Xeyrat – Azad Qaradərəlinin hekayəsi

Xeyrat – Azad Qaradərəlinin hekayəsi

Kulis.az Azad Qaradərəlinin “Xeyrat” adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.

İkinci hissə burada…

….Əpiş hörülmüş saçların pırtlaşığını açıb bitirdi. İri əllərini Məsumənin saçlarına çəkib oxşadı.

Qadın bayaqdan əlində tutduğu stəkanı o biri əli ilə yoxladıqdan sonra rəfin kənarına qoydu. Rəfin qabağında oturduğu stuldan qımzanıb qalxmaq istədi. Kişi əyilib, onun qoltuğundan tutub qaldırdı. Gətirib zalda qoyulan divanda oturtdu.

­­­­— Genə bırda yatmısan gecəni? Niyə yataq otağında irahat yerdə yatmersən?

— Nə bilim, ay Əpiş, o serial var e, “Qurtdar vadisi”, onun maraxlı yeriydi… Baxmışam… Elə də baxmışam deyirəm ki, guya görürəm… Hə, dinləmişəm, burda divanda yuxu tutub… Sən də gəlib çıxmadın ki, qaldırasan məni… Gecəni hardaydın?

— Zadddı… – Əpiş dilini sürüdü… -Aşağı, şəhərə düşmüşdüm… Dəmiryol vazğalına yaxın bir kafedə uşaxlarnan, əsgərlik yoldaşlarımnan yığışmışdıx genə… Bir az içki işmişik… Gej gəldim…

Qadın əlini harasa uzadıb boğuq səslə dedi:

— Vazğal yox, Əpiş, vağzal!.. Giləzidən gəldin?

— Yoo… Hə… Nədi ki?

— Heç… Mabilə deyəsən mesaj gəldi. Birdən Tiqran olar… Ona bir bax…

Kişi altmış yaşlarında pəzəvəng bir adamdır. İri barmaqlarının qıraqları çat-çat olmuş əlləri, enli çiyinləri, sallaq bığları və boz-bulanıq gözləri var. Gözləri elədi ki, daim lazımsız yerə gülən adam təsiri bağışlayır.

Məsumə xanımın qoltuğundan əlini çəkib, eynən gülümsəyirmiş kimi görkəm aldı və dedi:

— Dıqıranı deyirsən? Əşşi, onu urus qızdarı çətin bıraxsınnar…

Sonra əl atıb telefonu köhnə VEF tranzistorunun qabağından götürdü, hansısa düyməni basdı və bu dəfə doğrudan gülümsündü, elə gülümsünə-gülümsünə də telefonun ekranındakıları oxumağa başladı:

— “Əziz xala! Səni bərk-bərk qucaxlerem, opuram… öpürem… mayın 24-də ordayam bajoğlun Tehran…”

— Tehran nədi, ə? – Qadın hökmlə qışqırdı.

— Mən nə bilim e, bırda belə yazılp dana… Öz də üstümə niyə qışqırersən? Elə bil genə iraykomdu?!

Qadın peşman-peşman başını əydi, gözlərini Əpişə yox, tamam ayrı səmtə tutub zülüm çəkə-çəkə axır ki, bu sözləri deyə bildi:

— Əpiş, bağışla… mənim sənnən başqa kimim, kimsənəm yoxdur… Bilirsən də, biz sənnən xalanəvəyik?.. Əpiş… Əpiş… Söz ver ki…

Qadını qəfil ağlamaq tutdu…

(Əpiş Məsumənin kaprizlərinə dözsə də, bəzən özünü saxlaya bilmir, ona cavab qaytarır, bəzən də acıq edib günlərlə evə gəlmirdi. Buna görə Məsumə özünü yığışdırır, onun xətrinə dəyməməyə çalışırdı. Amma bu hal tez də yadından çıxır, Xızını Armudlu ilə dəyişik saldığı kimi zamanı da çaş-baş salır, hətta bəzən özünü yenə birinci katib sanırdı. Bu da onunla nəticələnirdi ki, Əpişi acılayır, xatirinə dəyirdi. İnsafən, Əpiş altı-yeddi sotluq bağ-bağata baxır, mülkdən bir az aralıda, köhnə bağça binasında məskunlaşan qohum qaçqınların işləməsi üçün Məsumə xanımın açdığı təndirlərə nəzarət edir, onların unla təminatını, bişən çörəklərin satış nöqtələrinə maşınla daşınmasını, satışını təşkil edir, axşam tərəfi işçilərin pulunu verir, qazancı evə gətirib saydıqdan sonra cağbacağ Məsumə xanıma təhvil verirdi. Hələ Məsumə xanımın Bakının səkkizinci kilometr və Yeni Günəşli massivindəki yaşayış binalarında olan iki mənzilinə ayın sonunda baş çəkir, kirayənişinlərin pulunu alır, onu da gətirib Məsumə xanıma çatdırırdı.

Adamın üstündə allah var, hər dəfə verdiyi pulların üstündən Məsumə xanım azı yüz manat götürüb Əpişə verir, həm əlxərcliyi etməsini, həm maşına benzin tökməsini tapşırır və əlavə edirdi ki, özünçün nə qədər lazımdırsa, pul götür, cibindən pul əskik olmasın. Amma ki, bunların yanında onun Əpişi uşaq kimi danlaması kişini cin atına mindirirdi…)

Əpiş qadının ağlamasına dözmədi. Cod əlləri ilə onun göz yaşlarını silib qəhərləndi:

— Masuma xanım… Masu…ma… xanııım…

…Dalbadal bir neçə filmə baxmış və vaxtın necə keçdiyini hiss etməmişdilər. Bir də ayılmışdılar ki, saat 12-ni çoxdan keçib. Bu vaxtlar Qaraçuxurdakı həyət evinin sahibi olan qohumlar dəmir qapalağı arxadan vurar, bütün işıqları söndürüb yatardılar. Bir-iki dəfə rəfiqəsigildə qaldığından bu vəziyyəti bilirdi. Ona görə də təlaş keçirib Rəhmanı acılamışdı: “Sən niyə məni xəbərdar etməmisən?! İndi mən nə edim?! Gecənin bu vaxtında hara gedim?!.”

Oğlan gülümsünüb demişdi:”Heç narahat olma. Yataqxanamıza gedərik. Bizim otağımız ikinəfərlikdir. Otaq yoldaşım Zeynalla başqa otağa keçərik, sən bizim otaqda gecələyərsən…” (Rəhman təzəlikcə Səkkizinci kilometr qəsəbəsindəki Kislotnaya küçəsində yerləşən yataqxanada qalırdı – indiki bazarın bir az yuxarısında.)

Məsumə əvvəl daş atıb başını tutmuş, oğlanlar yataqxanasına getməyəcəyini bildirmişdi. Sonra əlacsız qalıb razılaşmışdı.

Yataqxananın arxa tərəfindən birinci mərtəbənin pəncərəsini döymüş, tanış oğlana vəziyyəti danışıb, pəncərəni açdırmışdı. Məsuməni qucağına alıb yuxarı qaldırmış, pəncərədən içəri salmışdı. Sonra da özü oğlanın əlindən tutub adlaya bilmişdi.

Rəhmangilin üçüncü mərtəbədəki otağına girəndə Zeynalın zavodda gecə növbəsinə qaldığını bilib rahatlamışdılar. Rəhman qızçün lazimi şeyləri göstərdikdən sonra getmək istəyəndə Məsumə onu qucaqlamış, buraxmamışdı:”Getmə, mən tək qalmaqdan qorxuram…”

Yalnız bundan sonra Rəhman da soyunmuş, işıqları söndürmüş və hər kəs öz çarpayısında uzanmışdı. Amma bu hal cəmi on dəqiqə çəkmişdi. Qız yalvarmışdı ki, işığı yandır, mən qorxuram. Rəhman işığı yandırmaq əvəzinə dəmir çarpayısını sürüyüb qızın çarpayısının yanına gətirmiş, onlar nəfəs-nəfəsə uzanmışdılar. Bu da bir on dəqiqə çəkişdi. Qız aylardan bəri yalnız parklarda, kinoteatrlarda öpüşüb görüşdüyü sevdiyinin qucağına girmiş və demişdi:”Bax, yanına girməyimə baxma, özünü yaxşı apar. Yoxsa səni bayıra salaram…”

Qısıq səslə gülüşmüş, öpüşmüş, bir-birinin bədəninin hənirini ilk dəfə yaxından hiss etmiş, təkcə o sonuncu işdən başqa bütün oyunlardan çıxmışdılar…

Səhər saat altının yarısında ikisi də həmin birinci mərtəbədəki otağa enmiş, alaqaranlıqda o tanışın köməyi ilə aşağı düşmüş və boş şəhərin qoynuna atılaraq indiki Xəzər universitetinin yaxınlığında yerləşən xəngəlxanayacan ayaqla gəlmiş, xəngəl yemiş, sonra hər kəs öz işinin dalınca getmişdi…

…İndi o şirin xatirələrin yanında bu pəzəvənglə kəlmə kəsmək, hətta yatağa girmək…

O sevgi idisə, bu da qədərdir. Sevgi də, eşq də qədərə tabedir. Amma qədər dediyin bir az da ağıl və məntiqə bağlıdır. Yəni…

…Kişi onsuz da həmişə gülən gözlərini dolandırıb qadına baxdı və bu dəfə, doğrudan gülümsündü. Gəlib qadının pırtlaşmış saçını sığalladı, başını iri qarnına sıxdı və bu pəzəvəng bədənə yaraşmayan gövrəklilə dedi:

— Sən bağışda bu heyvanı… Mən səni çox isterəm…

Qadın da mehrləndi. Onun üzünü qarnına sıxmış bu yekə-mekə adamın saçını tumarlayan əllərini sığalladı və ağlamsındı:

— On beş ildir Məsumə xanım dünya işığına həsrətdi… Sən onun görən gözü, danışan dili olmusan, Əpiş… Allah mənə bir zürüyyət vermədi, əvəzində səni verdi ki, mən təklikdən və işıqsızlıqdan çatlayıb ölməyim… Sən mənim işığımsan, Əpiş…

Kişi hələ yaxşıydı. Saç-saqqalı çallaşsa da, kəl kimi gümrahdı. Qocalsa da, gözü tutulsa da, özünə yaxşı baxdığından hələ də sir-sifəti qız sifəti kimi parıldayan yetmiş iki yaşlı Məsumə xanımı özünə tərəf çəkdi, qadın da bunu hiss edib onun çəkdiyi tərəfə – kişinin iri qucağına qısıldı. Sonra qadın cəld əllərini uzadıb onun başını tapdı, iri sallaq bığlarının altında gizlənmiş cod dodaqlarını dodaqlarıyla islatdı və marçhamarçla öpməyə başladı. Əvvəllər acığı gələn araq qoxusu Əpişin sapsarı dişlərinin qoxusuna qarışıb qadının içini tərpətdi. O, Əpişə daha istəklə sarıldı. Kişi buna bəndmiş kimi qadını yatağa uzatdı. Bircə anda od saçan budlarını əlləşdirdi və daha dözməyib sürətlə şalvarını soyunmağa başladı. Qadın onun nə etmək istədiyini anlayıb bircə bunu deyə bildi:

— Qapını arxadan vurmağı unutma…

***

— Yoldaşlar!

(Tribunadan çıxış edən Məsumə xanımın bu frazasına tamaşaçılar etiraz edib, yerdən səs-küylə cavab verirlər.)

— Yoldaşlar nədir?! Bu hansı dövrdə yaşayır?! Yəqin elə bilir yenə katibdir, ha-haaaaa….

— Xanımlar və bəylər! Xahiş edirəm özünüzü yaxşı aparın!.. Xalqımız son illərdə qazandığı müstəqilliyini kommunist partiyasının qadir əlləri ilə qoruyacaqdır!

(Zaldakıların yarısı əl çalır, yarısı yenə etiraz edir.)

— Biz bu günkü büro iclasını mühüm bir məsələyə – müstəqillik ideallarımızın qorunub saxlanmasına və iqtisadi siyasətə həsr etmişik…

(Yenə etiraz səsləri ucalır. Məşədi İbadın hambalına oxşayan biri isə ayağa qalxır, ucadan gülərək “büro iclası ha!” deyib qahqahla gülür, tamaşaçılar da ona qoşulur.)

— Xanımlar və bəylər! Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır!

(Ucadan əl çalır və qışqırırlar.)

— Yoldaşlar… Eeee… Xanımlar və cənablar! Pambıqçılıq və baramaçılıq kimi strateji sahəyə barmaqarası baxanlar bilməlidir ki… (Birdən gözü orta sırada oturmuş başıbağlı Gülcamala sataşdı.)

Gülcamal kimi bəzi daxili sapıntılara alət olmuş adamlar ölkədə din pərdəsi altında daxili çaxnaşma salmağa cürət edir, tarnsformatorların stabilliyini pozur… Yoldaş rəis, yoldaş prokuror, siz hara baxırsınız ki, rayonda elə bir antimilli ünsür formalaşır ki, elektrik enerjisinin, transformatorların stabilliyinin… Sonra da başını bağlayaraq guya allah adamı obrazı yaradaraq…

Səs-küy və fit səsləri eşidilir. Orta sıralarda əyləşmiş başı bağlı, əlli yaşlarında qadın – Gülcamal ayağa qalxaraq qışqırır:

— Yoldaşlar! Bu qadın mənim oğlumu məhv etdi! Qızımın təmiz adını ləkələyərək ona casus adı yaxdı! Qara Əkbərin qara əməllərini davam etdirən bu qadın xəstədir! Vəzifə və karyera xəstəsi! Ona ar olsun! Ölkəmizin müstəqilliyinə belələri ləkə gətirir! Mən bir allah adamı, din və ürfan adamı kimi qıldığım namaza and içirəm ki…

Hamı, o cümlədən tribunadakı Məsumə xanım təəccüblə Gülcamalın yeniləşməsinə, avanqard bir qadın kimi çıxış etməsinə heyrətlə baxır…

…Bayaqdan Əpişin iri qucağına sığınan qadını birdən titrətmə tutdu. Bir yandan Əpiş kimi bir pəzəvənglə bir az əvvəl yaşadığı seks məstliyi, bir yandan da hallüstinasiyalardan aldığı hərarət qadını qan tərə bələyib. Əlini uzadıb kiçik divan balıncının altına qoyduğu təmiz əskini çıxartdı, Əpişi özündən aralayıb tərini silməyə başladı…


***

Sənubərin bloknotundan:

“Mövlanə Cəmaləddin Ruminin sözüdür: “İki şey yıxar insanı: dostadn gələn xəyanət, düşməndən gələn mərhəmət.”

Neçə zamandır ki, düşməndən gələn acı zərbələri dada-dada hərdən onun bizə yazığı gəlirmiş kimi “mərhəmət” etməsini də izləyirəm. Uşaqlarımızı “stroybata” aparır ki, guya güllə dəyməsin, amma bu mərhəmətin bir ucunda daha böyük xəyanət yatır. Türk-müsəlman balalarını silahdan uzaq tutmaq!.. Bizə, bizim balalarımıza inanmırlar, etibar etmirlər… Amma döyüşən Sovet ordusunun yüksək çinli zabitlərinin bir çoxu ermənilərdir.

Guya bizə təhsil verirlər – balalarımızı oxudurlar ki, özlərinə nökər kimi, qul kimi daha rahat işlətsinlər. Kərim Kərimov adlı bir generalımız var Moskvada. Kosmik təqdiqatlar mərkəzində mühüm vəzifə tutur. Adam bir kəlmə bizim dildə söz də bilmir! Tamam ruslaşıb. Belə oxumuşun bizə nə xeyri?!.

Bilirəm, ölkəmdə, hansı ki, ora mənim ölkəm deyil, torpağımı işğal etmiş işğalçı imperiyadır, məni xalq düşməni elan edəcəklər. Olsun. Əgər mənim ölkəmin bir nömrəli alimi Firidun bəy Köçərlini 1920-ci ildə güllələyən faşist-kommunist diktaturasının əleyhinə Türkiyəyə casusluq etmişəmsə, mən elə vətən xainiyəm. Mənim ölkəmin baş naziri olmuş Nəsib Bəy Yusifbəyli kimi bir dövlət xadimini rus-erməni cəlladlarının əli ilə işğal vaxtı güllələmişlərsə, mən vətən xainiyəm. Mənim ölkəmin danışan dili, susmaz səsi olan Hüseyn Cavid, Mikayıl Müşfiq kimi şairləri rus-erməni müstəntiqlərinin əli ilə repressiyaya məruz qoyan işğalçı ölkənin əleyinə casusluq etmişəmsə, bəli, mən vətən xainiyəm… Əhməd Cavad kimi bir azadlıq nəğməkarını, onun həyat yoldaşı Şükriyyə xanımı imperiya nökərlərinin əli ilə məhv edən ölkəyə qarşı çıxmaq vətən xaini sayılırsa, mən iki dəfə vətən xainiyəm!.. Rəsulzdələr nəsli kimi bir dövlətçi, cümhuriyyətçi, əsli-kökü olan, ziyalı nəslin az qala hamısını yer üzündən silməyə çalışan o imperiyaya qarşı çıxmağın adı vətən xainidirsə, mən o adı sevə-sevə özümə yaraşdırıram…

Biz qarabağlılar Sovet hökümətini heç vaxt ürəyimizdə qəbul etməmişik. Cəbrayıl, Füzuli, Ağdam kimi rayonlarda milli qüvvələr, Rusiya əleyhinə döyüşməyə hazır olan insanlar həmişə olub. Mən Xudu Məmmədovun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın adını çəkə bilərəm. Xudu Məmmədov “Lalələr” mahnısını dinləyə-dinləyə bilirsiniz dostlarına nə demişdi? Demişdi ki, ən böyük arzum odur ki, türk əsgəri 1918-ci ildəki kimi bir gün yenə əlində silah Bakıya gələ, gəlib bizim qapını döyə və deyə: “Cənab Xudu Məmmədov, biz sizi, Sovetlərə qulluq etmiş kommunist alimi güllələməyə gəlmişik…”

Hələ dünya şöhrətli drijor Niyazi! O bu gün Bakımızda milli qüvvələrin qalasıdır. O ilk baxışda bir Sovet drijorudur, amma Üzeyir bəy bulağından su içmiş bu nəhəng sənətçi bir türk oğlu kimi Azərbaycanda milliliyin hər mənada qorunmasında sipər rolu oynayıb.

Məni yandıran o idi ki, burada, əziz Türkiyəmizdə bütün Azərbaycan insanını Şura hökümətinin nökəri, qulu kimi tanıyırmışlar. Elə bilirmişlər ki, biz hamımız ruslaşmışıq, milli hisslərimizi itirmişik, ana dilimiz türkcəmizi itirmişik və yalnız rusca danışırıq. Onlar mənimlə danışanda təəccüblənirdilər ki, siz necə olub ki, bu illər ərzində türk dilinizi unutmamısınız!?.

Mən onlara 1956-cı ildə baş vermiş bir olayı danışanda heyrət etmişdilər.

Milli istiqbarata verdiyim ilk məlumat bu oldu:

“1956-cı il mayın 28-də – SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar.

SSRİ kimi bir şər imperiyasında, özü boyda konslager olan dövlətdə Cahidlə Çingiz bu ölkənin sərhədləri daxilində milli düşüncə sahibi kimi yaşamağın və xalqının gələcəyi naminə çalışmağın mümkünsüz olduğu qənaətinə gələrək xaricə qaçıb, oradakı cümhuriyyətçi insanlarla görüşmək, güclərini onların gücü ilə birləşdirmək və imperiyaya qarşı birgə mübarizə aparmaq barədə düşünürlər. Ona görə İrana, oradan da Türkiyəyə qaçmaq üçün Lerik rayonunda yaşamaq və işləmək üçün plan hazırlayırlar. Bu işin əsas təşkilatçısı Cahid olduğundan rayona bir neçə dəfə gedib-gəlir, orada bir müddət yaşamaq və imkan olan kimi sərhəddi keçməyin detallarını dostu ilə incələyir. Lakin Çingizin passport qeydiyyatı Moskvaya olduğu üçün onu rayona buraxmırlar və bu plan baş tutmur.

Çingiz Moskvada amerikalı skripkaçı İsaak Sternomun konsertinə bilet alır və onunla konsertdə tanış olur, Amerikaya getməyin yollarını ondan öyrənmək istəyir. Skripkaçının vasitəsi ilə Amerika səfirliyinin nümayəndəsi onu qəbul edir. Lakin az sonra o, DTK tərəfindən yaxalanır. Beləliklə, əqidə dostlarının xaricə getmək cəhdi də baş tutmur.

1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin səs-sorağı hər tərəfə yayılır. C. Hilaloğlu və dostları Sovet ordusunun Tiflis şəhərində onlarla qocanı, qadını, uşağı oldürməsini və həbsxanaya atmasını pisləyirlər. Cahidin hazırladığı vərəqələr Bakının küçələrinə yapışdırılır. Şəhərdə müvəqqəti də olsa ajiotaj yaşanır.

Bu hadisədən 7-8 ay keçməmiş Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. Cahid və dostları bir neçə iri plakat hazırlayaraq şəhərin görməli yerindən asır, bakılıları bu qanlı hadisə barədə məlumatlandırırlar.

Nəhayət, yuxarıda dediyimiz kimi, 1956-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı bacarırlar. Bu, 38 il öncə Şərqdə ilk Cümhuriyyət quran xalqın qan yaddaşının təzələnməsi, ruhunun dirçəldiləsi üçün atılan böyük addım idi.

(Son dərəcə yaraşıqlı, cazibədar bir görkəmə malik Cahid bayrağı gecə ilə asaraq evinə gəldiyi vaxt hönkür-hönkür ağlamış, ailəsini təhlükəyə atmasına rəğmən, gördüyü işin əzəmətini sevgili xanımına anladaraq demişdir:”Biz bu gecə elə bir iş bacardıq ki, Azərbaycan milli istiqlal tarixi üçün bəlkə kiçik hadisə kimi görünə bilər, lakin bu işin miqyasını mən bilirəm və inanıram ki, adımız xalqımızın milli istiqlal tarixinə qızıl xətlə yazılacaq… Hətta yazılmasa belə, bu əməl özü qızıl xətlə yazılmağa layiqdir… Buna görə məni asa bilərlər, güllələyə bilərlər, xaiş edirəm, yadında saxla ki, mən bir incəsənət adamı kimi xalqıma edə biləcəyim xidmətdən daha önəmli bir addım atmışam. Bu, nəslimizin iftixarı ola biləcək addımdır.”)

Bu hadisədən sonra həbs edilən Cahid Hilaloğlu ona qarşı verilən ittihamlara belə cavab verir: ”Nə üçün Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakılar isə əksinqilabi qiyam adlandırılır?”

Dostu, Teatr institutundan tələbə yoldaşı, laçınlı balası Çingizlə birlikdə Bakıda böyük siyasi partlayışlar törədən Cahid uzun müddət DTK-nın nəzarətində olsa da, əqidəsindən dönməmiş, ölənəcən azadlıq ideallarına sədaqətli olmuşdur.

SSRİ-nin xüsusi xidmət orqanları daha bu gənclərin nazı ilə oynamaqdan bezib, sərt tədbirlərə əl atırlar. Cahid Hilaloğlu oğurluqda təqsirləndirilərək həbs edilir. Onu Azərbaycan SSR CM 21-63 maddəsi və Aərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

Çingiz isə hələ 1948-ci ildə dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaqda ittiham edilərək üç il həbsə məhkum olunmuşdu.

Bu qorxmaz adam sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verir. O, yaydığı vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırdı.

Çingizi Teatr İnstitutundan da xaric edirlər. 1968-ci ildə Smolensk vilayətinin Sçov şəhər Xalq Məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya, 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına göndərirlər… Çingiz burada onun kimi məcburi “müalicəyə” göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb onun qohumlarına göndərir. 14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu bu dəlixanadan azad edirlər. İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağıl pozuntusundan belə danışır…”

Yazıçı Tofiq Qəhrəmanovun gözləri tutulduqdan sonra Korlar Cəmiyyətinə üzv olmuşdu və biz onunla söhbət edəndə lap təsadüf nəticəsində söz gəlib Çingiz Abdullayevin üzərinə çıxdı. Tofiq danışırdı ki, Çingizin bir gözü tamam görməsə də, o tək gözü ilə kiçik bülletenlər hazırlayır, Sovet hökümətinin onsuz da çökmək üzrə olduğunu, ona görə də Əfqanıstanda, Macarstanda, Çexoslavakiyada insanları qana bələdiyini, bununla da qaniçən bir imperiyaya çevrildiyini qeyd edir və kor adamlara o bülletenləri verirdi ki, gözü görən adamlar oxudub qulaq assınlar. Deyir o qədər mühakiməli və məntiqli danışırdı ki, onun bu qorxulu söhbətlərini dinləməmək olmurdu. Hətta bir dəfə bir polis işçisi cəmiyyətə gələrək Çingizdən şikayət olduğunu söyləyəndə o demişdi:”Cənab leytenant, biz kor gözümüzlə görürük ki, SSRİ dağılır, sən isə görən gözünlə bunu görmək istəmirsən. Ona görə də kor biz deyilik, sənsən. Get Göz institutuna, cavansan, gözlərini yoxlat.”

Tofiq gülə-gülə deyirdi ki, gənc leytenant özündən şübhələnmiş, dalı-dalı cəmiyyətin binasını tərk etmiş və elə o gedən olmuşdu…

Sənubər xanımın qeyd dəftərində olanlar onun Azərbaycanda yaşayarkən əldə etdiyi məlumatlardır. Bəs bu igid soydaşlarımızın sonrakı taleyi barədə nə bilirik? Mən bir az araşdırma apardıqdan sonra aşağıdakı əlavə məlumatları əldə edə bildim.

Türmədən çıxdıqdan sonra Cahid Hilaloğlu bir xeyli işsiz qalır, nəhayət, anadan olduğu Ağdam şəhərində yeni açılmış dövlət dram teatırında fəaliyyətə başlayır. Ömrünün sonunadək orada çalışır. 1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir “Volqa” avtomobili Cahidi vurur. Əslində, bu, açıq sui-qəsd idi. Beləcə, bir mübariz insan ömrünün işığını belə amansızlıqla söndürdülər.

Çingiz isə azadlığa çıxandan sonra da rahat durmur. Daim xaricə getmək planları qurur. Moskvaya yollanır. Ayıq-sayıq Sovet milisinin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb, “Moskva” mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini ölkənin Daxili işlər nazirliyinin müvafiq şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır. Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın əməkdaşları qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar…

Çingiz Abdullayev Maştağadakı dəlixanadan bir də Sovet höküməti dağılandan sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir.

Axırıncı dəfə onun sorağı 1998-ci ildə İsveçrənin paytaxtı Berndən gəlir. Daha sonra Ç.Abdullayevdən xəbər verən olmayıb… Bir mübariz insanın ömrü də beləcə kədərli şəkildə sona çatır.

Dostum Tofiq Qəhrəmanovla Çingiz Abdullayevin son illərdə birgə çəkdirdikləri şəkil vardı. Şəkilin arxasında Çingiz yaşıl mürəkkəblə yazmışdı:”Ömür su kimidir. Hara istəsən, ora axar. Mən ömrümü özüm yönləndirdim. Əzizim Tofiq! Ömrün su kimi olsun.”

Orhan Karaveli Bakıda olarkən bir çox mətləblərdən söhbət etdik. Və mən çox ehtiyatla Cahidlə Çingizin mübarizəsinə aid Türkiyədə hər hansı bilginin olub-olmaması ilə bağlı sual verəndə çox həvəslə danışmağa başladı. “Əfəndim, gərək ki, səksənlərin əvvəli idi. O zaman Türkiyənin bir neçə qəzetində “Azərbaycanda Kız kulesine takılan bayrak” adlı yazılar dərc edilməyə başladı. Bir çoxları bu yazıların, sadəcə bir propaqanda olduğunu düşünsə də, mən bunların köklü xəbərlər olduğunu bilirdim. Nədən, ondan ki, Azərbaycan Cümhuriyyətinin qurucularından olan bir neçə adamla tanışlığım vardı və Ankarada olarkən onlarla söhbətdən bəzi mətləbləri bilirdim. Bakıda hələ 1918-ci ildən başlayan azadlıq mübarizəsinin bu günəcən davam etdiyindən bəhs edirdilər. İndi adlarını unutduğum iki gəncin Bakıda Qız qalası üzərinə cümhuriyyət bayrağını sancdıqlarını alovlu-alovlu danışırdılar. Mən eşitdiyim bu xəbəri çalışdığım “Vatan” qəzetində manşet yazısı kimi verdirməyə nail olmuşdum. O zamnkı Sovetlərə bağlı qəzetlər xəbəri yalanlamaq istəsələr də, alınmadı. Çünki bir gün sonra əksər Türkiyə qəzetləri bu xəbərlə yatıb-qalxırdı… Hətta xəbər televiziyalara da sıçramışdı…”

“Mən Rəhmana qarşı çox ədalətsizlik etdim. Yaxşı, bacısı antisovet idi, ölkəmizə qarşı casusluq etmişdi, axı bunun Rəhmana nə isti-soyuğu?! İçində daim qara niyət gəzdirən, elə buna görə də camaatın daldada Qara Əkbər dediyi əmimin dutkasına gedib yazığın başına oyun açdım… İclas gedə-gedə infark etdim adamı… Hələ anası Gülcamalın o qanlı ölümü də mənim ayağıma yazılacaq məhşərdə… Mən təkcə Rəhmanı məhv etmədim, öz eşqimi, məhəbbətimi də məhv etdim… Hələ o repressiyanın şüdd etdiyi illərdə Stalin deməmişdimi ki, oğul ataya görə cavabdehlik daşımır?! Amma biz bacıya görə qardaşı… Sənubər, bəlkə də, Türkiyədə bu saat kef çəkir, amma mən də, Rəhman da zəlil olduq… Deyilənə görə, arvadı da qoyub gedib yazığı… O orda can çəkişməsində, mən burda… Allah kommunizm çıxardanın evini yıxsın! Yıxdı evimizi…”

Qadın bayaqdan onun qoynuna girmiş bu pəzəvəng adamın şəhvətini soyudandan sonra xorna çəkdiyini duyub, üstündən itələdi. Divan dar olduğundan Əpiş aşıb döşəməyə düşdü və gərnəşib ulaq kimi ağnadı, böyürüb səsini başına atdı.

— A Masuma xanım, məni pola saldın ki!

Və ucadan güldü. Məsumə xanım da ona qoşulub gülmək istədi, amma içinin, içalatının bu gülüşə hazır olmadığını duyub, yorğanı başına çəkdi, xısın-xısın ağladı.

“Daha gülə də bilmirəm. Allah quruca gülüşü də mənə haram buyurub. Bircə Tiqranım gəlsəydi… Mənim bu dünyada yeganə doğmalıq bağım olan adam odur… Tiqran, ay Tiqran, hardasan?!”

Əpiş qadının ağladığını hiss edib, döşəmədən qalxdı, yorğanı üzündən çəkib yaşlı gözlərindən öpdü və dedi:

— A Masuma xanım, ba deyirəm, o Dıqrandı, nədi, gəlsin, özüm ölüm, ona bir usta şilləsi çəkməsəm, kopoluyam!

Qadın çətinliklə yataqdan qalxdı, səs gələn tərəfə fokuslanıb zarıdı:

— Niyə, ay Əpiş?!

—Ona görə ki, o sənin kimi bir xanımı burda dili zarıncı qoyub, düşüb urus qəhbələrinin götünə!..

— Uy, Uy, Əpiş, ətin tökülsün, o nə cür danışmaqdı?! Ayıb söz danışma…

Və nə düşündüsə, qadını qəfil dəli gülmək tutdu. Elə güldü ki, bu son illərdə hələ onun belə ürəkdən güldüyünü görən olmamışdı. Əlini Əpişin durduğu yerə tərəf uzatdı, kişinin şalvarsız qıçlarının arasına əli toxunanda üşənib geri çəkmək istəsə də, etmədi, əksinə, bu qıçları qucaqladı, ayaq üstə duran adamın yuxa yerindən öpüb dedi:

— Əpiş, sən mənim ən əziz adamım, Tiqran isə doğmamdır… Bu həyatda ikinizdən başqa bir kimim, kimsənəm yoxdur…

Əpiş əyilib qadının qız döşü kimi dik döşlərini sığalladı, bir az dərisi qırışmış bu döşlərin məxməri gilələrini ağzına salıb sordu…

Qadın ikinci dəfə kişiyə təslim olub divana uzandı…

…Əpiş fısıldaya-fısıldaya şalvarını geyinib gedib. Məsumə xanımsa can çəkişməsində – keçmişi ilə təkbətək bu divanın üstündə vurçatlasındadır…

“Yatsaydım, yuxuma girməzdi ki, mən bu əbləhin altına yıxılacam. Neynim, nə edim? Daha mənim qatarım gedib… Kommunizm dağılıb (heç olmamışdı, onsuz da), partiya buraxılıb (hərçənd ki, mən partbiletimi saxlayıram, amma niyə saxlayıram, özüm də bilmirım), vəzifəm yox, ərim yox, ailəm yox, övladım yox, bunların hamısı cəhənnəmə, gözlərim görmür, gözlərim!.. Mənim yeganə şansım Əpiş idi. Onu əlimdən buraxa bilməzdim. Əpiş neçə illərdir ki, mənim həm görən gözümdür, həm oğlum kimidir – hər işimə əl atır, həm sürücümdür, həm telexranitelimdir, həm də kişimdir… Düz altmış yaşımda onu yatağıma buraxdım. Onacan yazıq çox yalmandı, çox o tərəf-bu tərəfimə keçdi. Amma qımırımı görüb, getdi yerində oturdu… Elə ki, gözlərimin nuru tamam getdi, anladım ki, daha nanay eləməyin yeri deyil. Bir də o dünyaya üzü bağlı qızmı gedəcəkdim?.. Qız dedim… Bu nə imiş, ay allah?! Əpiş, ayıb olmasın ilk dəfə o yaşda mənimlə yaşayanda elə bil içimdə köklü ağac qopdu. Qan aparırdı məni. Yazıq Əpiş qorxudan özünü itirdi. Dedim, qorxma, yorğanı bas qıçımın arasına…

Bir az sonra qan kəsildi. İki gün dərman atdım. Düz bir ay Əpiş qorxudan mənə yaxın düşmədi. Axırda gördüm ki, özüm istəyirəm… Hə, bu zəhrimar şirin şeymiş. Mən bədbəxt də özümü dünya tamından məhrum eləmişəm… Elə o vaxtdan Əpiş oldu həm də ərim. (Burada bir şeyi gərək hökmən yada salım: mən çox oxumuşam axı. Katib olana qədər də, lap katib olanda da gecələr bədii əsərlər oxuyardım… Bir dəfə, lap sonralar Belarus yazıçısı var, Nobel də aldı gərək ki, Svetlana… Svetlana… Nə isə famili yadımdan çıxıb… “Müharibəin qadın üzü” adlı romanı var. Orda bir yer vardı, təxminən belə idi ki, müharibə bitəndən sonra xəbər gəlir ki, rayonun xəstəxanasında əli, ayağı, gözü şikəst döyüşçü kişilər qalıblar. Qadınlar xəstəxanaya axın edirlər. Əlini, qolunu, bəzən isə hər iki qolunu, hər iki ayağını itirən kişiləri götürüb evlərinə gəlirdilər. Orada bir yaraşıqlı oğlan da varmış, əli, qolu, gözü yerində – təkcə güllə cinsiyyət orqanını qırıb aparmışdı… O oğlana heç kim yiyə durmadı… Qadınlara kişiliyi olan kişi lazım idi…Mən o zaman anladım ki, gecələr yuxusuz qalmağımın, təzyiqimin daim 150-160 arası olmağının bircə səbəbi var: mənə kişi lazımmış… Bütün qadınlar kimi mənim bədənim kişi istəyirmiş…)

Bir gün dedim ki, get, molla çağır.

Xızı məscidinin axundunu maşına qoyub gətirdi…

İşə bax, ateist Məsumə, kommunist Məsumə, birinci katib Məsumə molla kəbini ilə Əpişə ərə getdi… Sonra da maşınımıza əyləşib ədəb-ərkanla ZAQS-a yollandıq, dövlətin qayda-qanunu ilə ər-arvad olduq… Lap sonda notarial qaydada bütün əmlakımı Əpişə vəsiyyət etdim…

Deyirlər ki, biz ZAQS-a gedən günü Rəhman bir də infark keçirib. İndi daha dili söz tutmur… O ləçər arvadı da hər ay gəlib təqaüdünü alır, bir az Rəhmana verir, qalanını da cibinə qoyub gedir. Deyilənə görə, təzədən ərə gedib. Sadəcə, Rəhmandan olan qızının alimentini bu cür qopardır keçmiş ərindən…

Ehhhh… Görəcəkli günlərimiz varmış…

Nə ölən kimi öldük, nə qalan kimi qaldıq…

Dili zarıncı olduq ikimiz də…”

(davamı olacaq)

Share: