Kulis.az Faiq Xudanlının “Xatirələrin soyqırımı” adlı yazısını təqdim edir.
Şəhərimizi qoxusundan tanıdım. Uşaq vaxtı aldığım qoxulardan.
Hələ də yaddaşımın harasındasa ilişib qalmışdı bu qoxu. Qoxlaya-qoxlaya, amma bir az da qorxa-qorxa girdim şəhərə. Minalardan o qədər danışılmışdı ki, hər addımda özüm də minalardan qorxduğumu zənn edirdim. Kənardan baxan olsaydı, belə də görsənərdi. Sonra yavaş-yavaş anladım ki, minalar eynimə də deyil, məni qorxudan məhz xatirələrimdir.
Şəhərim dağıdılmışdı. Heç bir zəlzələ, tufan, heç bir təbii fəlakət şəhəri belə məhv edə bilməzdi. Buna yalnız insan, bəndeyi aləm qadir ola bilərdi yəqin. Məni dəhşətə gətirən də elə bu idi.
Yeridikcə şəhərim mənə yol göstərirdi. Heç nə fikirləşə bilmirdim, ayaqlarımın yaddaşıydı məni irəli aparan. Baş ayağa deyil, ayaq başa hökm edirdi. Getdikcə gedirdim. Ayaqlarım məni evimizə doğru çəkirdi. Evimizin yerini yaxşı bilirdi ayaqlarım. İnsan əli ilə tikilən heç nəyə ümid yox idi – onlar mənə yol göstərmir, əksinə, sanki azdırmaq istəyirdi. Ayaqlarıma yol göstərən təbiətin özüydü, ayağım altındakı torpağın özü yönləndirirdi məni.
Hislərim korşalmışdı, heç nə hiss etmirdim. Hansısa bir qüvvə evimizin olduğu yeri mənə göstərdi bir anda. Ayaqlarım öz-özünə hərəkətdən qaldı. Gözlərim açıldı, şüurum özümə qayıtdı. Böyüdüyün doğma evini görməsən də, yerini görə bilmək, amma gedə bilməmək əzab verirdi adama… Qayıtmalı olduq. Olduğu kimi deyirəm, vətəninə ilk dəfə qayıdan hər bir insana verilən sual mənə də verildi.
Ramil Əhməd soruşdu: hansı hissləri keçirirsən?
Cavab: heç bir hiss keçirmirəm, Ramil.
Hislərim ölmüşdü yəqin, nə bilim, o dəqiqələrdə heç bir hiss keçirmədiyimi dəqiq bilirəm. Təkcə təbiət mənə doğma idi. Yasəmən ağacları, alça ağacları, bütün ağaclar, hava və torpaq.
Bu an necə oldusa, şəhər canlandı gözlərim önündə. Sanki bütün binalar yerində idi. Sanki uşaqlar küçədə qaçışırdı, özüm də o uşaqların içində idim. İnanmayacaqsınız, bilirəm. İndi heç özüm də inanmıram. Amma belə idi, həmin an. İstədiyim binaya girə bilərdim. Anamın işlədiyi yerə gedə bilərdim. Bax, baxçamız da burdadı, müəllimlər də tum çırtlayır, məni izləyirlər ki, görək aradan çıxacaq, ya yox? Yanından keçdiyim binadan tar səsi gəlir. İlk dəfə atam gətirmişdi məni, üzü qara qayıdıram. Hər gün qardaşımın tarını dınqıldatmalı olacaqdım yenə. Məktəbdən çıxırıq uşaqlarla, əllərində bulka. Mən isə bulkamı çantamda gizlətmişəm. Kiçik qardaşımın yemədiyi heç bir şeyi yeyə bilmirəm axı! Beləcə nələrsə danışıram, izah edirəm. Bəlkə də, məntiqsiz danışıram, nələrisə izah edirəm.
Birdən daha bir sual. Qəfil ayıldım. Bütün şəhər yox oldu bir anda, bircə ağaclardan başqa. Məyusluq bütün varlığımı sardı, bədənimə ox kimi sancıldı.
«Getməliyik, vaxt yoxdur, tez olun, day gedək» – deyə digərlərinə səsləndim.
Olmuş bir əhvalat danışmaq istəyirəm. Mənə də ana babam danışıb. Adı Əli olub ana babamın. Allah bütün ölənlərə rəhmət eləsin. O da dünyasını dəyişib. Rəhmətə getməmişdən az əvvəl danışıb, həm də yazıb verib. Çox şeylər yazıb, hamısını yazıb sizi bezdirmək istəmirəm, qısaca danışacam.
Babam uşaq vaxtı yaşadıqlarını mənə danışdıqca, düzü, qulaq asmaq istəmirdim. Yəqin, o da bunu bildiyi üçünmüş ki, götürüb yazıb, yazıb deyəndə ki, cızma-qara eləyib verib, niyə verib, inanın onu da bilmirəm. Bircə onu deyim ki, danışanda elə bilirdim uydurmadır. Amma indi, bu gördüklərimdən, viran qalmış şəhərdə olduqdan sonra babama inanıram, danışdıqlarının hamısının həqiqət olduğuna əminəm. Bəlkə də, yaşadıqlarını nağıla bənzədiyinin fərqində imiş, ona görə çox cüzi hissəsini danışıb. Əlqərəz, keçim mətləbə.
Babamgil İrandan, yəni Cənubi Azərbaycandan gəlmədir. İranlı deyiblər onlara. Gəliblər şimala ki, gün görsünlər. Gün də nə gün. Çox uzaqdan başlamayım. Qısacası deyim ki, babam hələ uşaqkən bacısı və anası dünyalarını dəyişib. Elə yaxşı ki, dəyişib. Fikirləşə bilərsiniz ki, deyəsən, sərsəmləyir. Amma onsuz da zülmlə yaşayıblar. Nə bilmək olar, bəlkə, o dünyada gün görürlər. Atası ilə tək qalan babamın həmin vaxtı 4-5 yaşı olarmış.
Bir müddət sonra xəbər gəlir ki, İrandan gələnlərin hamısı qayıtmalıdır İrana. Beləcə, iranlıların hamısını toplayıb, Horadizə gətirir, vaqonlara doldururlar. Düz 18 gün fasiləsiz yol gedirlər. Ölənlər ölür, qalanları səhralıq bir yerdə, hansısa kənddə yerləşdirirlər. İndi hər şeyi yazıb vaxtınızı çox almayım. Təxəyyülünüzü işə salsanız, hansı məşəqqətlərdən keçdiklərini anlarsınız. Babamın atası burda evlənir də. Evlənir deyəndə ki, belə zənn edirəm ki, bir birlərinə hayan olmaq üçün iki qaçqın məzlum iranlı öz acılarını birləşdirərək ayaqda durmağa çalışırlar. Beləcə aylar min bir zillətlə keçir. Bir neçə ailə qərara gəlirlər ki, necəsə Azərbaycana qayıtsınlar.
Babam yazdığı kimi yazım: “Şələ-şülələrini də götürüb yola düşürlər. Arada Amudərya deyilən su var idi, ordan keçmək mümkün deyildi. Suyun kənarında bir qayıq vardı, ancaq onunla keçmək olardı. (Öz aramızda, babam da dastan dilində yazıb) Nəhayət qayığın olduğu yerə çatdıq. Adamlar çox idi deyə, hamı minə bilmədi. İsrafil adında kişinin bir ayağı suda. Ağırlığı götürməyən qayıq yellənir, İsrafil kişi yıxılmamaq üçün atamın şələsindən yapışır, çəkib özü ilə suya salır. Bu halı mən kənardan görürdüm. Atamın suya düşdüyünü görəndə, onun sağ qalacağına inanmırdım. Mən də ölmək üçün özümü suya atdım. Axı atam olmasaydı, məni kim idi saxlayan? Onda mənim 7-8 yaşım olardı. Çayın gur axan yerinə düşmüşdüm. Bu zaman kənarda Kürdlər kəndindən bir oğlan var idi. Bu oğlan özünü suya ataraq camaata qışqırır ki, Əlini su apardı. İnsanlar əl-ələ verib, özünü suya atır. Nəhayət Əlinin əli mənim qulağıma çatır. Qulağımdan tutub, məni quruya çıxardır. Bu minvalla o biri taya keçə bilirik”.
İndi hadisənin ağır emosional gərginliyini təsəvvür etdikcə, tüklərim biz-biz olur.
Beləcə, Azərbaycana gəlib çatırlar, həyatlarını yenidən qururlar. Babam məktəbə gedir yaxşı da oxuyur, təhsil alır. Əlqərəz, normal həyat sürürlər. Ancaq mən babamla danışanda, uşaqlıq illərinin xatirəsi nə qədər acı olsa da, bunları həmişə xoş bir xatirə kimi danışırdı. Kövrəlirdi, bəzən donub gözləri bir nöqtəyə zillənəndə, həmin günlərin xiffətinimi çəkirdi, bilmirəm. Yoxsa acı xatirələrin xoş anları da olur? Bircə onu bilirəm ki, belə məqamda gözlərində kədər, üzündə təbəssüm oyanırdı.
Bir nəslin qısa tarixi, xalqımızın nələrdən keçdiyini göstərir. İnsan ruhu sarsılmaya bilmir.
Şəhərimizdən çıxdıqdan sonra evimizə gedə bilməməyim məni uzun müddət daxili kədərə həbs etmişdi. Özümü kimisə darda qoyub qaçan insan kimi hiss edirdim. Rayona gələndə maşında Aygün Bəylərin oxuduğu “Tut ağacım” mahnısı səsləndi və qeyri-iradi içim titrəməyə başladı. Bu nə hissdir, necə, niyə və harda yarandığını bilmirəm. uşaqlıq xatirələrim məni boğmağa başladı; şəhərdəki evimizin həyətindəki tut ağacları məni ittiham edirdi sanki. Qərara gəldim ki, yenidən şəhərimizə, evimizə, həyətimizə getməliyəm, bəlkə onda rahatlıq taparam.
Rayona iş üçün gələndə imkan düşdü, şəhərimizə gedə bildim. Bu fürsəti əldən verə bilməzdim. Olmayan şəhərdə evimizin yerini dəqiq tapdım.
Açığı, indi də düşünəndə ki, necə tapmışam özüm özümə təəcüblənirəm. Həyətimizin torpağı, elə bilirəm, məni xüsusi nəvaziş və bəlkə də həsrətlə salamladı. Tut ağacını axtardım, yox idi, qoz ağacını axtardım, yox idi… Evimizi məhv etmiş, ağaclarımızı qırmışdılar. Hamamımızın kafeli qarşıma çıxdı. İçimdəki daxili burulğanı, hətta bu sətirləri yazarkən yenidən yaşadığım hisləri ancaq yaşayanlar bilər. Bəzən unudulmaz nəsnələr yaşandıqda deyil, keçdikdən sonra nağıl kimi gəlir və xoş xatirəyə çevrilir. Nağıl dünyam viran edilmişdi, xatirələrim… Məni ən çox üzən məhz uşaqlıq xatirələrimin izinin silinməsiydi, xatirələrim belə soyqırıma məruz qalmışdı. Bu əzab dirigözlü ölüm kimidir. Babamı deyəsən onda daha yaxşı anlamağa başladım. Anladım ki, dünyanın ən böyük cinayəti elə xatirələrin soyqırıma uğramasıdır. İnanırdım, yox əmin idim ağaclarımızı tapsam, daxili iztirabım səngiyər, bağışlanmamı istəyərəm, amma ağacın kötüyü belə qalmamışdı ki, əlimlə toxunum.