Xankəndidəki morqdan reportaj 

Xankəndidəki morqdan reportaj 

ABŞ-ın The Washington Post qəzetinin müxbirləri Liz Kukman və Robin Dikson Dağlıq Qarabağın Xankəndi şəhərindən geniş reportaj yazıblar.

Məqalədə deyilir ki, ermənilərin Stepanakert adlandırdıqları şəhərdəki “Armenia” mehmanxanası bugünlərdə itkin düşmüş övladlarını axtaran ataların dayaq məntəqəsinə çevrilib.

Sarven Vanisxyan da Dağlıq Qarabağ müharibəsində itkin düşmüş oğlunu axtarır.

Qəzet yazır ki, o və başqa əsgər ataları bu mehmanxanada ən kiçik xəbəri belə həsrətlə gözləyirlər.

Onlardan bir çoxu hələ də ümid edirlər ki, onların övladları sağ ola, dağlıq və meşəlik ərazidə hardasa gizlənmiş ola bilərlər.

Dağlıq Qarabağ separatçı rejiminin verdiyi məlumata görə 1746 Ermənistan və Qarabağ döyüşçüsü bu müharibədə həlak olub.

Ermənistanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə isə indiyədək döyüş meydanlarında hər iki tərəfdən həlak olmuş 2718 nəfərin cəsədi üzərində tibbi ekspertiza aparılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan üzrə sözçüsü Zara Amatuni deyib ki, meyitlərin axtarışını havaların sərtləşməsi və bölgədə çox sayda partlamamış mina və mərmilərin olması çətinləşdirir.

Ermənistan Fövqəladə Hallar Nazirliyi bildirir ki, hələ nə qədər meyitin tapılmadığı barədə dəqiq məlumat yoxdur.

Məqalədə deyilir ki, nazirliyin Şuşa ətrafında axtarış aparan bir əməkdaşı adının çəkilməməsi şərtilə danışıb:

“Biz heç meyitləri dərənin harasında axtarmalı olduğumuzu da bilmirik. Hər tərəf meşədir. Biz hər yeri axtarırıq”.

Müxbirlər yazırlar ki, Xankəndinin mərkəzindəki oteldə yerləşdirilmiş valideynlər övladlarını tanımaq üçün hər gün yaxınlıqdakı morqa, ordan isə separatçı rejimin hökuməti yerləşən binaya gedirlər. Vanisxyan deyir ki, 29 yaşlı oğlu Vaheni son dəfə sentyabrın 28-də görüb.

Rusiyada inşaatçı kimi işləyən Vahe Ermənistanın Şirak rayonunda yaşayan valideynlərinə baş çəkməyə gəlibmiş. Müharibə başlanan kimi könüllü olaraq döyüşməyə gedib.

Qəzet yazır ki, valideynləri onun bu hərəkətinə görə fəxr edirdilər. Çünki onun 58 yaşlı atası da birinci Qarabağ müharibəsində döyüşmüşdü. Amma ata oğlu barədə son məlumatı noyabrın 6-da alıb:

“Mən arvadıma gündə bir neçə dəfə zəng edirəm. O mənə deyir ki, oğlumuzu tapmadan evə qayıtmayım”.

The Washington Post yazır ki, Azərbaycanda da ailələr itkinləri axtarmaqla məşğuldurlar. Məqalədə deyilir ki, bu müharibədə yaxın qohumunu itirmiş tanınmış jurnalist Xədicə İsmayılova həlak olanların müəyyənləşdirilməsini bir çox hallarda onların cəsədlərinin tanınmaz hala düşməsinin çətinləşdirdiyini deyir.

Xankəndidəki morqda adının çəkilməsini istəməyən bir kişi müxbirlərə deyib: “Dünən onlar bizə dedilər ki, 20 meyit gətiriblər. Biz də meyitləri görüb tanımaq üçün ora gəldik. Biz burda oturmuşuq və daxilən işgəncə çəkirik. Hamımız ümid edirik ki, adlar elan ediləndə oğlumuzun adı çıxmasın”.

Məqalədə deyilir ki, Vanisxyan morqa getmir: “Onlardan mənim fərqim budur ki, mən oğlumun sağ olduğuna inanıram. Mən bilirəm ki, o qayıdacaq. Mən onu hörmətlə və fəxrlə qarşılayacağam ki, belə bir qəhrəman oğlum ana vətən üçüb döyüşüb”.

Amma məqalədə başqa bir əsgər atasından da söhbət açılır. O oğlunun müharibəyə getməsini istəmirdi və hətta onu hərbi xidmətdən saxlamaq üçün rüşvət verməyə çalışmışdı. Amma indi onun oğlunun meyiti tanınıb.

Başqa bir ata isə deyirdi: “Mənə fərqi yoxdur. Qoy oğlum əlsiz-ayaqsız qayıtsın. Amma qayıtsın. İndi biz müharibəni uduzmuşuq. Onu heç qəhrəman kimi də dəfn edə bilməyəcəyik”.

Bir neçə gündən sonra bu kişinin də oğlunun həlak olması barədə xəbər təsdiqlənib.

Xankəndidəki morqdan reportaj 
Xankəndidəki morqdan reportaj 
Share: