30 iyun 2022-ci il tarixində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə müəllifi olduqları ”XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər.
”XXI əsrin Qarabağnaməsi” adlı kitabda otuz ildən artıq müddətdə davam etmiş Qarabağ münaqişəsi, yaddaşlardan tarixə köçən gerçəkliklər, ictimai-siyasi və tarixi hadisələr, torpaqlarımızı azad etmək üçün həyata keçirdiyimiz qısamüddətli labüd hərbi əməliyyatlar: Aprel və Tovuz döyüşlərinin əfsanəvi qəhrəmanları, Vətən müharibəsinin başlanma səbəbləri, gedişatı və nəticəsi, xalq və milli birliyimiz, müzəffər ordumuzun qələbəsi, qəhrəman şəhidlərimiz haqqında qiymətli yazılar, fikir və düşüncələr qələmə alınmış, şeirlər, faktlar və materiallar toplanmışdır. Çıxış edən natiqlər qeyrətli Vətən oğullarımızın qəhrəmanlıq salnaməsindən, tariximizin, ədəbiyyatımızın geniş mövzusu olan Qarabağ müharibəsindən, yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə ərsəyə gətirdikləri ”XXI əsrin Qarabağnaməsi” kitabının bu mövzudakı əhəmiyyətindən danışıblar.
Millət vəkili Sabir Rüstəmxanlı öz çıxışında adı çəkilən əsərin meydana gəlməsində iki dəyərli ziyalının güc birliyindən danışıb, onların düşüncə və fikirlərinin, zəhmət və əməyinin nəticəsində yaranan ”XXI əsrin Qarabağnaməsi” kitabına görə müəllifləri və rayon ictimaiyyətini Azərbaycan xalqınınQarabağ uğrunda dönməz mübarizəsini və qəhrəmanlıq salnaməsini əbədiləşdirən yeni bir kitabın nəşrinə görə təbrik edib. Millət vəkili Sabir Rüstəmxanlı bildirmişdir ki, özü də bu mövzuda kitab yazmaq arzusunda olmuş, lakin buna zamanı olmayacağını nəzərə aldığından çap əsərinin ərsəyə gəlməsinə xeyir-duasını vermiş, öz kömək və dəstəyini əsirgəməmişdir. Millət vəkili həm də vətənpərvər və vətəndaşlıq mövzusuna da toxunmuş, hər bir vətəndaşın vətənini vətorpağını qarşılıqsız sevməyini vurğulamışdır. O, ən həssas təbəqə olan şəhid ailələri və qazilərimizə üzünü tutaraq möhkəm və səbrli olmağı, qarışıqlıq salanlara məhəl qoymamağı tövsiyə etmiş, xüsusi olaraq bildirmişdir ki, partiya və təşkilatlarımız vətənimiz və dövlətçiliyimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin yaxınları və əzizlərinə, qəhrəman qazi və veteranlarımıza qayğı və dəstəyini əsirgəmir, hər zaman diqqətində saxlayır.
Millət vəkili dini qurumlar və dindarlara da münasibətini bildirmiş, xarici təsir və meyllərə məhəl qoymamağı, əksinə onların dövlət orqanları ilə bərabər ictimaiyyət tərəfindən də budaqlanmasının qarşısının alınmasına çağırış etmişdir. Çıxışın sonunda Sabir Rüstəmxanlı bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, şəhid analarının əllərindən öpdüyünü və hərb meydanında hünər göstərmiş qazilərimizə isə öz hörmət və ehtiramlarını bildirmişdir.
Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun qəhrəman övladlarından və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməyə xidmət edən ”XXI əsrin Qarabağnaməsi” kitabının əhəmiyyətindən danışıb, sonda müəlliflərə gələcək yaradıcılıqlarında uğurlar arzu edib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, kitabın həmmüəlliflərinə, tədbirin təkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər.