Gözləyirəm mən səni
Kaş açaydım gözümü,
Yanımdasan görəydim.
Bir də sənə vurulub,
Sənə könül verəydim.
*
Nur saçaydı gözlərin,
Çöhrəmə bir işıqtək.
Hey atılıb düşəydim,
Sevincimdən uşaqtək.
*
Ötən xatirələrlə,
Biz baş-başa qalaydıq.
Xatırlayıb keçmişi,
Xəyallara dalaydıq.
*
Oturub şirin-şirin,
Sevgidən danışaydıq.
Eşqimizin oduna,
Biz qoşa alışaydıq.
*
Gözləyirəm mən səni,
Hardasan gəl, sevgilim.
Gəl, qoy sənsiz keçməsin,
Bundan sonra bir ilim.
Sənin odlu baxışların hələ də,
Ürəyimin közlərində yaşayır.
Arxasınca süründüyün bir qızın,
Unutduğun gözlərində yaşayır.
*
Sən getdiyin yolu-izi qar almış,
Dözəmmirəm, səbrim tamam daralmış.
Xatirələr albomlarda saralmış,
Şəkillərin özlərində yaşayır.
*
Oyat məni, nə çox çəkdi bu yuxu,
Yox bu eşqin nə gəmisi, nə Nuhu.
Səndən sonra nə cismi var, nə ruhu,
Aynur ancaq sözlərində yaşayır.
Sən yaşımı neynirsən ki
(Ad günümə hədiyyəm)
Başımda eşq havası var,
Sən yaşımı neynirsən ki.
Baxmayır ha sevgi yaşa,
Sən yaşımı neynirsən ki.
*
Əbəs yerə içmə andı,
Sevgi şöhrət, sevgi şandı.
Hələ ruhum çox cavandı,
Sən yaşımı neynirsən ki.
*
Eşq nə şeydi anmağım var,
Eşq yolunda donmağm var,
Eşq oduna yanmağım var,
Sən yaşımı neynirsən ki.
*
Gəlib tufan, lap gəlsə çən,
Lap saçıma düşsə də dən.
Sevilirəm, sevirəm mən,
Sən yaşımı neynirsən ki.
*
*
Eşqin hökmün qanacaqsan,
Alov, atəş sanacaqsan.
Məni sevsən yanacaqsan,
Sən yaşımı neynirsən ki.
*
Olma naşı, olma veyil,
Eşqə sığın, eşqə əyil.
Canım, sevgi yaşla deyil,
Sən yaşımı neynirsən ki.
*
Mən Aynuram, bir bax mənə,
Söyləmişəm dönə-dönə.
Gəl, eşq dərsi keçim sənə,
Sən yaşımı neynirsən ki.