“Xilaskar”
Olur insanın içində bir sıxıntı, bir qəribəlik, özünə yer tapa bilməməsi. Səbəbi isə bəlli olmur, nə qədər düşünsən də nədənini aşkara çıxara bilmirsən. Gecədir,yata bilmirəm. Gözümü yumduğum an o gözəl səs gəlir qulağıma, dayanmadan təkrar edir: -Dastana döndü, dastana döndü. İçimdəki digər səs isə deyir: -Həqiqətən də dastana döndünüz.
Bəlkə nə qədər təsirli söz deyə bilər iç səsim, lakin “dastana döndü” oxuyan bir qəhrəmanın həqiqətən dastana dönməsindən daha təsirli nə ola bilər ki? Hansı söz ya da ifadəylə bəzəyib təsir gücünü artıra bilərəm ki? Bu gün Generalımız Polad Həşimovun doğum günüdür. O General ki,Şəhidliyi ilə sanki dağılmış yolu düzəltdi və bizi Qarabağa apardı. O General ki,adı gələndə hər kəs dərindən köks ötürüb “polad qəlbli” neçə qəhrəmanı sıra ilə xatırlayacaq. Amma mənə nədənsə bu gün bu sətirləri yazmağıma səbəb tək bunlar deyilmiş kimi gəlir. Sanki sizə danışacaq daha gözəl bir “romanım” var… Bəzən düşünürəm Şəhidlər anadan qəhrəman doğulurlar. Onların xəmiri əvvəldən cəsurluqla yoğrulur. Mən sizə həmin o xəmiri qəhrəmanlıqla yoğrulan, kiçik bir qızın Xilaskarından danışacam. Kiçik qız bir gün bir rayona gedir. Bir ailədə qonaq olur. Həmin ailə yeni ailə həyatı qurub, mehriban və xoşbəxt ailədir. Ailə başçısı kiçik qızı gəzməyə aparır. Qapılarının qarşısında böyük bir su kanalı var. Ehtiyyatsızlıqdanmı,dəcəllikdənmi qız su kanalına sürüşüb yıxılır. Balaca olduğundan üzməyi bilmir. Suda çabalayır. O an ailə başçısı onu xilas edir. Qızın ona can borcu olur. Və o xilaskarını bir daha heç vaxt görmür… O balaca qız mənəm. Xilaskarım isə Şəhid Bəxtiyar Bəkirovdur. Onda hardasa 6-7 yaşım olardı. Məni qucaqlayıb sudan çıxaranda üzünə gülmüşdüm. Üstümüz-başımız su içində, paltarımızdan su dama-dama evə gəlmişdik. Tir-tir titrəyirdik. Mən gülmüşdüm və ölümdən qorxmamışdım. O olmasaydı… bu gün bu sətirləri yaza bilərdimmi? Bilməzdim. Onu tam xatırlamıram. Sadəcə bu hadisəni xatırlayıram. Şəkillərini görməsəm üzünü belə unudaram. Nə qəribə, həyatımı qurtaran insanı illərlə unutmuşam,ona can borcum var və mən bunu o Şəhid olanda anladım. Bəzən insanlar özlərini çox ölümsüz sanır. Sentyabrın 27-də müharibə başlayanda o da hamı kimi düşmənə qan qusdururdu. O da torpaqlarımız üçün canını ortaya qoymuşdu, həm də 3 balasını arxada qoyaraq. Düşünmədən, gözünü qırpmadan, sonu ölüm belə olsa vətən üçün hər şeyi edirdi. Xilaskarım bu dəfə də qəhrəman olacaqdı. Lakin bir fərq vardı, birinci də yalnız mənim qəhrəmanım idi, indi isə bütün xalqın qəhrəmanıdır. Döyüşdüyü müddət ərzində 18 tank və 1 qərargah məhv etmişdi. İndi düşünürəm ki, o, necə cəsurluqla vuruşub. Filmlərdə gördüklərimizə heyrətlənərkən, sən demə bizim necə oğullarımız varmış. Günlərlə ailəsi, dostları, bir sözlə heç kəs ondan xəbər ala bilmədi. Bir gün Şəhid xəbəri gəldi. O duyğu izah edilə bilməyəcək qədər çətindir. Birini itirmək necə izah olunar ki? O xəbəri eşidən də bir anlıq yenə suda boğulmaq istədim, yenə gəlsin məni xilas etsin və boynuna sarılıb deyim ki, Şəhid olmayıb, Qəhrəman sağ salamat, vuruşaraq evinə qayıdıb. Mən göz yaşlarımda boğuldum, amma o, məni xilas etmədi, edə bilmədi. Nə ağlaya, nə söz deyə bilirdim. Bir müddətlik donmuşdum. Sadəcə düşünürdüm. Peşmanlıq idimi yoxsa özünü günahlandırmaqmı? Kaş onu bir dəfə görərdim. Sonra susub ürəyimdə bütün olanlara “qismət” dedim. Bəxtiyar əmi, sən xilaskarım idin. Bəzən söhbət düşəndə bu gözəl xatirəni gülə-gülə danışırdım. Mən heç vaxt bu tərəfini düşünməmişdim. Hətta məndə elə bir düşüncə formalaşıb ki, bir şansım olardı, sən məni xilas etdiyin kimi,mən də səni xilas edərdim. İnanıram, sən gözəl yerdəsən. Bizi izləyirsən. Səndən hər danışdıqca yanımıza gəlirsən. Mən səndən çox danışacam ki, həmişə yanımızda olasan. Bəxtiyar əmi, sən indi qəhrəman oldun. Adın tarix kitablarında keçəcək. İştirak etdiyin döyüşləri uşaqlar əzbər biləcək. Sənin haqqında kitablar yazılacaq, xatirəni əziz tutacaqlar. Axı sən bu dəfə məni xilas etmədin, yenə özünü təhlükəyə ataraq onları da xilas etdin.
Qulağıma o səs gəlir: “Dastana döndü”-deyir Xudayar.
Bu dəfə hiss edirəm Bəxtiyar əmi, o, səni deyir. Sənin üçün deyir. Deyir ki, dastana dönmüsən. Dildən-dilə gəzirsən. Həm də gülərək oxuyur, axı o da sənin yanındadır, o,bilər orada necə döyüşdüyünü, nələr etdiyinizi ona danışmış olarsan. O kiçik qız böyüyüb… Daha bəlkə üzməyi də öyrənəcək ya da öyrənməyəcək ki, xilaskarı gəlib onun həyatını qurtarsın. O qız böyüyüb… və bilir ki, “polad qəlblilər” daim bizimlədi. Biz onlardan danışdıqca həmişə yanımızda olacaqlar. -Yazdıqlarımı oxuyan dostum, bəlkə bilmirsən bu gün kiminləsə son yeməyini yedin. Bu gün hər hansısa bir yaxınınla sağollaşdın və ağlına gəlmədi ki, sabah onu görməyə bilərsən. Bir gün yatağa uzananda “gecən xeyrə” dediyin birinə “sabahin xeyir” deməyə bilərsən. Düşünmədin ki, son görüşünüz bu gün idi və bunun sabahı yoxdur. -Və sən bəlkə bu gün Bəxtiyar əmiylə ilk və son dəfə danışa bilərsən.
Səbinə Şirinli
Müstəqil.Az