Qonşu İranın Ermənistan üzərindən, “Laçın dəhlizi” vasitəsilə Xankəndinə gizli və şübhəli yüklər göndərməsini aşkara çıxaran videogörüntülər hamımızı məyus etdi. İran bunu etməməliydi. Bunun adı “yardım” və ya “humanitar yardım” deyil. Bizimlə razılaşdırmadan, Azərbaycandan icazə almadan və ya ən azından Azərbaycanı xəbərdar etmədən “yardım” adı altında Xankəndinə oğrun-oğrun yük daşımağın adını nə istəsəniz qoya bilərsiniz.
Bu açıq surətdə qaçaqmalçılıqdır. Bu riyakarlıqdır. Bu özbaşınalıqdır. Bu qonşuluq prinsiplərinə sayğısızlıqdır. Bu beynəlxalq hüquqa ziddir, Azərbaycanın suverenliyinin pozulmasıdır, ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir. Bu ən yaxın qonşularımız tərəfindən erməni separatçılığına dəstək verilməsinin bir daha əyani təsdiqidir. Görünən budur ki, istər 30 ilə yaxın davam edən işğal dönəmində, istərsə də 44 günlük müharibə zamanı həm Ermənistanı ayaqda saxlamağa çalışan, həm də Xankəndidəki separatçılara silah ötürən, işğal olunmuş torpaqlarımız üzərindən narkotrafik quran İran bu gün də öz məkrli ənənələrinə sadiqdir. Üzdə özünü bizə dost kimi göstərən İran, reallıqda isə Ermənistanı və Xankəndindəki separatçıları bu və ya digər formalarda dəstəkləməyə, ermənilərin müharibə yaralarını sarımağa davam edir.
Əfsuslar olsun ki, Rusiya sülhməramlıları da bu işdə İranla əlbir olmuş kimi görünürlər. Sözügedən yüklər, “yardım”lar birbaşa rus sülhməramlılarının gözləri önündə daşınır. Bu Rusiya sülhməramlılarının İranın “yardım”larına humanist yanaşmasıdırmı? Təki elə olaydı. Biz özümüz də yardımların əleyhinə deyilik. Amma dırnaqarası “yardım”ların əleyhinəyik. Əgər qonşularımız həqiqətən də Xankəndindəki mülki ermənilərə humanitar yardım etmək istəyirlərsə, buyursunlar, etsinlər. Bizim buna hər hansı bir etirazımız yoxdur. Amma bunu leqal şəkildə etsinlər, öncədən rəsmi Bakı ilə razılaşdırsınlar. Əgər Bakının bu “yardım”lardan xəbəri yoxdursa, demək ki, bunun adı yardım yox, rəsmən qaçaqmalçılıqdır.
Biz hələ bilmirik İrandan bizim ərazimizə “yardım” adı altında nə daşıyırlar. Kim zəmanət verə bilər ki, “yardım” adı altında Xankəndinə silah-sursat daşınmr? Kim zəmanət verə bilər ki, bu gün Xankəndinə daşınan bu “yardım”lar sabah hansısa təxribatlar formasında Azərbaycana qarşı çevrilməyəcək və yaxud, ərazi bütövlüyümüzə təhdid yaratmayacaq? Birdəki, özünün köməyə ehtiyacı olan İranın məhz Xankəndindəki bir ovuc separatçıya belə canfəşanlıqla kömək etməkdə marağı nədir? İran tərəfi bütün bunlara aydınlıq gətirməlidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri