Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək, Azərbaycan xalqı və dövləti qarşısında cavab verəcək.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsi soydaşlarımızın kütləvi şəkildə qırğınına səbəb olub. Həmçinin soydaşlarımız əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiya olunub, şəhər və kəndlərimizin, maddi-mədəniyyət abidələrimizin dağıdılıb, milli genefondumuzun məhvinə yönəlmiş soyqırımıları törədilib.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il yanvarın 28-də Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti göstərilir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Artıq Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Ermənistan hökumətindən Xocalı soyqırımını tanımaq tələb olunur. Bununla yanaşı, Xocalı soyqırımı bir sıra ölkələrin parlametntlərinin gündəmə gəlib. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı kimi tanıyıb. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanının Xocalı faciəsini qətliam kimi qiymətləndirib və pisləyib. Ən mühüm hadisə isə odur ki, bu qətliam erməni hərbi birləşmələri tərəfindən xalqımıza qarşı etnik təmizləmə kimi təqdim edilir.
Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlər xaricdə yaşayan soydaşlarımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması işi davam etdirlir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində müxtəlif səpkili tədbirlər təşkil edilir. Keçirlən aksiyalarda iştirakçıların Azərbaycanın dövlət himnini oxuması ilə başlayır.
Aksiyalarda səsləndirilən şüarlar vasitəsilə dünya birliyinə müraciət edilir. Eyni zamanda Xocalı soyqırmı ilə bağlı xarici ölklərdə anım mərasimləri təşkil edilir. Bu tədbirlərdə 31 il öncə Azərbaycanın Xocalı şəhərində erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın ağır texnikası və hərbçilərinin köməyi ilə dinc azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirdiyi, yaraladığı, əsir götürdüyü barədə ətraflı məlumat verilir.
Xocalı şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşan tədbirlərdədə Xocalı soyqırımını əks etdirən foto-sərgi də təşkil olunur. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi bir çox tədbirlərdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilir.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
1992-ci ildə Xocalıda olduğu kimi, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və s. şəhər və rayonlarda Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini hədəf seçmişdi. Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının da icraçıları olmuşdur. Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək, Azərbaycan xalqı və dövləti qarşısında cavab verəcək. Xocalı soyqırımı hər bir azərbaycanlının qan yaddaşına çevrilib. Dəhşətli faciə Vətən müharibəsində düşmən üzərinə atılan Azərbaycan əsgərlərinin əzmini daha da gücləndirmişdir.
Ağayev Nəbi Baba oğlu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri