Müntəzəm transatlantik gəmiçiliyin açılması ilə buxar gəmilərinin dövrü başlayır. Bu nəqliyyat növünün populyarlığı artdıqca, okean gəmilərinin sürəti və sayı da artır.
İzambard Brünel adlı mühəndis, kömür ehtiyatlarını doldurmadan dünyanı dövr edə biləcək bir gəmi yaratmaq fikrinə düşür. O, belə gəmiyə sahib olan şirkətin bütün Şərqdəki və Avstraliyadakı ticarəti idarə edə biləcəyini düşünürdü.
“Great Eastern” tamamilə metaldan inşa edilmiş ilk ən böyük gəmi olur. İnşasına hər biri 300 kiloqram olan 30 min metal plitə sərf edilib.
“Great Eastern” gəmisi dünyada yeni gəmilərin inşasına təkan verir. Bu gəminin dibi tarixdə ilk dəfə olaraq metal lövhələrdən, ikiqat və damalı formada inşa edilib. Gəminin dibinin damalı forması onun daha möhkəm olmasına kömək edir. Bir müddət keçdikdən sonra bu üsulla daha böyük gəmilər inşa edilir.
İki ədəd sadə, genişləndirici buxar maşını gəminin sürətini 14 uzelə çatdırmağa imkan verirdi. Gündəlik kömür sərfiyyatı 330 tona bərabər gəminin maşın şöbəsinin heyəti 230 nəfərdən ibarət idi. Bundan əlavə, konstruktorlar gəmidə sahəsi 5400 kvadratmetr olan yelkən qurğusu da quraşdırmışdılar.
İnşasına 1854-cü il mayın 1-də start verilən gəminin tikitisi 4 il davam edib. İnşasında 12 min nəfər çalışıb. Layihənin ümumi dəyəri planlaşdırılmış smetadan 4 dəfə baha başa gəlir. Mühəndis Brünel inşaatın son aylarında layihəni öz hesabına maliyyələşdirirdi.
Temza çayındakı gəmiqayırma zavodunda inşa edilən gəmi suya salınarkən bir sıra çətinliklər yaşanır. Proses zamanı qırılan kəndir 5 fəhlənin ölümü ilə nəticələnir. Bu səbəbdən gəmini çox aşağı sürətlə suya salmağa qərar verirlər. Suya salınması 90 gün davam edən gəmi 1858-ci il yanvarın 30-da istifadəyə verilir. Lakin bu hadisədən bir neçə gün sonra mühəndis İzambard Brünel insultdan vəfat edir.
1861-ci ildə güclü fırtınaya düşən əfsanəvi gəmi ciddi zədələr alsa da xoşbəxtlikdən məhv olmur. 1865-ci ildən “Great Eastern” gəmisindən artıq teleqraf xətlərinin çəkilməsi üçün istifadə edilir. 1865-1874-cü illərdə Atlantik Okeanın dibində 50 min kilometr teleqraf xəttinin çəkilməsini müvəffəqiyyətlə yerinə yetirir.
30 illik istismardan sonra “Great Eastern” gəmisi 1889-cu ildə doğranmaq üçün göndərilir. Olduqca möhkəm inşa edilmiş gəminin utilizasiyası 2 il davam edir.
Həcminə və möhkəmliyinə görə 40 il ərzində birinci hesab edilən “Great Eastern” gəmisi 1901-ci ildə yerini “Celtic” gəmisinə verir.