İnsan bu dünyanın əbədi sakini deyil.Yaşayır və dünyadan köçür.Ondan geriyə şəkillər və könüllərdə iz salan işıqlı xatirələr qalır.Xatirələrin ömrü insan ömründən çox- çox uzun olur.Yəni, onu tanıyan sonunucu insan dünyasını dəyişənə qədər.
Yaddaşdan – yaddaşa, nəsildən – nəsilə ötürülən xatirələrin ömrü isə əbədi olur. Ulularımızın, əcdadlarımızın bizə ötürdüyü xatırələrin ömrü kimi.
Sumqayıt poeziya evi yanvarın 7- də gözəl bir tədbirə şahidlik etdi. Qış havasıyla nəfəs alan divarlar ilıq xatirələrin hənirinə isinib, duyğular selinə bələnirdi.
AYB Sumqayıt bölməsi, Poeziya Evi və Sumqayıtlı “Dostlar” klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən bu tədbir yazıçı- publisist, tərcüməçi, araşdırmaçı, Əməkdar jurnalist Eyruz Məmmədovun yenicə çapdan çıxmış “Atam haqqında xatirələrim” adlı kitabına həsr edilmişdi.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ölkə və şəhər səviyyəsində ədəbiyyatımıza, qələm adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq,kitab haqqında geniş məlumat verdi.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məclisə təşrif buyuran ailə üzvləri, qələm dostları, Surxay müəllimi tanıyan idarə və təşkilat rəhbərləri – Elza Məmmədova,Validə Məmmədova, Nərmin Eyruzqızı, Gülşən Məmmədova, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Süleyman Hüseynov, Sübhan Quliyev, Ətrabə Rzayeva, Rafiq Oday, Hümbət Quliyev, Eyvaz Qocayev, Arif Ərşad, Sovet Şükürov,Təbrik Quliyev, Məmməd Məhərrəmov Surxay müəllimlə bağlı xatirələrinin danışdılar.
Əməkdar jurnalist Surxay Məmmədov yad edilir, xatrəsi hörmət və ehtiramla anılırdı.Hər kəs kövrəlmişdi.
Sonda Eyruz Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Müstəqil.Az