...1396- cı ilin qışı çıxhaçıxdaydı. 61 yaşlı Əmir Teymur(tam adı: Timur Taraqay Barlas oğlu) toya hazırlaşırdı. Ömrü qanlı döyüş meydanlarında keçmiş qocaman sərkərdə sanki bu yaşın içində odlu-atəşli bir gənc həvəsində idi. Bir il əvvəl, 1395- ci ildə ardıcıl apardığı amansız müharibələr nəticəsində möhtəşəm Qızıl Orda imperiyasını laxlatmış, onun paytaxtı Saray Bərkəni yandırıb külünü göyə sovurmuşdu. Qarşıda hələ Azərbaycan səfəri dururdu; şanlı, həm də fırtınalı yürüşlərin çoxu irəlidə idi.
…Əmir Teymur Moğolustan hakimi Xızır Xoca xanın qızı şahzadə Tükel xanımla evlənirdi. Teymur nəhayət Xızır Xoca xanla nəsilbəsil aparılan qanlı ədavətə son qoymaq istəyirdi. Teymurun indi qayınatası olacaq Xızır Xoca İlyas xocanın oğlu, Toğlıq Timurun isə nəvəsi idi. Teymuru ilk gəncliyində o yaralamışdı. Onun oğlu İlyas xan da Teymurla vuruşmuşdu, bu 1365-ci ildə baş vermişdi. Xızır Xoca öz atasını öldürdükdən sonra Pamirə qaçmışdı. O zaman Moğolustan dedikdə buraya Şərqi Türkistan, Yeddi Su (müasir Semireçye vilayəti), Cənubi Sibirin böyük hissələri daxil idi. Şahzadə Tükel xanım bu bahar 13 yaşa keçirdi. (Tükel bir qadın adı olaraq kamil, mükəmməl, xarüqə mənalarını ifadə edir. Müasir oxucularımıza yad görünməsin deyə qeyd etməliyik ki, qədim türk yazılı abidələrinin dilində də bu sözə həmin mənası ilə rast gəlinir).Gəlini Səmərqənddə adına layiq qarşılamaq üçün əzəmətli
Səmərqənddə əmirin əmri ilə başladılan “Dilgüşa” bağı artıq salınıb qurtarmışdı. İndi budur, əmir nişanlısını qarşılamaq üçün yola çıxmışdır. Teymurləng başındakı nüfuzlu əyanları, Türkistanın xas igidləri ilə gəlib Çinaz qəsəbəsi yaxınlığında (bugünkü Sır Dərya vilayəti ərazisində) Ahəngəran mənziləsində (durağında) əyləndilər.
Şahzadə Tükeli gözləyərkən nəhayət, əmirin səbri tükənir, vaxtın verdiyi imkandan istifadə edib yolüstü sağlığında həlaə məqamı Türküstanda ziyarət yeri olan sufi rəhbəri Xoca Əhməd Yəsəvinin məzarını ziyarətə gedir .Qəlbi yenidən nübar bir eşqlə çırpınan padşah burada bir möhtəşəm ziyarət mərasimi keçirir, namazını qılır, bahalı hədiyyələr paylayır. Lakin xocanın məzarının sadə və qəmli görünüşü onu mütəəssir edir. Qəlbindəki yeni eşqin fərəhi onu könülaçan, xeyirxah tədbirlərə çəkməkdədi. Elə buradaca Xoca Əhməd Yəsəvinin məzarı üzərində mavzoley ucaltmağa qərar verir.
Xoca Əhməd Yasəvi 63 yaşına yetişən kimi (nurlu peyğəmbərimizin bu dünyadakı ömrü nəzərdə tutulur) yeraltı hücrəyə girib işıqlı həyatdan könüllü əl üzür. Məscidin yanındakı bu yeraltı hücrənin yaxınlığında onun ailəsi, şagirdləri yerləşirlər.
…Xoca Əhməd 1166-cı ildə vəfat edincə böyük ehtiramla yenicə tikilmiş kiçik sərdabədə torpağa tapşırılmışdı. Sərdabə onun inzivaya çəkildiyi, bütün ömrünü ibadətlə keçirdiyi yeraltı hücrənin yerində tikilmişdi. Get-gedə onun ziyarətinə gələnlərin, zəvvarların sayı artır, Yasa şəhəri də böyüyürdü. Artıq onun qızı Gövhər, kürəkəni Əli Xocanın məzarları üzərində türbələr tikilmişdi. Bu ziyarət yerlərinin gəliri, ianə və ehsanları hesabına aşıb-daşırdı.
İndi isə nəhayət, Teymurun əmri ilə 12-ci əsrdə tikilmiş bu məqbərə sökülüb yerində yenisi tikilməyə başlanır. O məscid-mavzoleyin tikinti işlərini Divanda öz xeyirxah əməllərilə ad çıxarmış Mövlana Übeydulla Sədrə tapşırır. Tikinti o zamana görə çox sürətlə aparılırdı və öz miqyasına görə türbə Səmərqənddəki Bibi xanım məbədinə, Şəhri-Səbzdə Ak Saray və Darüssəadət məqbərəsinə bərabər gəlirdi. Memarlıq xüsusiyyətlərincə isə Türkistan ölkələrinin qədim və zəngin ənənələri əsasında qurulmuşdu. Bu mənada Akır Taş saray qəsri (7-8 əsrlər), Termez yaxınlığında Kırk kız (9 əsr) abidələrini xatırladırdı.
Elm-maarif işlərinin ilhamçısı Əmir Teymurun təşəbbüsü ilə məqbərədə məscid, kitabxana, mədrəsə, tələbələrin oxuyub yaşamaları üçün hücrələr salınmışdı. Beləliklə, Xoca Əhməd Yəsəvi məbədi təkcə əbədi rahatlıq yeri-məqbərə deyil, eyni zamanda təhsil, təlim vəzifələrini yerinə yetirirdi.
Əmirin sifarişi ilə İsfahanlı sənətkar İzzəddin Tacəddin oğlu qapıların qızıl və gümüşə tutulmuş yaşmaqlarını, dəstəklərini, həlqə-dəqqülbabları və asma çıraqları düzəltmiş, misgər Əbdül Əziz Təbrizi isə 1399-cu ildə yaxınlıqdakı Qərnaq şəhərində ağırlığı iki ton olan tunc tiyanı tökmüşdü. Pardaqlanmış gül şəklində diametri 2,5 m. olan 10 qulplu bu tiyan əslində nəhəng vazanı xatırladırdı; Sankt-Peterburqa aparılaraq Ermitajda saxlanılan qazan 1988-ci ildə mavzoleyə geri verilmişdir. Naxışlarla bərabər nəsx xətti ilə yazılan mətnlər özü də bu sənət əsərinə ayrıca bir süs və zinət verir. Məqbərənin tən ortasında Xoca Əhməd Yasəvinin açıq yaşıl rəngli yaşmadan yonulmuş məzarı yerləşir. Ziyarətgahın əl işləməli ağac qapıları bu gün də səyyahları heyrətdə qoymaqdadır. Mavzoleyin bədii işlərini Şirazlı Hacı Həsən görmüşdü; onun adı məscidin şimal fasadına yazılmışdı. Məqbərə başa çatmaqda idi, təkcə onun əzəmətli baş tağlarını ucaltmaq qalırdı. Cin ölkəsinə yürüşü planlaşdıran Teymur bu səfər ərəfəsində 1405-ci ilin fevralında Otrar şəhərində vəfat edir. Məbədin qarşısında çatdırılıb ucaldıla bilinməyən ala qapıları bu tikinti başladıqdan düz 200 il sonra Buxara hakimi Abdulla xan tikdirib tamamladı. Bu şərəfli məkanda dəfn olunmaq hər adama müəssər olan tale deyildi; burada Uluqbəyin qızı, Teymurun nəticəsi Rəbiyə Sultan Bəyim və onun əri Əbül Xeyir xan əbədiyyətə qovuşmuşlar. 1864-cü ildə çar orduları Türkistanı işğal edərkən general Çernyayevin komandanlığı altında polkovnik Verevkin mavzoleyi gülləbaran etmişdi. Buraya rus silahının xofundan qaçıb sığınan qadınlar, uşaqlar toplaşmışdılar. 1898-ci ildə işğalçı qoşuna kazarma tikilərkən Rəbiyə Sultan mavzoleyi sökülərək onun kərpicləri həmin barakların tikintisində istifadə edildi. …Əmir Teymur cahangir idi; onun qılıncı ən çoxu da türk dövlətlərinin məhvinə, sınıq düşməsinə görə də enib-qalxmışdı. 1389, 1391, 1394, 1395-ci illərdə apardığı müharibələrdə Qızıl Orda imperiyasının ehtişamına son qoydu, Toxtamış xanı öldürdü; Litva səlibçilərini Rusdan əzib qovdu. İndi bu `xidmətləri` nankorcasına itirib, bu zəfərləri də özünə çıxanlar var…Böyük knyazların böyük qələbələrindən böyük-böyük tarix cildləri ortaya qoyulmaqdadır.
Əmir Teymur tarixdə ikili ad qoyub getmiş; qurucu, maarifçi, din-etiqad keşikçisi, islahatçı… qarətçi, fateh…
Cahangirlər ölümlərindən sonrakı aqibətləri üçün narahatdırlar. Çingiz xan xəlvəti dəfn olunmasnı vəsiyyət etmişdi. Stalin, Lenin kimi yeni dövrün cahangirləri göz qabağında dəfn oluncalar da `haqq-hesabdan, sorğu-sualdan` qurtula bilmədilər. Əmir Teymur ölümqabağı mənhus xəbərdarlığını etməşdi; mənim qəbrimə əl vurmayın…
Bu gün də durur Teymurləngin qəbri. Ölməz ruhu əsrlərdən əsrlərə uçur. Nə məzarına toxunmaq olar, nə də həmişəcavan ruhunu incitmək. Nə sirrdir bu. Bəlkə sirr elə Əmir Teymurun ömrü boyu cah-calaldan imtina etmiş, sağlığında belə məzara bənzər yeraltı hücrədə ibadətə bağlanmış Xoca Əhməd Yəsəvi adında Qaraçuxasının himayəsində idi. Alimlərə – milləti öz zəkasının nuru ilə nurlandıran ziyalıya sayqıları idi. Bəlkə müəllimə, öz müəlliminə olan eşqi, hörməti və ehtiramında idi əsas məsələ?
Ölərkən müəlliminin ayaqları altında basdırılmasını arzu etmişdi. Öz xahişi ilə `ayaq altında` cisminə yer arzulamışdısa da ruhu çox-çox yüksəkliklərdə qanad çalır. Qanad çalacaq düz qiyamət gününə qədər.
Minaxanım Təkəli
Xoca Əhməd Yəsəvi mavzoleyi.
Məqbərənin arxasında Yəsəvi məscidi
Xoca Əhməd Yəsəvinin məzarı
Əmir Teymur
Əmir Teymurun xanımı Tükəl xanım