Xankəndi uğrunda şəhid olan Kəmaləddin

Xankəndi uğrunda şəhid olan Kəmaləddin

…Sonuncu dəfə  evə noyabrın 1-də zəng vurub. Əvvəlcə bacısı Ülkərlə, sonra anası, atası ilə danışıb. Hamıya “şəhid olsam ağlamayın” deyə tapşırıb.

“Üç dostum gözlərim önündə şəhid oldu. Mənim onlardan nə artıq, nə də əskik deyiləm. Onların qisasın almalıyam”,- bu, 21 yaşlı şəhid Kəmaləddin Vüqar oğlu Məmmədzadənin doğmaları ilə son danışığı olub.

Ailə 10 gün Kəmaləddinlə əlaqə saxlaya bilməyib. Noyabrın 8-dən 9-na keçən gecə həm bacısının, həm də atasının yuxusuna girib. Ata səhər açılar-açılmaz yuxu yozmaları ilə bağlı yazılanları oxuyub, yuxularını yozublar. Yuxu yozmasına görə 3 gün sonra evdə toy xəbəri eşidiləcəkmiş. 3 gün sonra Kəmaləddinin xəbəri gəlib, o, çox sevdiyi Vətəni uğrunda şəhid olub.

 

Virtualaz.org şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə ilə söhbətləşib.

Kəmaləddin Məmmədzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə qəbul olunub. 2 il sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb, 10 ay xidmət edib.

Ülkər danışır ki, ailənin yeganə oğlu, qardaşı sentyabrın 27-dən şəhid olanadək Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavənd, nəhayət, Şuşa istiqamətində döyüşüb. Döyüşçü yoldaşları deyirlər ki, Kəmaləddin özünü təhlükəyə ataraq yaralıları döyüş meydanından çıxarıb: “Bir görsəz, döyüşçü dostları onun haqqında necə danışırlar. Qardaşım əsil vətənpərvər idi.  Komandiri deyir ki, Kəmaləddin öz əsgər yoldaşını  yaralı halda döyüş  bölgəsindən çıxarıb, əlləri ilə su içizdirib və təhlükəsiz əraziyə qədər belində daşıyıb. Ölümündən sonra dostları onun haqqında xatirələrini danışırlar, indi başa düşürəm ki, o, nə qədər dostlarına bağlı olub”.

 

“Dedim qardaş, mənim yuxumdan çıxmırsan. Sən də yuxuda bizi görürsənmi? Dedi ki, mənim yaşadıqlarımın özü  elə bil yuxudur. Sonra söylədi ki, müharibədir, hər şey ola bilər, yaralana, şəhid ola bilərəm. Yalvardım ki, elə danışmasın, dedim məni, anamı, atamı düşün”,- Ülkər göz yaşları içərisində davam edir.

Sonra eyni sözləri anasına ünvanlayıb. “Anam dedi ki, balam, qurban olum, bircə şəhid olacağını demə”, – anasından sonra atasının səsini eşitmək istəyib. Ona da dostlarının şəhid olduğunu, onların qisasının almaq istədiyini söyləyib: “Dost itkisi yandırırdı onu. Dedi artıq heç nə deməyin, yoxsa zəng vurmaram bir də… Dedi və bir də heç zaman zəng etmədi”.

Düz 10 gün ailə Kəmaləddindən xəbər gözləyib. Ülkər yuxuda qardaşının şəhid olduğunu görüb: “Gördüm ki, qardaşım şəhid olur. Səhəri gün yuxumu danışmağa qorxdum, fikirləşdim ki, anam, atam narahat olar. Həmin gecə atam da Kəmaləddini yuxuda görmüşdü. Dedi ki, gördüm  Kəmaləddin 3 yaşında idi, kürəyimdə gəzdirirdim.  Yuxu yozmalarına baxdıq, yazılmışdı ki, 3 gün sonra toy olacaq. Noyabrın 8-dən sonra yuxularımız da ərşə çəkildi. Elə bil ailəmizin üstünə qara buludlar çöxmuşdu, narahatlıqdan özümüzə yer tapa bilmirdik.  3 gun sonra qardaşımın şəhid xəbəri gəldi, səhəri gün də  onu dəfn etdik. Atama çətinliklə də olsa yuxumu danışdım”.

 

Ülkər əlavə edir ki, noyabırın 11-i gecə saat birin yarısında ataya zəng vurub oğlunun şəhid olduğunu söyləyiblər. “Noyabrın 11-dən sonra heç nəyi xatırlaya bilmirəm, üstündən vaxt keçib, amma mənə elə gəlir ki, zaman donub. Bilirsiz, hər bacıya Kəmaləddin kimi qardaş qismət olmur. O, sakit təbiətli, gülərüz, mehriban idi. Təhsilini tamamlayıb, Kanadaya getmək istəyirdi. Deyirdi ki, təhsilimi orada davam etdirəcəm, ancaq qismət olmadı”.

Kəmaləddin noyabrın 9-da, qələbəyə saatlar qalmış, Şuşadan Xankəndinə tərəf irəliləyərkən şəhid olub. Düşmən snayperlə onun boyun nahiyəsindən vurub.

Kəmallədin Məmmədzadə Bakının Xətai rayonunda yaşasa da, doğma dədə-baba yurdunda, Saatlının Xələfli kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. 21 yaşlı şəhidimiz ölümündən sonra “Vətən uğrunda medal” ilə tələf edilib.

Ülviyyə Xudiyeva

virtualaz.org

Share: