XV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında Azərbaycanı şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu təmsil edəcək.
Festivalda Bolqarıstandan Katya Belçeva və Aziz Nazmi Şakir, Moldovadan Nikolae Spetaru, Gürcüstandan Dato Maqradze, Yunanıstandan Sofiya Dionisopulou, Serbiyadan Nenad Saponja, Makedoniyadan Dejan Trakoski, Böyük Britaniyadan Ella Frears, Şimali Kipr Türk Respublikasından Sənəm Göyəl, Oktay Taftalı, Çiydəm Sezər, Erol Tufan, Rizvan Tulum, əlbəttə ki Türkiyədən bir xeyli şairlər təmsil edəcəklər.
Bizə eksklüziv açıqlamasında Səlim Babullaoğlu bildirib ki, festivalda ikinci dəfə iştirak edir və bu ilki festivalın maraqlı proqramı var: “ İstanbul Şeir və Ədəbiyyat Festivalı” Avropada bilinən festivaldır. Adından bəlli olduğu kimi 15-ci dəfə keçirilir.
Oktyabrın 1-də açılış mərasimi keçiriləcək. İstanbulun çox maraqlı qapalı və açıq mədəniyyət məkanlarında, o cümlədən Rami kitabxanasında şeir oxuları, söhbətlər, gəzintilər, tematik müzakirələr nəzərdə tutulub.
Mən festivalın rəhbəri, tanınmış türk şairi, dostum Adnan Özərə və onun bütün komandasına dəvət və təşkilati işlər üçün təşəkkür edirəm, festivalın işinə uğurlar arzu edirəm…”
Müstəqil.Az