Müstəqil.Az bu gün 65 yaşın müdrikliyini yaşayan şair Sədi Yaradanqulunu təbrik edərək şeirlərini təqdim edir:
…Bu da 65….- bu da yaş günüm,
İllər ötüb getdi, məndən xəbərsiz…
Qoparıb əlimdən şux gəncliyimi,
Haraya apardı, məndən xəbərsiz!…
GETDİ…
Məndən kənar gəzmə, ay ömrüm-günüm!
Ömrümün tağları söküldü, getdi.
Mənim də gəncliyim, ay ömrüm-günüm!
Qonaq tək üzümə o, güldü, getdi.
Bənzəyir qırova, qara, saçlarım,
Hicran öz əliylə, darar saçlarım,
Möhnətə dözməyən qara saçlarım,
Ağardıqca bir-bir töküldü, getdi.
Bu fane dünyadan kimsə yox razı,
Çoxunun gözündə qalir murazı,
Dünya nemətinə mən də tamarzı,
Ağzımda dişlərim söküldü getdi.
Bir kəs inciməsin mənim sözümdən,
Razı qalammıram, özüm-özümdən,
Dünyanın işığı, nuru gözümdən,
Ağ dumanlar təki çəkildi, getdi.
Sədiyəm, gənclikdən yox mən də əsər,
Canımda çovğunlar, hey yellər əsər,
Ağrılar qılınc tək belimi kəsər,
Heyf!.. Şux qamətim, büküldü, getdi.
ÇOXLARI SÖZÜNÜ, VƏDİNİ DANDI
Gündə pillə-pillə ucalanları,
Bir anın içində alçalan gördüm.
Ucalan kəsləri alqışlayanı,
O yıxılan zaman, əl çalan gördüm.
Məhəttəl qalmışam özüm-özümə,
Nə qədər insanda olarmış xislət,
Neçə cür xəsiyyət, necə cür sifət!?
Mən görüb onları qalmışam heyrət.
İlahi, nə qədər yalan olarmış?
Bir vədin içində min yalan varmış.
Nə qədər dağıntı, talan olarmış?
Nə qədər yurd-yuva viran qalarmış…
Çoxları sözünü, vədini dandı,
Gördüm çoxu rüşvət, “şapka” alandı,
Nəfsinin üstündə çoxları yandı.
Yananın yerində külü qalandı…
– Külü yel sovurub aparar gedər,
Yerində nişanı, izi də qalmaz.
Qanqal tək kökündən qoparar gedər,
Yerində zərrəcə tozu da qalmaz.
NƏDƏN BELƏ OLUR…
Nədən belə olur, görəsən Allah!?
Birini ürəkdən biz sevən zaman,
Başqa birisinə könül açırıq.
Yad gəlib bizlərə doğmalaşdıqca,
Biz də doğmalardan uzaq qaçırıq…
Nədən belə olur, görəsən Allah!?
Yıxılanı tutub can yandırsaq da
Ayağa duran tək yağıya dönür.
Günümüzü qara o elədikcə,
Yeyib içdiyimiz ağıya dönür…
Nədən belə olur, görəsən Allah!
Mərdlərə bu aləm olubdur zindan?
Anlaya bilmirik, bəs onda nədən
Satqın namərdlərə, olubdur meydan?
Bu necə zamana, necə dövrandı…
Haqq yoluyla gedən düzlərdə qalır.
Nədən belə olur, görəsən Allah!?
Çox zaman görürük arzu-diləklər
Elə murazlar dək gözlərdə qalır…
Nədən belə olur, görəsən Allah!?
Verdiyim suala cavab tapmıram.
Fikirlər içində sübhə kimi mən,
Yerimdə qovrulub dinclik tapmıram…
Haqsız zamanədə gördüklərimdən,
Heyrətə gəlmişəm, əlim üzümdə.
Belə zamanada, belə dövrdə,
Yaşamaq eşqi də sönür gözümdə.