Xoşbəxt Yusifzadənin ən xoşbəxt günü…

Xoşbəxt Yusifzadənin ən xoşbəxt günü…

Dövlətimizin başçısı bununla bağlı ölkəmizin neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə söhbət zamanı dedi: “Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var – həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır. Ona görə təbrik edirəm, Xoşbəxt müəllim…”.

Bəli, bu sözlər dövlətimizin başçısının vurğuladığı kimi, Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir. Tankerə akademikin adının verilməsi həm də 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gəlir.

Digər tərəfdən, dünyada postpandemiya, geosiyasi təlatümlər, münaqişə ocaqları və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda dövlətimizin başçısının rəhbərliyi ilə respublika iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı nəticəsində Azərbaycanda gəmi istehsalı, o cümlədən, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşa olunaraq istismara verilməsi ölkəmizin qüdrətindən, tərəqqi yolunda sürətlə irəliləməsindən xəbər verir.

Ümumiyyətlə, bu cür mühüm əhəmiyyətə malik istehsalın respublikamızda təmin olunması iqtisadi gücümüzü və Azərbaycanda həyata keçirilən böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirildiyini göstərməklə bərabər, gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə əlaqədar görülən işlərin həcmini aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev mərasimdə akademik Xoşbəxt Yusifzadə ilə söhbətində də bu məqama toxunaraq, indiki sürətli iqtisadi inkişafın, eləcə də neft sənayesində tərəqqinin təməlinin  1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bununla Azərbaycan neft sənayesinin yeni dövrünün başlandığını bildirdi: “Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildi. O cümlədən, yaxşı xatırlayırsınız ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə və deyə bilərəm ki, təkidi ilə Dərin Özüllər Zavodu inşa edilmişdir. Hansı ki, o vaxt Həştərxanda planlaşdırılırdı. O, ondan xəbər tutdu, sovet hökumətinin yüksəkvəzifəli şəxslərinə müraciət etdi və sübut etdi ki, bu, Dərin Özüllər Zavodunun tikilməsi üçün ən məqbul yer Bakıdır, Azərbaycandır. Nə üçün? Çünki Xəzərin bütün neft-qaz sənayesinin mərkəzi bura idi və buna nail oldu”.

Dövlətimizin başçısının mərasimdə xatırlatdığı kimi, “Əsrin müqaviləsi” üzərində iş gedərkən, adıçəkilən müəssisənin Azərbaycanda mövcudluğu mühüm rol oynadı. Çünki o zaman bütün kontraktlarımızın icrasını məhz dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə istismara verilən bu zavodun fəaliyyəti şərtləndirdi. Əks təqdirdə,  “Əsrin müqaviləsi”nin imzalanması uzun müddət ləngiyə bilərdi. Bax, belə bir şəraitdə, yəni ölkəmizdə neft sənayesinə aid bütün infrastrukturun normal işlədiyi bir vaxtda ümummilli lider Heydər Əliyev neft strategiyasının icraçıları kimi “Əsrin müqaviləsi” üzərində işləmək üçün dövlətimizin başçısı İlham Əliyev və akademik Xoşbəxt Yusifzadəyə böyük etimad göstərdi.

Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, ölkəmizin də  gəlirləri olmayacaqdı. Şübhəsiz ki, belə halda isə indiki hər hansı bir inkişafdan, tərəqqidən də söhbət gedə bilməzdi.

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi də məhz ulu öndərin siyasətinə sadiqliyin daha bir nümunəsi kimi, yeni nəqliyyat in­frastruktur obyektlərini yaradılmasının bariz ifadəsidir. Dövlətimizin başçısının mərasimdə dediyi – “Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var”– sözləri də bu baxımdan xüsusi diqqət çəkir.

Bu məqamda, onu da deyək ki, mərasimdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara hazırlanması zamanı bütün inşaat işlərinin yerli mütəxəssislər tərəfindən həyata keçirildiyi bildirilərək, hər il bir neçə tanker, quru yük, və “Ro-Ro” gəmilərinin inşa edildiyi xatırladılıb.

Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə Finlandiya, Norveç, ABŞ, Türkiyə, İsveç kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəmi maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində reallaşdırılan genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Bakı Gəmiqayırma Zavoduna indiyədək 10 gəminin tikintisi ilə bağlı sifariş verib. Onların artıq 9-nun, o cümlədən, bir yedək, üç sərnişin, iki Ro-Pax tipli gəmi-bərənin və üç tankerin inşası başa çatdırılaraq istismara hazırlanıb.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 6 quru yük gəmisi və 3 tanker olmaqla, 9 gəmi istismar edilir. Bu gəmilərin heyət üzvləri tamamilə yerli mütəxəssislərdən ibarətdir.

Vaqif BAYRAMOV

“Xalq qəzeti”

Share: