstəvidə dünya erməniliyinə və onun dəstəkçilərinə qarşı amansız mübarizə aparır.

Təbii ki, biz xalq olaraq daha çox sülhü, silahların birdəfəlik susmasını və itkilərimizin olmamasını istəyirik. Ancaq, həm də, içimizdə torpaqlarımızda hələ də goreşənlik edən erməni cinayətkar ünsürləri ilə bağlı bir Xocalı qisası və Xankəndi qələbəsi hissləri alovlanmaqdadır. Çox təəssüf ki, müharibələrin taleyi, təkcə döyüş meydanlarında deyil, həm də masalarda həll olunmalı olur. Bax burada, daha çox dözüm, daha çox əzm və iradə nümayiş etdirməyə ehtiyac yaranır ki, bu məsələdə yük xalqdan çox onun rəhbərinin üzərinə düşür. O rəhbərin ki, nəyi, necə və nə vaxt etməyi çox yaxşı bilir.

Bəs, o zaman biz niyə Xocalının qisasını alacaq və bayrağımızı Xankəndinin mərkəzinə sancacaq əməliyyatı başlamırıq? Niyə bu qədər “qısa və sadə” yol varkən, biz daha uzun və daha mürəkkəb yolu seçib, heç vaxt üz-üzə oturmaq istəmədiyimiz qarşı tərəflə uzun-uzadı danışıqlar aparmağa üstünlük veririk?

Bütün bu sualların cavabını hər çıxışında müxtəlif istiqamətlərdə, o cümlədən də bizim cəmiyyətə mesajlar verən Prezident İlham Əliyevin addımlarında tapmaq mümkündür. Prezident də insandır və xalqımızın bir nümayəndəsi kimi o da bizim keçirdiyimiz hissləri keçirməmiş deyildir. Ancaq o, Azərbaycan xalqının bir nümayəndəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının lideri və Azərbaycan dövlətinin rəhbəridir. Məhz buna görə idi ki, dörd il bundan öncə sərxoş olub Şuşada yallı gedərək “Qarabağ Ermənistandır.” deyən işğalçı Baş nazirin hərəkətlərinə layiqli cavabı həmin anda deyil, düz bir il sonra məqamı yetişəndə verdi.

Əslində Xankəndi ilə bağlı sualları olan xalqımıza Prezident İlham Əliyev çıxışlarında subliminal mesaj şəklində cavab verib. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deməklə dövlət başçısı xalqına ciddi bir mesaj çatdırdı. Düşmənlə və onun dostları ilə apardığımız informasiya müharibəsinin ən qızğın mərhələsində Prezidentimizin xalqa özünün planları barədə ən çox bu qədər məlumat verə biləcəyini düşünmək o qədər də çətin deyil. 

Ölkə rəhbəri qədər məsuliyyət daşımadığıma görə bir sirri aça bilərəm ki, əslində belə demək olarsa, Xankəndi və Xocalı əməliyyatları çoxdan başlayıb. Bu məsələlər bütün dünyaya adları dəyişdirilərək süni şəkildə sırınmış erməni toponimlərinin yazıldığı lövhələr Ali Baş Komandanımız tərəfindən ayaq altına atılaraq tapdananda və bütün dünyaya tarixi Azərbaycan toponimlərini, o cümlədən də saxta Stepanakert adının Xankəndi olaraq qəbul etdirdiyimiz zaman başlayıb. Bu proses bütün Qarabağda və ətraf ərazilərdə otuz il idi ki, düşmənin nəzarətində olan strateji yüksəkliklərin hamısını nəzarətə götürdüyümüz zaman uğurla davam etdirilirdi. Xankəndi ilə bağlı gediş işğalçı və təcavüzkar düşmənlə sərhədlərimizin ən son keçid məntəqəsində də mütləq nəzarət bərpa olunanda həlledici mərhələlərindən birini arxada qoydu. Bu, orada yaşayan mülki ermənilərə Azərbaycan vətəndaşlığı təklif edib, onları dialoqa dəvət edərək separatçların bir çox məkrli və hiyləgər planlarını pozmaqla onların parçalanmasına səbəb olduğumuz məqamda da davam edirdi. Qanlı əlləri Xocalıda məsum azərbaycanlıların qanına batan cinayətkar ünsürlərdən biri olan Xaçaturyanı sərhəddə boğazlayıb xalqımızın qanunlarının mühakiməsinə təhvil verərkən biz həm də Xocalı əməliyyatını keçirirdik. Xankəndi ilə bağlı məsələni bizim ərazilərimizdə “humanitar böhran” kod adlı təxribat planlarının reallaşmasına heç vaxt imkan verməyəcəyimizi və mənfur düşmənlərin bu planını olmayan böhrana humanitar yardım təklifimizə yox demələri ilə ifşa edərək bütün dünyaya isbat etməklə bu gün də uğurla davam etdiririk.

Təbii ki, düşmən də dayanmır və bütün təxribatların, məkrli və hiyləgər oyunların və səfərbər olunmaların əsas məqsədlərindən biri də, danışıqların hazırki siyasi və diplomatik ustalıqla aparılmasını pozmaq və xalqın düşündüyü tərzdə aparılmasına nail olmaqdır. Ancaq çox böyük ustalıqla və zərgər dəqiqliyi ilə aparılan bu iş Qarabağda separatçıların ətrafındakı çəmbəri daraltmaqda davam edir. Əminliklə deyə bilərəm ki, bizimlə yanaşı siyasilər, diplomatlar və dövlət başçıları da daxil olmaqla bəlkə də bütün beynəlxalq ictimaiyyət 44 günlük müharibədəki hərbi və siyasi məharəti ilə onları sözün əsl mənasında mat qoymuş Prezident İlham Əliyevin Xankəndi ilə bağlı bu diplomatiyasını gözlərini qırpmadan müşahidə edirlər. Biz də səbrlə, mətanətlə və inamla müşahidə edək və son qələbəmizi gözləyək!

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri


Share: