“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.
Bu sözləri Türkiyənin “Haber Global” kanalında erməni vandallığı ilə əlaqədar hazırlanan süjeti təqdim edən aparıcı deyib.
O, bununla bağlı kadrlar təqdim olunarkən göz yaşlarını saxlaya bilməyib.
Süjetdə bildirilir ki, Ermənistan ordusunun mülki şəxsləri ayrı-seçkilik etmədiyi hücumlarında uşaqlar hədəf alınır.
“Əslində bu, Azərbaycan üçün tanış ağrıdır… Bu foto 90-cı illərdə Birinci Dağlıq Qarabağ müharibəsində çəkilib. Xocalı soyqırımının baş verdiyi, bir milyondan artıq azərbaycanlının evini, obasını tərk etmək məcburiyyətində qaldığı o dönəmlərdə…
Azərbaycanlı qız uşağının üzündə ağrı, üsyan və çarəsizlik var. Qucağında olan bələkdəki qardaşı onunla bərabər erməni zorakılığından qaçarkən belə görüntülənmişdi”, – deyə kadrlardan bildirilir.
Süjet efirə verilərkən aparıcının əvvəlcə səsinin titrədiyi, sonra isə ağladığı eşidilir. Hətta kadrlar gedərkən studiyada bir müddət sakitçilik də yaranır. Sonra özünə gələn aparıcı Gəncədə çəkilən foto barədə danışmağa başlayır.
“Başından yaralanan uşaq Ermənistanın sivilləri hədəf alan hücumların son qurbanlarından biridir. İndi cavabı verilməli bir sual var: Dünya bu şiddətə daha nə qədər susacaq?”
“Haber Global”ın hazırladığı süjeti təqdim edirik: