
Xosrov Barışan Azərbaycan ədəbiyatında çox zamandır durmadan, yorulmadan çalışır və hala yenə də çalışmağa davam etməkdədır. o, 13 kitabın(şeir, hikayə, çevirmə, uşaq və böyük ədəbiyatında) yaradıcısı olaraq özəl imzasi ilə Azərbaycan ədbiyatında tanınan bir şairdir.
Quzey Azərbaycan Alim yazıçı və tənqidçisı “Zemfira Məhərrəmli” deyir: Çağdaş Təbriz ədəbi toplumda bir “Xosrov Barışan” imzasi var; fikirlərini söz bə söz, misra-misra şeirə çevirən, özunə məxsus şeir dünyasının bənzərsiz mənzrəsini yaradan estedadli qələm adamı Xosrov bəyi Bakıda da çox sevib dəyərləndirirlər. o, istər lirik şeir, istər epik poeziya numunələri yazanda da başqalarını təkrar etməyir. vətən sevgisi Xosrov Barışanın şeirlərində çox gözə çarpan süjetlərdən olubdur.
Dünya şöhrətli ədəbiyat alimi və teorisiyəni Doktor Riza Bərahəni də, Xosrov Barışanın şeirlərini oxuyarkən yazir: “Çox ləzzət apardım, çox ürəyə yatan şeirlərdir, çox gözəl təsvirli və çox dərin şeirlərdir. Xosrov Barışana təbrik deyərək gözlərindən öpürəm.”
Vaqif Yusifli, filologya elmləri doktoru və tənqidçi də belə yazır: “Xosrov Barışanı fikir və düşüncə şairi adlandırsaq da yahalmamışıq.”
AZADLIQ VƏ GÖZƏLLİK
Barışan cənabları “Azad gözəl” adlı şeirinə azadlığı və gözəlliyi bir– birinə mükəmməl tutaraq, yeni təsvirlərlə, bir paradoks yaradarq, gözəl açiqlaya bilib:
bilirəm hər şair
ən gözəl şeirini yazmadan
ölümə yaxalanıb
şair olur.
ancaq sən
azadlıq kimi gözəlsən,
gözəllik kimi azad.
ŞEİRİN TƏSVİRLƏRİ
İmgə(təsvir) hər bir şeirdə zəmin yaranmamış istifadə olunsa, köksüz bir dala oxşar ki nə qədər yaraşıqlı da olsa, solması tez olar. ancaq şair bu imgə ilə şeirin estetikasını daha da yüksəldir. və neçə qonuya da ip ucu olabilir:
çirkin qara baliğam
dənizdən bir az göy üzü yağsa
yoxluğunun qaranlığında boğulacağam.
gecənin fahişəliyidir şəhərlər
itmə, mənə bax
gecənin dalısında durma gəl! (səhifə13)
Alber Kamu (1960-1913) Fransalı yazıçı və filosofu deyir: “yalnız insan öz taleynin əleyhinə qiyam edə bilər və yalnız bu önəmli işi yerinə yetirməyə bir tək aracı vardır: o da sözcükdür və sözcük şeir aracı və bir də şeirin amacıdır. Barışan bu bir kublet şeirində həm taleyini açıqlayır, həm də şeirin amacına vararkən yeni bir baxış ortaya qoyur.
sən ağlayırsan
mən titrəyirəm.
yolumuz eyni
küllükdəki kəpənəyin öyküsüdür alın yazımız.
aşkar da olsan
gizlənəcksən
gizlin də olsam
aşkarlanacağam (s22)
“Fərqanənin ölüm ağiti” başlıqlı şeirində Fərqanəni vətən simvolu istifadə edərək, onun ölümünü vətən nisgili və nisgilin anlamını vətən bilir və vətən qədər dəyərləndirir; və şair bu nisgili şablonlaşmış kəlmələrdə yox, bəlkə yeni üslubda və yeni dildə və dil oyunlari qaydası ilə olduqca gözəl şəkildə ifadə edir .
ah…Bakı – Təbriz yolları ayrılıq doğur
həsrət sağır….
sağırdır.!
ah ey diləkdaş
hər bir dilək daş
tummuş danışa bilmir doruqlardan !
mənim Türkcəmdə nisgilin anlamı vətəndir
vətənin səslənişi ah…
ah…
ah…
ana bizə vətən gəlməyəcək!
“Fərqanə” ölmüş. (s23)
Barışan cənabları eşqin tərifində bir neçə paradoks qapsamlı cümlələrlə oxucu ilə danışır və sonunda oxucuya yalnız pərişanlıqdan başqa bir şey aid ola bilmir və bəlkə bu özü eşqin tarix boyu taleyi ola bilər. həm zamandadır, həm də görülməzdir. həm bir olaydır, həm də bilinməzdir. burada məncə eşq bir olaydır ki şeirdə simgəyə çevrilir.
eşq dediyin
zaman kimidir
görülməzdir
zaman içində an kimidir
bir olay kimidir
bilinməzdir.
eşq dediyin
zaman içində ölum kimidir
çatdi isə
qayıtmaq yox!
Şeirin başlanğıcı çox önəmlidir. Buna görə şair şeirini bir xəbəri güzarə ilə başlasa hər şeydən ilk öncə oxucusu ilə ilgi qurmayıb və onu əldən verməlidir. şeir nə qədər rəvayət “anlatı” ilə başlansa bir o qədər gözəl və çəkici ola bilər.
Barışan cənabları “büküm” başlıqlı bir şeirini xəbəri güzarə ilə başlayır. hər bir oxucu ilk sətiri oxuyarkən şeirdən ara açıb və uzağlaşmağa çox nədən tapa bilər. halbuki bu şeirin sonraki düzələrində çox gözəl və yeni şeir, təsvir və ifadəlrə rastlaşırıq:
mən şairəm…
sözə büküb dərdləri
mən
dəfn edirəm. (s36)
sonraki düzələrdə belə gətiribdir. baxın:
demək ölüb, doğulmağa
dedim şeir
Ya da
demək
bələkdən kəfənə
anlara mən
bükülüb
dedim ömür! (s36)
və başqa düzələri şeirdə bundan güclü və düşündürücüdür.
Azrapand deyir: “imgə elə bir şeydir ki fikir və duyğusal bir düyünu zamanin bircə anında göstərə bilir.”
Şair Barışan, gahdan bir rəssam olur və xəyalından keçən bir tərhi sözcüklər vasitəsi ilə eyni həyatda bir canlı tabloya çevirir. “pəncərəm” adlı bir şeirində:
göm –göy gözlrivi asdım pəncərəmə!
bir quş çəkdim
göy üzünə.
bir qanadı sən ..
bir qanadı mən.. (s40)
bu şeir uzun bir şeir olaraq, dəvam edir; ancaq məncə bu tərh özü, özlüyündə mükəmməl bir şeirdir və başqa sözə və təsvirə ehtiyac duyulmur. bu şeirin sonunda bir alıntı da vardır və məncə nazim hikmətin tanınmış şeirindən alınıbdır.
həəə sonunda
son anda
anladım
baxışmamız
aydınlığın partlaması
dünyayı uşaqlara verək, yönətsinlər.
Barışan cənablarının demək olarki çoxlu şeirlərində şeir dil və vətən dəğdəğəsi çox düzələri özünə ixtisas veribdir:
ehey Azərbaycan
ayrılıqlar vətənim…
Təbrizdə yağış yağır.
BRT” yə minsəm
hər istgahda özgə dili səslənərək
əzib üstümdən geçər mənim! (s43)
mədrəsənin ilk günü hər an
qarşılaşdığım
o, yalan vaqeyət
ögey edir mənə anamı!
getmə ana!
məni mədrəsə də tək qoyma!
evə qayıtsam düşmənin olacağam! (s46)
“Paltar” başlıqlı şeirində “Xosrov Barışan və Xosrov sülh konəndə”yə, yeni bir baxışla, dil və səs oyunları yaradaraq öz yaşamını eyni bir şəklidə nümayiş etdirir və birdə gözəl ifadə ilə şeir yazanda Barışan, ancaq səhərlər yuxudan durarkən “sülh konəndə” olur. bu şeirində demək öz ana dilində şeir yazanda adını da türk kəlməsi ilə səsləyir və daha da vurğunluğunu öz anadili (AzərbaycanTürkcəsinə) aydıncasına göstrir:
hər səhər
dik yuxudan daşlanıb
geyinirəm bu adamı
və səslənirəm :
xo, o, o, s srov…
soollhh konəndə
(Xosrov sülh kənndə )
hərdən də, birdən
bilmədən
dəli kimi
bu adamı soyunuram
və yağintida yuyunuram
şeir yağar bütün buludlarımdan!
və sslənirəm :
xo, o, os
rov
ba a ,a ,rış ş
a,a,an.
nə bilim
bəlkə də bir barama qurdudur insan?
sonra nə səslənəcəyimi
bilməyirəm
sonucda bilirəm heç nə bilmədiyimi
yenicə alzaymır tutmuş
parkinson xəstəsi kimi! (s78)
Şair Barışanın bu toplu şeirində və bundan qabaqlarda işiq üzü görən başqa kitablarında da çox gözəl və yeni – yeni təsvirlərə anlamlara rast gəlirik. Xosrov Barışandan və şeirlərindən nə qədər danışsaq da yenə azdır; niyə ki öz şəxsiyəti və davranışı da şeirləri kimi çox gözəldir.
mən buradan şairə ilk öncə sağlıq və sağlamlıq diləyirəm, şeir və ədəbiyatımız sahəsində dahada gözəl – gözəl kitablar yazıb yayınlamağini arzı edirəm.
Təbriz,
qışın birinci ayı 2024
Şair, Ədəbiyat tənqidçisi, Hüseyn Misri