Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə
həsr etdiyi “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının təqdimatı keçirilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının Mərdəkan Mədəniyyət Evində təqdimat mərasimi keçirilib.
Məlumdur ki, cənab Prezident İlham Əliyev ölkəmizdə və UNESKO-da Tağıyevin 200 illik yubileyinin qeyd edilməsi münasibətilə Sərəncam imzalayıb. Bu təqdimat yubiley münasibətilə keçirilən ilk tədbirdir. Monoqrafiya Tağıyevin çoxsahəli fəaliyyəti haqqında ilk elmi, fundamental tədqiqatdır.
Kitab təqdimatında tanınmış alimlərimizdən professorlar Lalə Əlizadə, Nəsiman Yaqublu, tədqiqatçı, kitabın “Ön söz”ünün müəllifi Ülkər Hüseynova, dosentlər Vüqar Qaradağlı, Əzizağa Nəcəfzadə, Mehman Həsənli və b. monoqrafiyanın elmi-bədii məziyyətləri, Tağıyev şəxsiyyətinin böyüklüyü haqqında çıxış ediblər.
Bədii hissədə Vüqar Əhmədin Tağıyevə həsr etdiyi şeirləri Mərdəkan məktəbliləri tərəfindən səsləndirilib, sevilən müğənnilər Almaxanım və Sədəf Budaqova isə şairin sözlərinə yazılmış mahnılar ifa ediblər. Tədbirdə Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “H.Z.Tağıyev” Fondunun prezidenti Müzəffər Ağayev alimlərimizi Tağıyevin adına təsis olunmuş Fəxri Fərmanlarla təltif edib.
Sonda professor Vüqar Əhməd monoqrafiyanı Prezident İlham Əliyevin H.Z.Tağıyevin 200 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələrək qələmə aldığını bildirərək, bu əsər və tarixi şəxsiyyətlər haqqında yazdığı monoqrafiya, tarixi romanlar haqqında qısaca məlumat verib. Tədbirin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib. “Azərbaycan” və “Şuşanın dağları başı Vüqarlı” adlı şeirlərini oxuyub. Təqdimat sürəkli alqışlarla sona yetib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.az