Xoşbəxt o adamlardır ki, Allahı hər yerdə görə bilirlər…

Xoşbəxt o adamlardır ki, Allahı hər yerdə görə bilirlər…

Allahın varlığını hamı təsdiq edir, amma az adam Onu hər yerdə görə bilir. Nəfs, qəzəb, kin, paxıllıq, təkəbbür bəşər övladını elə bir vəziyyətə salır ki, yalnız çətin vaxtlarında Allah yadına düşür. Xoşbəxt o adamlardır ki, heç vaxt Allahı unutmurlar...

Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. Dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbirdin insanlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir…
Vəzifə Allahın insan taleyinə yazdığı gözəl bir fürsətdir. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən. O da taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur…
Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…
Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır. 1600 kvadrat kilometr ərazisi, 140 minə yaxın əhalisi olan Salyan kimi nəhəng bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox çətindir. Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışıbsa insanların rəğbətini qazanıb.
Adı çəkiləndə heç kim ağız büzmür, haqqında gözəl sözlər deyirlər…
Yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov beş ildir ki, Yardımlıdan gedib, amma hələ də adı gələndə ehtiramla yad edilir, ünvanına xoş sözlər söylənilir.
Bəli, biz yardımlılar Onu özümüzə doğma bilirik…
Aprelin 7-si Sevindik Hətəmovun ad günüdür, 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
Yeni yaşınız mübarək, Sevindik müəllim!
Elman Eldaroğlu
Share: