Xruşşovun məxfi nitqini Qərbə ötürən casus..

Biktor Qraevski İsrailin məxfi xidmətinin əməkdaşı olub. O, SSRİ rəhbəri Nikita Xruşşovun 1956-cı ilin fevralında SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin məxfi toplantısında etdiyi çıxışın Qərb kəşfiyyatının əlinə keçməsinə nail olub..

Müstəqil.Az Teleqraf.com-a istinadla jurnalist və casus Viktor Qraevski haqqında məqaləni təqdim edir:

Viktor Qraevski 1925-ci il, 29 iyulun 29-da Polşanın Krakov şəhərində Viktor Şpilman adı ilə yəhudi ailəsində doğulub. Qraevski gənc yaşlarında, II Dünya müharibəsi başlayan zaman SSRİ-yə qaçıb. 1946-cı ildə yenidən Polşaya qayıdıb və soyadını polyak dilinə uyğunlaşdırmaq məqsədilə “Viktor Qraevski” olub.

Onun ailəsi 1949-cu ildə Polşadan İsrailə köçüb, amma Qraevski təhsil almaq niyyətində olduğundan Polşada qalmağa üstünlük verib. Varşavada Siyasi Elmlər Akademiyasının jurnalistika fakultəsini bitirib. Daha sonra kommunistlərin rəhbərlik etdiyi Polşada Mətbuat Agentliyində (PAP) işə başlayıb.

1955-ci ilin dekabrında İsrailə səfər edərək qohumları ilə görüşüb. Məhz bu səfər zamanı jurnalist İsrail dövləti ilə həmrəylik hiss etməyə başlayır və kommunist inancından faktiki imtina edir. Eyni zamanda rəsmi olaraq İsrailə qayıtmaq və ya qaçmaq istəmədiyi səbəbindən Polşaya geri dönür. Burada PAP-da işləməyə davam edən jurnalist qısa müddət ərzində Polşa Kommunist Partiyası Mərkzi Komitəsinin birinci katibinin (1964-1968-ci illərdə ölkə prezidenti olan Edvard Oçablaya) köməkçisi, polşalı yəhudi xanım Luiza Baranovska ilə dostluq edir.

1956-cı ilin fevralında Moskvada Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı keçirilir. Partiyanın birinci katibi və SSRİ lideri Nikita Xruşşov həmin toplantıda Stalinin cinayətlərini pisləyən nitq söyləyir. Qərara alınır ki, bu nitq qorunub gizli saxlanılsın, amma nitqin ayrı-ayrı hissələri bütün dünyaya yayılır.

Qərb ölkələrinin kəşfiyyatının qarşısına Xruşşovun tam nitqinin sürətini əldə etmək tapşırığı qoyulur. Dünyadakı bütün xüsusi xidmət orqanları İsrail kəşfiyyatının, MOSSAD isə Viktor Qraevskinin vasitəsilə bu nitqi əldə edə bilir. Beləcə, gənc İsrail dövlətinin kəşfiyyat xidməti dünyada “bomba” partlatmaqla həm də özünü tanıdır.

Jurnalist Polşa Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin şəxsi köməkçisi sayəsində SSRİ-dən daxil olan məxfi məlumat və direktivlərlə tanış olmağa, onların surətini və fotosunu çəkməyə başlayır. Hansı ki, bu sənədlər İsrailə təqdim edilirdi.

Ancaq bir müddət sonra Qraevski təhlükə hiss etməyə başlayır. Buna baxmayaraq, o, Luiza vasitəsilə bir sıra sənədlərin fotosurətini əldə edə bilir və dərhal Varşavadakı İsrail səfirliyinə yollanır. Həmin zaman Polşa rəsmilərinin gözündə İsrail səfirliyi kapitalist dünyasının bir hissəsi hesab olunurdu, bu səbəbdən də bina daim Polşa məxfi xidməti və polisinin nəzarətində olurdu. Buna baxmayaraq, jurnalist əldə etdiyi sənədləri gizli formada səfirliyə təqdim edə bilir. Qəribəsi odur ki, Qraevski heç vaxt İsrailin rəsmi agenti və ya “verbovka” edilən çekist olmayıb. Sadəcə, İsrail dövlətinə dəstək məqsədilə bu işləri həyata keçirib.

1957-ci ildə İsrail kəşfiyyatı Qraevskiyə təhlükə hiss etdiyindən onun dərhal İsrailə gəlməsi göstərişini verir. Jurnalist göstərişə əməl edir. 1957-ci ildə İsrailə mühacirət edir. Ona dərhal Xarici İşlər Nazirliyində Şərqi Avropa Departamentində iş təklif edilir. Eyni zamanda “İsrailin səsi” radiosunda polyak dilində veriliş açılır və Qraevski burada redaktor olur. 1958-ci ildə isə rus dilində yayımlanan proqramın redaktoru vəzifəsinə gətirlir. Uzun illər İsrailin yayım qurumunda çalışır, daha sonra təqaüdə çıxana qədər dinləyicilərin şikayət şöbəsinə rəhbərlik edir.

İsrailə köçdükdən sonra SSRİ KQB-si onunla əlaqəyə girərək, Qraevskinin İsraildə onun agenti kimi fəaliyyət göstərməsini təklif edir. Qraevski bu barədə dərhal İsrail xüsusi xidmət orqanlarına xəbər verir. İkili agentə çevrilən jurnalist ifşa olunmaması üçün etibarlı informasiyaları KQB-yə ötürməyə başlayır, hansı ki, bu məlumatların İsrail üçün o qədər də əhəmiyyəti olmur. Bəzən isə İsrail xüsusi xidmətinin uydurma məlumatlarını da Moskvaya təqdim edir. Burada rusdilli yayım verilişinin direktoru və rus dilini sərbəst bilməsi ona KQB ilə münasibətlərinə köməklik edir. Qraevski fəaliyyətini 15 il davam etdirir. Bir müddətdən sonra ona Moskvaya səfər etmək və SSRİ-nin maraqlarını müdafiə etdiyinə görə “Lenin” ordenini almaq təklif olunur. Amma təcrübəli jurnalist Moskvaya getmir.

2007-ci ilin 28 sentyabrında, ölümündən 3 həftə əvvəl isə İsrail Təhlükəsizlik Xidmətinin (Şabak) direktoru Yuval Diskindən dövlət təhlükəsizliyi üçün verdiyi töhfələrə görə medal alır.

Müstəqil.Az

Share: