Xizək üstündə yelkən

Xizək üstündə yelkən

Buerin yaranma tarixi

Buerin yaranma tarixini dəqiq müəyyən etmək mümkün deyil. Şimal balıqçıları buzlaqlarda rahat hərəkət etmək üçün öz qayıqlarına xizək qoşaraq onları müvafiq hava şəraitinə uyğunlaşdırıblar.

Buerin Hollandiyada yarandığı güman olunur.  Rusiyada ilk buz qayıqları hələ I Pyotrun vaxtında inşa edilmişdi. Bəzi mənbələrə görə, çar ona məxsus olan Qış Sarayının qarşısında buz qayığı ilə gəzinti üçün müvafiq meydança inşa etdirmişdi. Çarın qızı Yelizavetanın isə şəxsi bueri var idi. Artıq XIX əsrdə yerli yaxt-klublar yüzə qədər buerin iştirakı ilə reqatalar da keçirirdilər.

Ən böyük  buz qayıqlarından hesab edilən “İcicle” 1869-cu ildə ABŞ-da Con Ruzvelt üçün inşa edilmişdi. Uzunluğu 21 metr olan qayığın yelkəninin sahəsi 99 kvadratmetrə bərabər idi. Onun yeganə “rəqibi” 1880-ci ildə Fin körfəzindəki yarışlarda iştirak üçün inşa edilmiş, uzunluğu 15 metr, yelkəninin sahəsi isə 190 kvadratmetrə bərabər olan “Yolka” adlı buer idi.

Həmin dövrlərdə ABŞ-da ən populyar əyləncə buer və parovozun yarışması idi. Belə yarışların birində Con Ruzveltin qayığı “Chicago Express” parovozunu geridə qoymuşdu.

Müasir buerin maksimal sürətinin 160 km/saat olmasına baxmayaraq, Con Bakstaf 1938-ci ildə fırtınalı hava şəraitində klassik bueri saatda 264 km sürətlə hərəkət etdirməyə nail olmuşdu.

Buerin xüsusiyyətləri

Buz qayığının idarəedilməsinin özünəməxsus xüsusiyyətləri var. Buz qayığının sürəti adi yelkənli qayığın sürətindən 3-4 dəfə yüksəkdir ki, bu da onun idarəedilməsini çətinləşdirir. Bueri rahat idarə etmək üçün aylar, bəlkə də illər boyu gərgin məşqlər tələb olunur.

Müasir buerlərin gövdəsi ağacdan, plastikdən və ya karbondan hazırlanır. Yelkənin materialı yumşaq və sərt ola bilir. Bu halda yelkənin forması və sahəsi dəyişir. Bəzi statistikalara görə, yelkəni yüngül və nisbətən balaca olan buerlərin idarəedilməsi daha rahat və sürəti daha yüksək olur.  Nə qədər qəribə səslənsə də buerlərin əyləci olmur. Onu saxlamaq və sürətini azaltmaq lazım gəldikdə yelkəni idarə etmək lazımdır.

Buer ən yüksək sürətli yelkənli qayıq adını təsadüfi qazanmayıb. Adi klassik və təkərli yelkəndən fərqli olaraq buz qayığının sürəti dəfələrlə yüksəkdir. Küləkdən əlavə olaraq buerin yüksək sürətini ona qoşulmuş üç xizək təmin edir.  Sürəti 100 km-ə  çatandan sonra yelkəni küləyə əks istiqamətdə çevirməklə sürətini azaltmaq və ya dayandırmaq olar.

“Formula 1” yarışlarının bolidi kimi buz qayığı da hər idmançıya uyğun olaraq fərdi şəkildə inşa edilir.

Buer ilk olaraq balıqçı gəmisi kimi istismar olunub. Onu gəzinti üçün ilk dəfə hollandlar istifadə ediblər. 1819-cu ildə Sankt-Peterburqda, Admiralteysk gəmiqayırma zavodunda ilk rus bueri inşa edilib. 1876-cı ildə ilk rus idman bueri – “Metel” istifadəyə verilib.

Buerin idarə edilməsi üçün kifayət qədər geniş yer və hamar buz səthi mütləqdir. Bueri idarə etmək üçün yaş həddi müəyyən edilməyib, idmançının tam sağlam olmağı isə əsas şərtlərdən biridir.

Peşəkar yarış bueri 25 min dollara satılır. Həvəskarlar üçün nəzərdə tutulmuş buer isə bir neçə dəfə ucuzdur. Beynəlxalq yarışlarda buerlər yarışçının boyuna və çəkisinə uyğun olaraq hazırlanır. Bu idman növü qış idman növlərinin arasında ən yaxşılarından biri hesab edilir.

Məqaləni hazırladı: İlqar Quliyev

“Seanews.az”

Share: